Tribuna İnformasiya Agentliyi

Bulvardakı attraksionlar: təhlükəsizlik necə qorunur?

13 İyul

Adrenalin izində olan xeyli sayda insan kənardan təhlükəli görünən, havada yüksək sürətlə manevr edən bu attraksionlardan istifadə edirlər və…

Qubada yerləşən “Quba Palace Hotel”ə (Əvvəlki adı “Quba Rixos”) məxsus olan kanat qırıldı. Hadisə nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu öldü.

Bundan başqa, Quba sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildi. Rəsmi məlumatda bildirildi ki,  Rusiya Federasiyasının “SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb və hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Yay aylarında Bakıda insanların üz tutduğu əsas yerlərdən biri də bulvar ərazisidir. Hansı ki, burada da bir neçə metr hündürlükdə hərəkət edən, müxtəlif növ attraksionlar var. Bəs bu attraksionların təhlükəsizliyinə kimlər nəzarət edir?

Musavat.com-un əməkdaşı olaraq Bakı bulvarı ərazisində ilk olaraq sakinlərlə söhbət etdik. Müşahidə etdik ki, adrenalin izində olan xeyli sayda insan kənardan təhlükəli görünən, havada yüksək sürətlə manevr edən bu attraksionlardan istifadə edir. Attraksionların qiyməti 3 dəqiqə üçün 2 manat və daha yüksəkdir. Sakinlərin sözlərinə görə isə təhlükəsizlik tədbirləri nəzərə alınıb. Daha çox gənclərin və uşaqların mindiyi havada hərəkət edən attraksionlarda qoruyucu kəmərlərin olduğunu müşahidə etdik. Kənardan onu da sezdik ki, attraksionlardan düşən sakinlərin başları  gicəllənir, hallarından şikayətlənirlər. Attraksion hərəkətdə olduğu zaman isə həyəcandan qışqırırlar. Söylədilər ki, bütün bunlara baxmayaraq, attraksionlardan istifadə edərək, stress atırlar: “Bilirik ki, bu attraksionlardan istifadə etdikdən sonra ürəyimiz bulanacaq, özümüzü yaxşı hiss etməyəcəyik. Hətta elə fırlanır ki, cibimizdə olan qəpiklər də tökülür. Lakin buna baxmayaraq, stress atırıq”, – deyə attraksionlardan istifadə edən gənclər bildirdilər.

Nazim Məcidov ile ilgili görsel sonucu

Musavat.com-a danışan Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirdi ki, təhlükəsizlik olmasa, heç bir istirahətdən söhbət gedə bilməz: “Bulvar İdarəsinin hər zaman ən prioritet məsələsi attraksion və karusellərin təhlükəsizliyidir. Buna idarə tərəfindən 3-lü nəzarət var. Birincisi, Bulvar İdarəsinin tabeçiliyində Milli Park müəssisəsi deyilən bir MMC var. Həmin müəssisənin bir mühəndisi hər gün bu attraksion və karusellərə nəzarət edib, qeydiyyat aparır. İkincisi, hər bir attraksion və karuseli işlədən bir insan var ki, o da səhərdən axşama qədər onların işləməsinə nəzarət edir. Bu adam sahibkar da ola bilər, müəssisənin işçisi də. Bu şəxs hər gün attraksionu işlətmədən öncə təhlükəsizliyini yoxlayır. Üçüncüsü, Fövqəladə Hallar Nazirliyinin xüsusi qurumu var ki, o, il ərzində 4 dəfə yoxlama aparır və bunu aktlaşdırır. Lakin ehtiyac olduğu zaman, attraksionu işlədən şəxs nədənsə şübhələnərsə, dərhal rəhbərliyə məlumat verir və biz FHN-in əməkdaşlarını çağırırıq. Hazırda buna ehtiyac olmur. Çünki bizim attraksionların hamısı Avropanın inkişaf etmiş ölkələrində istifadə olunan attraksion və karusellərdir. Deyim ki, Quba və digər yerlərlə bulvarı müqayisə etmək olmaz. Bakı Bulvarı insanların ən çox gəlib, istirahət etdiyi yerdir. Bura insan axını daha çoxdur. İdarə də bu məsuliyyəti dərk edir və bilir ki, əgər hansısa xoşagəlməz hadisə baş verərsə, biz, 3-5 adamın yox, bütün Azərbaycan xalqının qarşısında cavab verməli olacağıq. Ona görə də əmin ola bilərsiz ki, maksimum çalışırıq attraksion və karusellər işlək halda olsun”.

Məcidov bildirir ki, bəzən insanlar onlara şikayət edirlər ki, nə üçün hansısa attraksion fəaliyyət göstərmir:

“Biz etiraf edirik ki, karuseldə nasazlıq gördüyümüz üçün fəaliyyətini dayandırıb, təmir işləri aparırıq. Bizdə dəfələrlə bu cür hallar baş verir ki, hansısa karusel 3-5 gün dayanır. Hansısa detalda şübhə olduğu zaman bu cür addımı atırıq. Heç bir şəxs və heç bir attraksion təbii ki, hadisədən sığortalanmayıb. Hadisə bu gün olmayıb, yoxdur, lap yaxşı. Ancaq biz demirik ki, bu, baş verə bilməz. Belə olar ki, şəhər sakinləri attraksiona minən zaman təlimata uyğun olmayan addım atsınlar. Yəni onlar kəməri düz bağlamazlar, yaşı nəzərə almazlar və sairə. Doğrudur, biz sakinlərə məlumat veririk, necə davranacaqlarını söyləyirik. Ancaq ola bilər ki, kimsə idarəçini aldadar, yaşını səhv deyər, bu zaman məsuliyyəti həmin şəxsin özü daşıyır”.

Sakinlərlə söhbət etdiyimiz zaman onlar qiymətlərdən də şikayət etdilər. Nazim Məcidov isə bununla bağlı aşağıdakıları söylədi: “Qiyməti sahibkarlar müəyyən edirlər. Yəni eyni attraksion bir parkda bir qiymətə, digərində isə başqa qiymətə ola bilər. Bulvarda elə karusellər var ki, başqa yerlərdən ucuzdur, eləsi də var ki, bahadır. Bu da istismar xərcləri, orada işləyənlərin maaşı və digər xərclərlə bağlıdır. Qiymətlər bazara uyğundur. Bulvarda 3-5 manata olan karusellər olsa da, əksəriyyəti 1-2 manatadır”.