Tribuna İnformasiya Agentliyi

“Çarəsiz durumdayıq” – “Tac Mahal” MTK-nin sakinləri etiraz edir

09 Oktyabr

Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Tac Mahal” MTK-nın 3007-ci məhəlləsinin sakinləri tərəfindən şikayət məktubu daxil olub.

TİA.AZ xəbər verir ki, həmin şikayət məktubu əsasına milletinsesi.info saytının video çəkiliş qrupu bina sakinləri ilə görüşüb, oradakı real vəziyyətlə bağlı sakinlərin öz sözləri ilə dinlədik.

Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Tac Mahal” MTK-nın 3007-ci məhəlləsinin sakinləri bildirib ki, mənzillərinin çıxarışları olmadığı üçün yaşadıqları ünvanda qeydiyyatda deyillər.

Bina sakini Ağalar Cavadov söyləyib ki, sakinlər qohumlarının evində qeydiyyatdadır: “Evlərimizdə qeydiyyatımız yoxdur deyə, heç bir seçkilərdə iştirak edə bilmirik. “Tac Mahal” MTK-nın rəhbərliyinə də müraciət etmişik, lakin bizə hələ ki, “imkanımız yoxdur”, “yaxın günlərdə çıxarış veriləcək” deyirlər. Bundan başqa, evə gələn su da pis gündədir. Suyun tərkibində qum da gəlir. Bu bina 10 ildən çoxdur tikilib. Binamızın su hovuzu var, lakin illərdir içərisi təmizlənmir. Hovuzun içərisi mamır bağlayıb, həşaratlarla doludur. Su içdiyimiz hovuz kanalizasiya quyusuna oxşayır. Neçə dəfələrlə binanın komendantına bu barədə demişik, amma sözümüzü eşidən yoxdur. Aylardır binamızın zibilləri təmizlənmir”.

Sakinin sözlərinə görə, binada 297 mənzil var, “Tac Mahal” MTK-nın rəhbərliyi isə heç bir evin sahibinə çıxarış verməyib: “Hətta rəhbərlik qeyri-qanuni sahibkarlıqla məşğuldur. Bina sakinlərinin maşınları üçün ayrılmış dayanacaqdan digər avtomobillər istifadə edir. Binanın qarajı da bərbad gündədir. Niyə kimsə, bina sakini olmayan şəxs bizim avtomobil dayanacağımızda maşın saxlamalıdır? Biz öz maşınımıza yer tapa bilmirik. Digər maşınları dayanacağımızda saxlamağa icazə verib, yeri pulla satırlar”.

Sakinlər bildirib ki, hər bir mənzilin kvadrat metrinə görə, komendanta ayda 30 qəpikdən pul ödəyirlər. Onların sözlərinə görə, binanın liftlərində də problemlər mövcuddur: “Hər blokda iki lift var. Amma biz bu liftlərdən yalnız birindən istifadə edə bilirik. Çünki digər lifti bağlayıblar, sakinlərdən kimsə yuxarı evinə yük qaldırsa pul alırlar. Liftlərdə hər dəqiqə təhlükə var. Hətta ötən il qırıldı, toy günü bəylə gəlin liftdə qalmışdı. Liftlər texniki baxışdan keçirilməlidir”.

Sakin Əkbərov Asif vurğulayıb ki, binada olan problemlərə görə hər kəs bezib: “Körpə uşağım var. Bizi intihar dərəcəsinə çatdırıblar. Liftə giriş üçün kart sistemi quraşdırılıb. Burada insan hüquqları pozulub. Evimizə qonaq gələndə, gərək biz aşağı düşüb onu yuxarı çıxardaq”.

Sakinlər qeyd edib ki, binanın qarşısında natəmizlik də yaranıb: “Kim istəyir binanın həyətinə girir. Burada heç mühafizəçi də yoxdur. Ona görə də binada yaşamayan sakinlər rahat şəkildə həyətimizə daxil ola bilir”.

Sakinlər isə çıxarışın verilməsi ilə bağlı MTK rəhbərliyinə müraciət etdiklərini, lakin rədd cavabı aldıqlarını söyləyiblər.

Şikayətçilərdən biri də həmin binanın sakini, Etibar Şəkinskidir. O da evinin çıxarışının olmadığını, mənzilə gələn suyun çirkli olduğunu və liftin texniki cəhətdən problemli olduğunu bildirib: “Lift hazırda qəza vəziyyətindədir. Ötən gün ailə üzvlərim liftdə qalıb, çünki lift işləmir. Niyə biz qəza vəziyyətində olan liftdən istifadə etməliyik? Hətta bu binadakı problemlərə görə, evimə qonaq çağırmağa utanıram. Mənzilin çıxarışını alsaydım, satıb buradan canımı qurtarardım”.

Yaşayış binasının komendantı Xeyrulla Quliyev isə bildirib ki, bir neçə sakin neçə aylardır kommunal xidmət haqqını ödəmir: “Mən fiziki şəxsəm və vergi ödəyicisiyəm. Cibimdən pul qoyub ödəyəsi deyiləm ki! Əgər onlar kommunal xidmət haqqını ödəmirlərsə, niyə su hovuzunu təmizlətdirməliyəm? Sudan içirlər, liftdən istifadə edirlər, buna görə də xərcləri ödəməlidirlər axı! Sakinlərlə MTK arasında bağlanmış müqaviləyə əsasən, bina təmirə başlandığı gündən etibarən mənzil sahibləri kommunal xidmət haqqını ödəməlidir. Mənzillərin çıxarışları isə bu il onlara veriləcək. Axı heç bir sakin MTK-nın rəhbərliyinə çıxarışla bağlı müraciət etməyib!”.

Onu da qeyd edək ki, bina sakinləri problemlərinin həll olunması üçün Prezident cənab İlham Əliyevə müraciət ediblər.