Bu mallar Türkiyədən 10 manata alınır: Azərbaycanda isə… – Səbəblərbackend

Bu mallar Türkiyədən 10 manata alınır: Azərbaycanda isə… – Səbəblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 2 ildə Türkiyədə milli valyutanın kəskin ucuzlaşmasına baxmayaraq bu ölkədən idxal edilən geyim malları Azərbaycanda olduqca yüksək qiymətə satılır. Türkiyə və Azərbaycanın pərakəndə satış bazarında mövcud olan qiymətlərin müqayisəsi göstərir ki, bir çox geyim növlərində qiymət fərqi 3-4 dəfəyə çatır. “Qardaş ölkə”də 10 manata satılan geyim malları ölkəmizdə 30-40, hətta bəzi hallarda 50 manata satılır.

TİA.AZ Sfera.az-a istinadən bildirir ki, Azərbaycana idxal edilən geyim mallarının təxminən yarısı Türkiyədən gətirilir. 2021-ci ilin yanvar-may ayları ərzində 100 milyon dollara yaxın geyim malları idxal olunub ki, bunun da 49,1 milyon dolları Türkiyədən alınıb.

İqtisadçı-ekspert Nazim Bəydəmirli açıqlamasında bildirdi ki, türk geyim mallarının mənşə ölkə ilə müqayisədə Azərbaycanda bir neçə dəfə baha satılması sahibkarlarla bağlı olan məsələ deyil.

Ekspertin fikrincə, qiymətlərdə yaranan kəskin fərq Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlıdır:

“Əgər qiymətlərin formalaşması yalnız biznes adamlarından asılı olsaydı kəskin qiymət fərqi yaranmazdı. Biznes rəqabəti sevir və rəqabət olan yerdə də qiymətlər daha əlverişli olur. Qiymətlərin kəskin fərqlənməsinin yeganə səbəbi gömrük orqanlarının apardığı fiskal siyasətdir.

Gömrük Komitəsi proqnoz göstəricilərini artırmaq məqsədilə idxal edilən mallar üzrə bəyannamə qiymətini şişirdir və nəticə etibarilə süni qiymət artımı yaradılır. Buna qarşı sahibkarlar öz etirazlarını vaxtaşırı bildirir. Amma etirazlar nəticə vermir, əksinə, idxal edilən mallar günlərlər, həftələrlə, gömrük anbarlarınada saxlandığından sahibkarların xərcləri artır”.

Onun sözlərinə görə, gömrük orqanlarının bu cür davranışı sahibkarların mənfəətlə işləməsini əngəlləyir, faktiki olaraq sahibkarların gələcək gəlirləri gömrükdə öncədən alınır:

“Beləliklə, qiymətlərə təsir edən əsas səbəblər dövlətin müəyyənləşdirdiyi tariflərlə bərabər gömrük orqanının apardığı siyasətdir. Çox təəssüf edirəm ki, Azərbaycanda istehsal edilməyən mallar ölkə bazarına daxil olan zaman belə süni maneələri aşmağa məcbur olur”.

N.Bəydəmirli qeyd etdi ki, idxal edilən malların üzərinə gələn vergi, rüsum və digər gömrük xərcləri sonradan vətəndaşlar ödəyir.

Ekspert dedi ki, qiymətlər yüksəldikdə vətəndaşlarda narazılıq artır, qiymətlərin yüksək olması ilə bağlı şikayətlər olur.