Tribuna İnformasiya Agentliyi

Cəbhədən YENİ XƏBƏR

05 Oktyabr

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.