“Bulaq üstündə çörək yemək nə zamandan qadağandır? -Humay Hümbətovun oğlundan qalmaqallı hadisəyə münasibət(VİDEO)backend

“Bulaq üstündə çörək yemək nə zamandan qadağandır? -Humay Hümbətovun oğlundan qalmaqallı hadisəyə münasibət(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. 

Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə  Laçın rayonunun deputatı Mahir Abbaszadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də var. Qeyd olunur ki, bu şəxslər şəhid məzarının yanında yerləşən bulaqda spirtli içki də soyudublar.

Məsələ ilə bağlı Laçının Güləbird kəndində adına bulaq olan Humay Hümbətovun oğlu Ərşad Hümbətov “Yeni Müsavat”a danışıb. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Ərşad Hümbətov atasının şəhid olmadığını, həmin bulağın 1970-80-ci illərdə salındığını bildirib:

“Laçında adına bulaq olan Humay Hümbətov mənim atamdır. Atam 1987-ci ildə rəhmətə gedib. Həmin bulaq  1968-1980-ci illər arasında tikilib. Laçın işğaldan azad olunduqdan sonra müharibə veteranı olan yoldaşlarım ilə birgə həmin bulağın üstünü düzəltdirmişəm. Oradakı plakatı da sonradan mən özüm vurmuşam”.

IMG-20210519-WA0098.jpg (269 KB)

Ərşad Hümbətov Laçına gedən bir qrup rəsmilər və ziyalılar arasında özünün də iştirak etdiyini deyib:

“Bulaq üstündə çörək yemək nə vaxtdan qadağan olunub? Hadisə sosial şəbəkələrdə yazılan kimi olmayıb.Həmin vaxt orada sadəcə pendir-çörək yeyilib. Şəxsən mən özüm orada olmuşam. Mən Birinci və İkinci Qarabağ müharibəsi veteranıyam. Orada başqa söhbət ola da bilməzdi. Yayılan fotolar da montajdır. Diqqətlə baxsanız, görərsiniz ki, orada arağa oxşar bir şey yoxdur. Bütün bunlar hamısı məqsədli şəkildə hazırlanıb. Laçına gedənlərin hamısı orada dayanıb, çörək yeyir, su içirlər”.

Laçın rayonun tanınmış ziyalısı, Qarabağ müharibəsi iştirakçısı Qəzənfər Hüseynov da məsələ ilə bağlı münasibətini bildirib.

O deyib ki, Güləbird kəndində onun nənəsinin, babasının da məzarı var:

“Həmin bulaq bizim kənddə Humay adlı ləyaqətli kişinin adınadır. Vaxtilə Həkəri çayının sol kənarından su sızırmış, Humay da bu sızmanın qarşısını alıb və orada kran qoymuşdu. O vaxtdan həmin bulağa Humayın adı verildi.

Laçın işğaldan azad olunduqdan sonra həmin yerə gedib gördüm ki, ermənilər oranı başqa cür düzəldib, bulağın da adını dəyişiblər. Üstəlik bir erməni terrorçunun plakatını ora qoymuşdular. Əsgərlərimiz Laçını işğaldan azad edəndə həmin plakatı da götürüb, cəhənnəmə yola salıblar. Humayın oğlanları,
Əslində Sovet dövründə bulağın adına yazı olmamışdı, amma hamı ona “Humayın bulağı” deyirdi. Onun oğlu Rizvan 1992-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olub. Şəhidin məzarı Sumqayıtda yerləşən Şəhidlər Xiyabanındadır. Şəhid Rizvan Hümbətov “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Yəni qəhrəman bir oğlan olub. Bulağın yanındakı şəhid plakatı da Rizvan Hümbətova aiddir.

Qəzənfər_Hüseynov.JPG (56 KB)

Qeyd edim ki, ermənilər Laçında bir yeri belə sağ-salamat qoymayıblar. Laçına gedən insanlar yolda dayanıb yemək yeməyə, su içməyə yer tapa bilmir. Yalnız bir dənə həmin bulağın yanıdır ki, hamı yoldan keçəndə orada dayanır, su içir, çörək yeyir.

Deputat Mahir Abbaszadəyə gəlincə, onun özü də Laçındandır, kasıbçılıqla böyümüş adamdır, fəal deputatdır. Onun 6 nəfərlik ailə üzvü yataqxanada bir otaqda yaşayıb. Özü də ziyalı şəxsdir, atası-anası müəllim olub. Yəni, bütün laçınlılar onu tanıyır.

Həmçinin İbrahim Mirzəyev Laçının ən dəyərli kişisinin, İkinci dünya müharibəsi veteranın nəvəsidir. Onun atası da tanınmış jurnalist olub. Yəni, Mirzəyev də çox dəyərli bir nəslin övladıdır. Həmin həssas bir dövrdə onlar necə orada kef məclisi qura bilər? Siyasi mübarizədə təhqir söyüş və qarayaxma yolverilməzdir”.

Qeyd edək ki, deputat Mahir Abbaszadə yayılan qalmaqalla bağlı sosial şəbəkədə açıqlama yayıb.

Deputat baş verənlərə bu cür aydınlıq gətirib:

“Məlum olduğu kimi 29 il idi ki, hər il Azərbaycan xalqı mayın 18-ni Laçın rayonunun işğal günü kimi qeyd edirdi. Lakin ötən ilin payızında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Bu gün artıq bütün işğal günləri tarixin arxivinə göndərilib və Azərbaycan xalqı mayın 18-ni erməni tapdağından edilmiş Laçında qarşılayır.

Lakin Laçından qürur və xatirələr dolu reportajların yayıldığı bir vaxtda bəzi internet resurslarında Laçına səfər etmiş bir qrup insanla bağlı böhtan xarakterli məlumatın yayılması böyük təəssüf doğurur.
Yayılmış məlumatda Laçınla bağlı çəkilişlər etmək üçün Güləbird kəndinə səfər etmiş rəsmi şəxslərin guya orada kef məclisi qurması, üstəlik guya şəhidin adı verilmiş bulaqda spirtli içki soyutması barədə absurd iddialar yer alıb və guya bunu sübut edən fotolar dərc edilib.

thumb.jpg (802 KB)

İlk növbədə onu qeyd etmək lazımdır ki, xəbərdə təqdim olunun fotolar hansısa kef məclisindən deyil, uzaq yol qət etmiş insanların qurduğu adi nahar süfrəsindən çəkilib. Mağaza və kafelərin işləmədiyi bir yerə səfər edən insanların özləri ilə pendir, çörək, kolbasa və s. yol yeməyi götürməsində yəqin ki, heç bir qəbahət yoxdur və bunu “kef, eyş-işrət məclisi” kimi qələmə vermək ən azı saxtakarlıqdır.

Üstəlik nahar edən heyətin guya spirtli içki içməsi barədə iddialar da yalandan başqa bir şey deyil və bunu orada olan hər kəs, o cümlədən mətbuat işçiləri və qazilər də təsdiq edə bilər.

Ən dəhşətlisi isə odur ki, bu qərəz və böhtan dolu məlumatı yayanlar ictimai fikri çaşdırmaq üçün hər birimiz üçün müqəddəs olan şəhidlərin adından istifadə edirlər. Birincisi, deyildiyi kimi, həmin nahar zamanı spirtli içkidən istifadə olunmayıb. İkincisi və ən əsası isə odur ki, fotolarda əks olunan bulaq şəhid bulağı deyil, Güləbird camaatının yaxşı tanıdığı Humay bulağıdır”.

Deputat qeyd edib ki, yayılmış məlumatın yalan, böhtan və qərəzli olduğunu sübut edən başqa bir fakt isə xəbərin hazırlanması zamanı orada adı çəkilən, üstəlik həmişə mətbuata açıq olan şəxslərin mövqeyinin öyrənilməməsidir:

“Görünür, hansısa qüvvələr mayın 18-nin artıq Laçının işğal günü kimi qeyd olunmamasını həzm edə bilmir. Əks halda belə həssas mövzülarda saxta məlumatlar yaymaqla cəmiyyətdə süni narazılıq yaratmağa və düşməni yalanla silahlandırmağa çalışmazdılar”