Bu kəndin əhalisi illərdir susuzluqdan əziyyət çəkir – Videobackend

Bu kəndin əhalisi illərdir susuzluqdan əziyyət çəkir – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamın Kiçikli kəndinin əhalisi illərdir ki, su problemindən əziyyət çəkir. Üç ildən çoxdur ki, kəndin artezian quyusu quruduğundan əhali təsərrüffatla məşğul ola bilmir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Kiçikli kənd sakini Nazim Əhmədli sosial şəbəkə hesabında paylaşım edib: “Kənddəki artezian quyusu illər əvvəl vurulub. Quyunun yanında quraşdırılan çəndən 30 ailəyə su gedirdi. Üç ildir quyunun suyu azalmışdı, onu dəyişmək lazım idi. Problemlə bağlı Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etsək də, baxan yoxdur. Bizə yalan məlumat verib aldadırlar”.

Şikayətçi əlavə edib ki, susuzluqdan kənd sakinlərinin bütün ağacları quruyub məhv olur: “Sakinlərin 3-5 mal-qarası qalıb ki, belə getsə, onlar da məhv olacaq. Kənd camaatı arabalarla, əllə uzaq məsafələrdən işlətmək üçün su daşıyır”.

Problemlə əlaqədar Ağdam Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, sakinlərin problemlərindən xəbərdardırlar: “Rayonda 2-3 belə kəndimiz var ki, orada su ilə bağlı problemlər var. Kiçikli kəndində də artezian quyusu qazılmalıdır. O isə icra hakimiyyəti tərəfindən deyil, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən qazılır. Biz kənd sakinlərinə söz vermişik ki, ilk onlarda quyu qazılacaq”.

Ağdam RİH-dən, həmçinin bildirilib ki, artıq bununla bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş idarəsi ilə danışılıb və təxminən sentyabrın sonu- oktyabrın əvvəli kənddə subartezian quyusu qazılacaq.