Tribuna İnformasiya Agentliyi

Bu şirkətin şor və pendirini yemək təhlükəlidir – Əhaliyə rəsmi xəbərdarlıq

13 Sentyabr

İstehsalçı şirkətə həmin məhsulun dərhal ticarət şəbəkələrindən yığışdırılması ilə bağlı xəbərdarlıq edildi.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  (AQTA) qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.

AQTA-dan TİA.AZ-a verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilmişdir. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə  faktı aşkar olunmuşdur.

Qeyd olunanları nəzərə alaraq,  Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “BMS Aqro” MMC-yə “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilmişdir.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən və insan sağlamlığına ciddi təsir göstərə biləcək bu cür məhsulların istehsalı və satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.