Bu məhsullar bahalaşdı (SİYAHI)backend

Bu məhsullar bahalaşdı (SİYAHI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 112,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib.

TİA.AZ  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 112,1 faiz təşkil edib.

2022-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin mart ayına nisbətən 116,8 faiz olub.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 106,6 faiz təşkil edib. Cari ilin mart ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yazı kağızlarının, inşaat materiallarının, mebellərin, məişət cihazlarının, sabunların, diş pastalarının, dezodorantların və zərgərlik məmulatlarının qiymətlərində müşahidə edilib.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.