Bu xəmir hələ çox su aparacaq: Təntənəsiz xoşbəxt olmağa çalışın – AKTUALbackend

Bu xəmir hələ çox su aparacaq: Təntənəsiz xoşbəxt olmağa çalışın – AKTUAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdəki karantin rejimi səbəbindən toylar uzun müddətdir ki, qadağan edilib. Azərbaycanda çox az adam toy şənliyini yalnız nikah qeydiyyatı və ən yaxınlarının dar bir dairəsindəki kiçik məclislə məhdudlaşmağa hazırdır. Əksər ailələr üçün ənənəyə xas bütün atributlarla möhtəşəm bir toy mərasiminin təşkili çox vacibdir.

Bu səbəbdən bəziləri qadağanı pozaraq, cərimə riski ilə toy edirlər. Digərləri isə qadağanın qaldırılmasını gözləyir və ailə qurmaq planlarını təxirə salırlar.

Statistikaya görə, bu ilin yanvar-fevral aylarında Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 5672 nikah (min nəfərə 3,5) qeydə alınıb. Bu ilin ilk iki ayında bağlanmış nikahların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2479, 2019-cu ilə nisbətən isə 2565 fakt azalıb.

Son vaxtlar toylara qoyulan qadağanın ləğv edilməsinin zəruriliyi, bu qadağanın demoqrafik vəziyyətə mənfi təsir göstərə biləcəyi səbəbiylə getdikcə daha çox gündəmə gəlir. Məsələn, Milli Məclis üzvü Bəhruz Məhərrəmov toylara qoyulan qadağanın demoqrafik problemlərə yol aça biləcəyini düşünür.

“Bizdə belə qəbul olunub ki, toy etmədən bir ailə qurmaq mümkün deyil. Və belə nüanslar nəzərə alınaraq, mümkünsə təmiz havada, geniş bir ərazidə, məsafə saxlamaqla 50-100 nəfərlik toyların keçirilməsini müsbət qəbul etməliyik”, – deputat yerli mətbuata açıqlamasında deyib.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə hesab edir ki, ümumiyyətlə toylara qoyulan qadağa demoqrafik göstəricilərə təsir göstərməməlidir. “Ailə qurmaq istəyənlər, bugünkü gerçəkləri nəzərə alaraq, sadəcə nikah qeydiyyatdan keçir, toy fotosessiyası təşkil edir və yaxın bir dar çevrədə bu təntənəli hadisəni qeyd edirlər. İstəyənlər, indi rəsmi nikaha girər, toyu isə sonralar da edə bilərlər”, – deyə o, AYNA-ya açıqlamasında bildirib.

Həmsöhbətimizin fikrincə, nikahların sayı insanların toylara icazə verilməsini gözlədikləri üçün deyil, gəlirləri azaldığı üçün azalıb: “Bir çox insan pandemiya dövründə işini itirib. Və ailə, özü də yeni qurulan ailə, xeyli xərc tələb edir və bu, yalnız ərzaq məhsullarının alınması deyil, həm də mənzil alınması və ya kirayəyə götürülməsi, yenilənməsi, mebel alınması və sairi nəzərdə tutur. Buna imkanı çatan vətəndaşların sayı indi pandemiyadan əvvəlki dövrdən daha azdır”.

Sosial məsələlər üzrə fəlsəfə doktoru Azər Allahverənov AYNA-ya şərhində qeyd edib ki, toylara qoyulan qadağa birbaşa deyil, dolayısı ilə demoqrafiyaya təsir edir: “Təkcə mənim ətrafımda son bir ildə bir neçə ailə bu qadağanın qaldırılmasını gözləyirdi və bu günə qədər də bunu gözləyirlər. Hətta cütlük rəsmi nikahlı olsa belə, toydan əvvəl ayrı yaşamağa davam edirlər. Azərbaycan ailələri toyların təşkili məsələsində mühafizəkardır. Bir çox valideyn övladlarının toyunun çox sayda qonaqların iştirakı ilə unudulmaz bir hadisə olmasını istəyir. Bu, gənclərin də istədiyi şeydir. Məsələn, bir çox qızlar bütün mərasimlər və ayinlərə əməl olunmaqla, ər evinə “Vağzalı” sədaları altında getmək istəyirlər. Bu, simvolik bir hadisədir və çoxlarının ideal toylarının keçiriləcəyi xəyalı var. Bu səbəbdən də daha yaxşı zamanları gözləyirlər”.

“Statistikaya görə, 2021-ci ilin yanvar ayında 2020-ci ilin yanvar ayı ilə müqayisədə əhalinin təbii artımının sayı 55 min nəfər olub ki, bu da 0,9% deməkdir. Toylara qoyulan qadağa bu rəqəmlərə təsir edən amillərdən biri olsa da, şübhəsiz ki, əsası deyil. Pandemiyanın özü və bununla əlaqəli hər cür məhdudiyyətlər, sosial-iqtisadi çətinliklər demoqrafiyaya təsir edir və edəcək”, – deyə müsahibimiz vurğulayıb.

Toy keçirmək icazəsinə gəlincə, Allahverənov söyləyib ki, Operativ Qərargah məhdudiyyətlərin qaldırılmasının koronavirusa yoluxanların sayına necə təsir göstərə biləcəyi barədə dəqiq məlumatlara və buna uyğun da mövqelərə malikdir: “Artıq artıq kafe və restoranlarda karantin normalarına həmişə əməl olunmadığı, insanların bəzən bir-birilərinə yaxın oturduqları barədə həyəcan təbili çalırlar. Eyni hekayə toylarda ola bilər, ancaq variantlar axtarılmalıdır”.

İndi Azərbaycan bəzi kütləvi tədbirlərə, xüsusən də Avropa Futbol Çempionatının bəzi oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Ancaq bunlar keçirilirsə, eyni kafe və restoranlar açıqdırsa, onda toylar niyə keçirilmısin ki? Allahverənovun sözlərinə görə, qonaq sayını tənzimləmək, kütləvi rəqs etmədən açıq havada keçirilən tədbirlərə üstünlük vermək və masadakıların sayını azaltmaq lazımdır.

Mütəxəssis əmindir ki, hər şey bu məsələyə necə yanaşacağımızdan asılıdır: “Müvafiq strukturlar mənfi nəticələrə gəlib çıxmamaq üçün vəziyyətin təhlilini aparmalıdır. Bundan əlavə, aşılamanın hazırda ölkədə davam etdiyini və bu prosesin ölkə əhalisinin yarısını əhatə edəcəyi təqdirdə, koronavirusun yayılma riskinin və xəstəliyin ağır gedişatının azalacağını da unutmamalıyıq”.