access_time Dərc olunub: 14:41
Meyxanaçı Samirə: ”Vüqarı deməsəydim, qızlar məni təkləyəcəkdi”

Meyxanaçı Samirə Yusifqızı "Maşın" şounu tərk etməsindən danışıb.

Musavat.com saytnın suallarına cavab verən meyxanaçı oyundan sonra istirahət etdiyini deyib:“Dincəlirəm. Şouda çox yoruldum.  İki-üç gün istirahət edəcəyəm. Sonra yeni işlərimə başlayacağam”.  

 - Oğlunuz verilişə zəng edərək hədəf kimi seçdiyiniz Vüqar Əbdülovu yarışmadan kənarlaşdırmamanızı istədi. Buna bəzi iştirakçılar etiraz etdi. Siz də reklam arasında "Səsverməni Murad Dadaşov tənzimləyir" iddiası ilə çıxış etdiniz. M.Dadaşov isə səsləndirdiyiniz iddianın əsassız olduğunu dedi. Həqiqətən, səsvermənin oyun olduğunu düşünürsünüz?

- Əlbəttə, yox. O söz istəmədən ağzımdan çıxdı. Qızlar üzərimə çox gəldi, mən də canımı qurtarmaq üçün dedim. Orada səsverməni Dadaşovun tənzimlədiyini düşünmürəm. Stressə düşdüm, şok vəziyyətində idim.

- Sizin iddianız efirə verilən zaman pərt olduğunuz üzünüzdən görünürdü. Bu dialoqun efirə veriləcəyini düşünmürdünüz?

- Pərt və pis oldum. İstəməyərək dediyim sözün efirə verilməyi mənə təsir etdi. Mən sadəcə canımı qurtarmaq üçün o sözləri demişdim. Gərək deməyəydim, səhv etdim.

- Şouya qatılmağınıza peşmansınız?

- Peşman deyiləm. Yarışdır, axırda bir nəfər qalacaq.

-  Nəticələr açıqlanan zaman meyxanaçı Vüqarı uzaqlaşdırmayacağınızı, şouda qalsaydınız, Arif Quliyevi yarışmadan göndərəcəyinizi dediniz.

- Mən əvvəldən Vüqara demişdinm ki, səni çıxarmayacağam.

- Bəs niyə onun adını verdiniz? Bəlkə də, bu səs toplamağınıza mane oldu.

- Onun adını verməsəydim, qızlarla üz-üzə qalacaqdım. Onlar mənə qarşı səs istəyəcəkdilər.

- Belə başa düşdüm ki, qızların məcburiyyəti ilə Vüqarın adını dediyinizi dediniz. Bəs niyə Arif Quliyev?

- Qarşımda dayanmışdı, ağzımdan çıxdı. Oyundan getmək istəyirdi. Ötən gün də halı pisləşib, oyundan uzaqlaşıb. Ona Allahdan şəfa diləyirəm.

- Oyundan qalsaydınız, kimi uzaqlaşdıracaqdınız?

- Bilmirəm. O nə Arif Quliyev, nə də Vüqar olacaqdı.

- Mənə elə gəldi ki, siz Mehriban Xanlarovanı çıxaracaqsınız.

- Onu da çıxarmayacaqdım. O yaxşı və maraqlı oyunçudur. Onu uzaqlaşdırmayacaqdım.

- Reper Rauf Əhmədov bildirdi ki, hamı sizin mərd olduğunuzu deyirlər. Ona görə səs toplasanız, özünüz getməlisiniz. Onun bu cür çıxış etməsinə səbəb idi?

-  Rauf bilirdi ki, mən Vüqarı çıxarmayacağam. Amma son ana kimi gördü ki, Vüqarın adını deyirəm. Ona görə o cür reaksiya verdi. Onu başa düşürəm.

-  O zaman xanım iştirakçılar bildirdilər ki, reperin özündən yaşca böyük birinə dediyi sözlər hörmətsizlikdir. Onlarla razısınız?

- Onun hörmətsizlik etdiyini düşünmürəm. Orada güclülər zəifləri vurur. Mən sadəlövhəm, düzgün adamam. Maska taxa bilmirəm, oyuna maskasız getmişdim. Onlar bilirdilər ki, mənim səslərim güclüdür. Əminəm ki, kifayət qədər səs toplamışdım. Fiziki gücüm də, axıra kimi dayanmağa çatırdı. Ona görə məni uzaqlaşdırdılar.

- Deyirsiz ki, çox səs topladığınızdan əminsiniz. M. Dadaşov da dedi ki, istəsəniz, səslərin kağızını sizə təqdim edə bilər. Bəs necə oldu ki, qalsına 12 fazi səs toplandı? Səslərin kağızını istəyərsiniz?

- Heç nəyi  aydınlaşdırmaq istəmirəm. Elə boş-boş işlərə vaxtım yoxdur. Oyundur, biri gedər, biri qalar. Heç kimdən narazılığım yoxdur.

-  Dəstəklədiyiniz iştirakçı var?

- Orada çoxuna dəstək oldum. Amma həmin insanlar mənə səs istəmədi. İlqar Mikayıloğluna dəstəyəm. İnşallah, axıra kimi qalar. Qızlardan Vüsalə Əlizadəyə dəstəyəm. İstəyərəm ki, maşını aparsın. Rauf, Xose də yaxşı insanlardır.

Könül,
Musavat.com

Şərhlər