Tribuna İnformasiya Agentliyi

Bu oteli lənətləyiblər…

15 May

Feysbukun “Gəzəyənlər” qrupunda Kanadanın Alberta şəhərinin Banff rayonunda yerləşən “Fairmont Banff Springs” otelinin lənətli olması və orada qəribə hadisələrin baş verməsi haqqında maraqlı məlumat  paylaşılıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Nihat Vəlizadə paylaşıb:

“Albertanın Banff adında kiçik və gözəl bir şəhəri var. Şəhərdə 1888-ci ildə inşa olunmuş “Fairmont Banff Springs” adındakı otel eyni adlı təbii qoruq ərazisinə yaxın yerləşir. Otelin lənətli olduğu deyilir.

1920-ci ildə oteldə toy keçirilib. Toy günü gəlin pilləkənlərdən qaçaraq düşən zaman ayağı gəlinlik paltarına ilişir və bərk yıxılır. Hadisə nəticəsində qız ölür və daha sonra qızın kabusu otelin müxtəlif yerlərində görünməyə başlayır.
1950-ci illərdə 2 nəfər oteldə tək otaq götürür və bir müddət qaldıqdan sonra özünü asır. 692 və 873 nömrəli otaqların lənətli olduğu düşünülür. Həmin otaqlarda intihar hadisəsi baş verib.

692-ci otaqda qalmış bəzi müştərilər, axşamlar otaqda işıqların yandığını, yastıqların başlarının altından qəfildən sürüşdüyünü və bir qüvvə tərəfindən yataqdan itələndiklərini bildiriblər.

873 nömrəli otağın hekayəsi isə lap qəribədir. 50-ci illərdə burada müştəri olan bir ailə ölü aşkarlanıb. Hadisədən bir müddət sonra otaqdan istifadə edən müştərilər hamam otağında kranların öz-özünə açıldığından şikayət ediblər. Bəziləri səhərlər, qışqırıq və “help us” (bizə kömək edin) səsinə oyanıblar. Bu səbəbdən otağın yerləşdiyi 8-ci mərtəbənin koridoru qismən qapalıdır və otaq müştərilərə təklif olunmur.

Bir faktın isə real şahidləri var. Belə ki, 1975-ci ildə oteldə qalmış iki yaşlı qadın otaqlarında yaranmış problemlə görə özünü otel işçisi kimi təqdim etmiş Sam McCAuley adlı birinə müraciət edirlər. Qadınlardan biri otağın qapısını açmaqda çətinlik çəkir və Sam açarı qadından alaraq qapını açır və ona nəzakət göstərir. Qadın adamın adını öyrənir və söhbətləşirlər. Qadın sonra həmin adamı axtaranda məlum olur ki, Sam McCAuley adlı şəxs oteldə çalışıb, sadəcə, 1972-ci ildə vəfat edib. Qadınlar onun fotosu əsasında onlara köməklik edən şəxsin Sam McCAuley olduğunu iddia edirlər.

Bundan əlavə, axşam vaxtı bəzi otel qapıları döyülür, qapını açanda isə heç kim yoxdur. Pəncərələr özlüyündən açılır, içəri yarpaq girir. Liftdə, məsələn 5-ci mərtəbədən 2-ci mərtəbəyə getmək istəyirsən və 2-ni basırsan. Bir də gördün ki, 3 rəqəmi də basılıdı. Bütün bu söz-söhbətlərə görə bir neçə işçi oteldən çıxıb.

Otelin səkkizinci mərtəbəsində axşam vaxtı gedərkən arxa tərəfdən “don’t look back” (arxaya baxma) sözləri gəlirmiş. Bunun da həmin gəlinin ruhu olduğu deyilir”.