Cavanşir Feyziyevin mandatı ləğv oluna bilər? – AÇIQLAMAbackend

Cavanşir Feyziyevin mandatı ləğv oluna bilər? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Cavanşir Feyziyevin deputat mandatının ləğv olunub-olunmayacağı ilə bağlı müzakirələr gündəmdən düşmür.

Bir neçə gün əvvəl Böyük Britaniyada Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin 15 milyon funt-sterlinq (20,5 milyon dollar – 35 milyon AZN) yatırılan hesablarının nəzarətə götürüldüyü barədə yayılan xəbərlər cəmiyyətdə ciddi rezonans doğurub və gündəm olub.

Deputatla bağlı yaranan əsas sual isə deputatlıq mandatının taleyinin necə olacağı barədədir. Çünki daha əvvəllər maliyyə qalmaqallarında, əyri işlərdə adı keçən deputatlar ya həbs edilib, ya da digər formada cəzalandırılıb. Cavanşir Feyziyev ilə bağlı isə hansı qərarın veriləcəyi müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, bizneslə məşğul olan deputatların mandatı ləğv oluna bilər? Cavanşir Feyziyev ilə bağlı bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilər?

Sabiq deputat Nazim Bəydəmirli Cebhe.info-ya açıqlamasında bildirib ki, millət vəkilinin kommersiya fəaliyyəti ilə məşğul olması qanunvericikdə qadağandır:

“İlk olaraq onu qeyd edim ki, “Deputatın status haqqında” qanuna görə deputat yaradıcılıq və pedaqoji fəaliyyətdən başqa işlərlə məşğul ola bilməz. Eyni zamanda, Milli Məclisə üzv seçilmiş şəxs Konstitusiya Məhkəməsi seçkiləri təsdiq etdikdən sonra bir həftədən gec olmamaq şərti ilə hər hansısa kommersiya fəaliyyətindən imtina etməli və vəzifəsindən çıxmaq haqqında əmrin surətini təqdim etməlidir.

Təbii ki, heç bir deputat biznes fəaliyyəti ilə məşğul ola bilməz. O, biznesi ilə əlaqəsini dayandırmalıdır və bunun bir neçə yolu var. Yəni, onun biznesin fəaliyyətinə birbaşa nəzarət etmək hüququ olmur. Lakin insandan təsisçilik hüququnu heç kim ala bilməz. Həmçinin, millət vəkili heç bir dövlət qurumunda və şirkətdə vəzifə daşıya və oradan maaş ala bilməz. Ümumiyyətlə, millət vəkili heç bir yerdə idarəçiliklə məşğul ola bilməz”.

Sabiq deputat qeyd edib ki, Cavanşir Feyziyevin bu prosedurlara əməl edib-etmədiyi dəqiq bilmirəm:

“Lakin hazırda Milli Məclisin ən azı 30-40 deputat Konstitusiyaya zidd olaraq digər fəaliyyət növləri ilə məşğuldurlar.
Ona görə də Cavanşir Feyziyevin üzərinə gedilməsinin tərafdarı deyiləm, çünki millət vəkillərinin əksəriyyət bu işlə məşğuldur. Onlar paralel vəzifələr daşıyaraq, biznesdə özləri idarəçiliklə məşğuldurlar. Hətta müxtəlif yerlərdə kafedra müdiri olanlar da var. İndiyədək müxtəlif zamanlarda rektorlar, prorektorlar və kafedra müdirləri də deputat olub. Baxmayaraq ki, bütün bunlar qanunla qadağan edilib.

Bəzən Milli Məclis özü bu anlayışı qarışdırır. Pedaqoji fəaliyyət dedikdə müəllimlik və professorluq nəzərdə tutulur. Deputatlar inzibati vəzifə olmamaq şərti ilə dərs deyə və yaradıcılıqla məşğul ola bilərlər. Yəni, onların vəzifə daşıması qanunsuzdur.
Düşünürəm ki, Cavanşir Feyziyev və ya qaydaları pozan digər millət vəkilləri ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarıla və deputat mandatı ləğv oluna bilər. Bu müddəaları pozan şəxslər intizama cəlb edilməli və deputat mandatları ləğv olunmalıdır”.

Hüquqşünas Əsabəli Mustafeyev isə qeyd edib ki, qanun deputatların bizneslə məşğul olmasını qadağan edib:

“Millət vəkilləri sadəcə elmi pedaqoji fəaliyyət ilə məşğul ola bilər. Ona görə də Cavanşir Feyziyevin etdiyi qanun pozuntusudur.
Onun məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılaraq, qiymət verilməlidir. Əgər onun qanun pozuntusuna yol verdiyi həqiqətən təsdiq olunarsa, mandatına xitam verilməlidir.

Ümumiyyətlə, deputatların böyük əksəriyyəti biznes fəaliyyətilə məşğul olaraq pul qazanırlar. Hətta onlar ona görə deputat olmağa gedirlər ki, bu imkanlardan istifadə edərək özlərinə biznes qursunlar. Əvvəllər də müxtəlif deputatlar haqqında biznesləri olduğuna dair xəbərlər çıxırdı. Üstəlik, bu xəbərlər çox geniş yayıldığı üçün heç kimə sirr deyil. Bunlara baxmayaraq, indiyədək onlara qarşı ciddi tədbirlər görülmür.

Cavanşir Feyziyevin məsələsinə də, hüquqi qiymət veriləcəyi inandırıcı görünmür. Qanunu pozduğu üçün onun deputat səlahiyyətinə xitam verilməlidir. Lakin Milli Məclisdə bu məsələyə necə yanaşasaqlar, onu zaman göstərəcək”.