Büdcədən oğurlanan 1 milyard manata yaxın vəsait: Kimlər günahkardır?backend

Büdcədən oğurlanan 1 milyard manata yaxın vəsait: Kimlər günahkardır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi aparılıb.
Qaynarinfo-nun məlumatına görə, müzakirələr zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bəyan edib ki, dövlət qurumlarının auditi zamanı Palata 869 milyon manat pul silinməsi aşkarlayıb. Hesablama Palatası 2021-ci ildə 46 kənar dövlət maliyyə nəzarəti (42 audit, 2 anailitk fəaliyyət, 2 moitorinq) həyata keçirib.
Vüqar Gülməmmədov
SİTAT: “869 milyon manatlıq vəsait aktivlərin tanınması üçün xərclənib. Bizim yoxlamalar zamanı isə məlum olub ki, həmin aktivlər tanınmayıb, sadəcə, pul silinib. Bununla bağlı təşkilatların, qurumların qarşısında şərt qoyulub və bu vəsait büdcəyə bərpa olunmalıdır. Çünki bu vəsait dövlət büdcəsindən ayrılıb ki, müəyyən iş həyata keçirilsin”.
BƏS NÖQSANLAR AŞKARLANAN QURUMLAR HANSILARDIR?
Vüqar Gülməmmədov bəyan edib ki, nöqsanlarla icra edilmiş vəsaitin tərkibində bərpası mümkün hesab edilməyən məbləğin böyük hissəsi əsasən, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumlar üzrə formalaşıb. Qurum sədri bəyan edib ki, bu sahədə olan vəsaitlərin bərpasında müəyyən çətinliklər var.
CİNAYƏT İŞİ AÇILAN QURUMLAR
Hesablama Palatası Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğunluq auditinin nəticələrini açıqlayıb. Palatanın 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, audit üzrə 2017-2018-ci illərdə malların (işlərin və xidmətlərin) satın alınması məqsədi ilə bağlanmış müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi barədə, həmçinin “Azərbaycan Konqreslər Bürosu” MMC-nin fəaliyyətinə dair məlumatlarla bağlı aparılmış araşdırma nəticəsində cinayət işi başlanılıb. İstintaqın gedişində 862 min manat vurulmuş ziyan ödənilməsi təmin olunub.
ƏBÜLFƏS QARAYEV ONU  DÖŞ NİŞANI İLƏ TƏLTİF ETMİŞDİ
Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb. Həmən illərdə Azərbaycan Respublikasının keçmiş Mədəniyyat naziri Əbülfəs Qarayev sözügedən quruma rəhbərlik edib.
Əbülfəs Qarayevin dövründə “Azərbaycan Konqreslər Bürosu” MMC ən çox Bakı Şopinq Festivallarının təşkilatçılığı ilə məşğul olub. MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görən nazirlik tərəfindən qeyd edilən cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənildiyi aşkarlanıb. Bundan əlavə, araşdırmalarla nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.
Nəhayət, 2021-ci ilin iyul ayında dövlət büdcəsindən turizmin inkişafı məqsədilə ayrılan vəsaitlərin mənimsənilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Əbülfəs Qarayev-Ülviyyə Mir-Qasımova
Bütün bu işlərin nəticəsində hətta Əbülfəs Qarayev MMC-nin direktoru Ülviyyə Mir-Qasımovanı “Fəxri turizm işçisi” döş nişanı ilə təltif edib. Hazırda nizamnamə kapitalı 100 manat və qanuni təmsilçi Mir-Qasımova Ülviyyə Eldar qızı olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 5 min 847 manat 06 qəpik borcu yaranıb.
Ülviyyə Mir-Qasımova
MSK-DA İMTAHANSIZ 50 NƏFƏR DÖVLƏT QULLUQÇUSU OLDU 
Pozuntular təkcə sözügedən qurumlarda deyil, Mərkəzi Seçki Komissiyasında da olub. Belə ki, Hesablama Palatası Mərkəzi Seçki Komissiyasının (MSK) 2020-ci il üzrə maliyyə əməliyyatları və hesabatlarının auditinin nəticələrini açıqlayıb. Aparılmış Kənar Dövlət Maliyyə Nəzarəti (KDMN) tədbiri nəticəsində müəyyən edilib ki, “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib. Bununla belə, əmək müqavilələri barədə məlumatların müvafiq olaraq elektron informasiya sistemində qeydiyyata alınması üçün təqdim edilmədiyi halda 877 nəfər işə qəbul olunub.
Daim uçuş biletlərinin baha olması ilə gündəmə gələn və ən əsası qınağa səbəb olan “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) və digər bir sıra qurumlarda da hazırda Hesablama Palatası tərəfindən yoxlamalar aparılır.
DEPUTATLAR MƏMURLARIN ADLARININ ÇƏKİLMƏSİNİ İSTƏYİR
Milli Məclisin deputatı Rüfət Quliyev büdcədən oğurlayan məmurlar barədə məlumat istəyib:
“Bəzi məmurlar büdcədən xımır-xımır vəsaitləri yeyirlər. Biz buna görə ictimai nəzarəti də artırmalıyıq. Bununla bağlı dinləmələr də keçirə bilərik. Hesablama Palatasının hesabatında hüquq-mühafizə orqanlarına verilən məlumatların aqibəti ilə bağlı məlumat da əksini tapsa, yaxşı olar.
Deputat Fazil Mustafa daha ünvanlı danışaraq bir başa Bakı Nəqliyyat Agentliyinin rəhbərliyini tənqid edib:
“Avropada 131 avroya başa gələn işarələnmə Azərbaycanda 1850 manata müqavilə bağlanıb. Bu nə deməkdir?!”.
Deputat Qüdrət Həsənquliyev isə Hesablama Palatasının dövlət büdcəsi üzrə rəyi çox cəsarətli adlandırıb.