Bu tələb direktorların əsassız pul almasına yol açacaq – Ekspertbackend

Bu tələb direktorların əsassız pul almasına yol açacaq – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk növbədə qeyd edim ki, şagirdlərin bir sinifdən digər sinifə keçmək qaydalarına görə, 9-cu sinifdə orta məktəbi bitirmiş hesab olunurlar. 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanuna görə, Azərbaycan dövləti pulsuz olaraq yalnız icbari təhsili ümumi orta təhsil pilləsində (1-ci sinifdən 9-cu sinifə qədər) öz üzərinə götürür. Digər siniflərdə isə təhsil könüllülük prinsipi əsasında keçirilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov orta ümümtəhsil məktəblərində 9-cu sinif şagirdlərinin 10-cu sinifə keçməsi üçün valideynlərdən ərizə tələb olunmasına münasibət bildirərkən deyib. Ekspert bildirib ki, hər bir Azərbaycan vətəndaşı 1-ci sinidən 9-cu sinifə kimi məcburi qaydada oxumalıdır:

“10-11-ci sinifi isə oxumaq könüllülük prinsipi ilədir. Yeni qaydalara görə, valideynlər əgər övladlarının 9-cu sinifdən sonra təhsilini davam etdirməsini istəyirsə, onlayın formada, ya da məktəbə müraciət edib ərizə yazmaqla onların təhsilinin davam etdirilməsini istəyə bilər. Bu da qanunvericilik aktlarına görə doğrudur. Amma bəzi sui-istifadə halları var. Çünki bir çox hallarda məktəblər süni şəkildə şagirdlərin 9-cu sinifi bitirdikdən sonra həmin məktəbdə 10-cu sinifi davam etdirməsinə mane olurlar. Əslində hüquqi baxımdan bu addım doğru olsa da, digər tərəfdən məktəb direktorlarına valideynlərdən əsassız pul və digər maraqlarının təmin olunmasını tələb etmək imkanı verəcək”.

Kamran Əsədov hesab edir ki, bu müəyyən qədər təhsil sistemində şəffaflığı poza bilər:

“Çünki məktəb istəsə, həmin şagirdin 10-cu sinifdə təhsilini davam etdirməsinə mane ola bilər və bəzi hallarda buraxılış imtahanlarında nəticəsi zəif olan şagirdləri məktəblər 10-cu sinifə qəbul etmək istəməyəcək. Valideyn ərizə yazanda onun istəyi nəzərə alınmır. Ona görə bu sistem nə qədər qanunvericiliyə uyğun olsa da, müəyyən qədər direktorların əsassız pul tələbi üçün yeni bir yol açmış olacaq. Düşünürəm ki, bu məsələyə nəzarəti gücləndirmək lazımdır və qəbul onlayın qaydada keçirilməlidir”.

Kamran Əsədovun fikrincə, bu həm də imkan verəcək ki, şagirdlər arzularına uyğun olaraq məktəblərini dəyişsinlər.