Bu quruma ayrılan pullar hara xərclənir…backend

Bu quruma ayrılan pullar hara xərclənir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə başçısı İlham Əliyev 2018-ci ildə “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncama görə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 1,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Binəqədidə yollar təmir edilərkən Firdovsi Vəliyev küçəsi ikinci dalan – Söyüdlər yolu unuduldu.
Aradan iki il keçdi 2020-ci ildə ölkə başçısı yenə AAYDA-ya Binəqədi rayonunun yollarının təmir edilməsi üçün vəsaitin ayrılması ilə bağlı sərəncam imzaladı. Bu dəfə AAYDA-ya 2,85 milyon manat vəsait ayrıldı. Həmin ərəfədə gətirib əraziyə asfalt qırıntıları tökdülər ki, vətəndaşların gözündən pərdə asa bilsinlər: “bəs ərazi təmir edilir”. Bir müddət sonra avtomobillərin təkərləri, yolun hərkətliliyi nəticəsində həmin qırıntılar aşınıb getdi. Yol yenə əvvəlki bərbad vəziyyətini aldı.

Ölkə başçısı yenə bu il Binəqədi rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb. Yenə AAYDA-ya 3,7 milyon manat vəsait ayrılıb. Çünki ölkə başçısı görür ki, nə qədər vəsait ayrılsa da, elə bil ki, pul qeybə çəkilir. Binəqədidəki vəziyyət isə, “köhnə hamam, köhnə tas” söhbətini xatırladır.

Nə isə, keçək mətləbə: Firdovsi Vəliyev ikinci döngə, Söyüdlər yolu adalnan ərazidə küçə bərbad vəziyyətdədir. Sakinlər yolun təmir edilməməsindən şikayətçidir. Yolun vəziyyəti nəinki avtomobil sürüclərinin, eləcə də piyadaların əbədi işgəncəsinə çevrilib. Ölkə başçısı Binəqədinin yollarının təmir edilməsi üçün AAYDA-ya vəsait ayrılsa da, sanki bu vəsait birbaşa xüsusi şəxslər üçün ayrılır, yollar üçün deyil. Belə ki, qeyd edilən ərazi illərdir ki, təmir edilmir.

Ərazi sakini Zaur Nurməmmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, məsələ ilə bağlı müraciət etmədiyi qurum və şəxs qalmayıb. Əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edən vətəndaşa bildirilib ki, həmin ərazi agentliyin balansında deyil və onlar həmin ərazini təmir etməyə borclu deyillər. Ərazi İcra Hakimiyyətinin balansındadır və həmin ərazini məhz İcra hakimiyyəti təmir etdirməlidir. Şikayətçi Binəqədi Rayon İcra Hakimiyyətinin qaynar xəttinə müraicət etdikdə isə, ona bildirilib ki, yenə səhv ünvandadır. Çünki həmin ərazi İcra Hakimiyyətinin də balansında deyil. Vətəndaşa deyilir ki, Bələdiyyəyə müraciət et. Vətəndaş Bələdiyyə müraciət edəndə isə, iradı cavabsız qalıb.

“Bəzi yerlərdə çuxurlar 20-30 santimetr dərinliyindədir. Hər gün buradan onlarla məktəbli keçir, onlar üçün də vəziyyət təhlükəlidir. Yağış yağanda bu çuxurlar dolur və yol görünmür. Keçmək mümkün olmur. Mən özüm yağış yağanda belə avtomobillə uşaqları götürürəm ki, o həndəkləri keçə bilməyəcəklər. Çuxurlar bəzi yerlərdə elə dərindir ki, “sedan” tipli avtomobillərin altı yerə dəyir”.

Z.Nurməmmədov qeyd edir ki, əlaqədar qurumlar öz məsuliyyətini dərk etməli və bu problemləri aradan qaldırmalıdır ki, belə məsələlərə görə, prezidentə müraciət edilməsin: “Yolun 70 metrlik hissəsi bərbad keçilməz vəziyyətdədir. Bu, təmir edilməlidir. Əlaqədar qurumlar, AAYDA, bələdiyyə və ya icra hakimiyyəti bu ərazinin sahibi kimdirsə, bu problemi aradan qaldırmalıdır. Biz niyə hər xırda problem üçün ölkə başçısını narahat etməliyik ki?”

Vətəndaş haqlıdır. Əgər bir küçə Binəqədi rayonu ərazisindədirsə, əlaqədar qurumlardan biri buna sahib çıxmalıdır. Yol təmir edilməlidir. Əgər heç bir qurum yola sahib çıxmırsa, bir zəhmət müraciət edin həmin ərazini sizdən ayırıb versinlər başqa rayona bəlkə o zaman nəsə ola.

AAYDA deyir; “yol balansımda deyil”, İcra Hakimiyyəti deyir; “mənim ərazimdə deyil”. Bu küçənin bir sahibi var, yoxsa yox?
Bizimyol.info