access_time Dərc olunub: 18:55
Nərimanovda “Art fashion - 2017” moda festivalı

 “Odlar Yurdu” Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Odlar Yurdu” Universitetinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr edilmiş Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında “Art fashion - 2017” moda festivalı keçirilib.
 


“Art fashion - 2017” moda festivalının keçirilməsində məqsəd “2 fevral – Azərbaycan Gəncləri Günü”nü geniş şəkildə qeyd etmək, gənclərin mənəvi inkişafını təmin etmək, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etmək və asudə vaxtlarının səmərəli təşkil etməkdir.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, Universitetin müəllim heyəti və fəal gənclər iştirak etmişdir.

Moda festivalının açılış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev gəncləri “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbrik etdilər, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral - Gənclər gününün tarixindən danışdılar. Natiqlər, gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasətin Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, çox saylı dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramlarının təsdiq edilməsi ölkəmizin gənclərimizə verdiyi yüksək dəyər və qayğısı olduğunu bildiriblər. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərimizlə bağlı həyata keçirilən çox saylı tədbirlər haqqında danışaraq, çoxsaylı istedadlı gənclərin xarici ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil 

almaları, gənclərimizin idmanın müxtəlif növlərində uğur qazanmaları ölkəmizin gənclərimizlə bağlı həyata keçirdiyi uğurlu siyasətinin bir hissəsi olduğunu qeyd ediblər.

Sonra Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iki nominasiya üzrə geyimlərini nümayiş etdirdilər və münsiflər tərəfindən qiymətləndirildilər. Qiymətləndirilmənin nəticəsinə əsasən qızlar və oğlanlar arasında qaliblər seçildi.

Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif olunublar.

Qeyd edək ki, festivalda Azərbaycan Kooperasiya Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Bakı Biznes və Kooperasiya Kollecin tələbələri iştirak edib. 

Sonda “Art fashion - 2017” moda festivalı “Odlar Yurdu” Universitetinin tələbələri tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.


Şərhlər