Tribuna İnformasiya Agentliyi

Bu il Harvarda qəbul olan yeganə azərbaycanlı şagird – “Tarixə iki həftə hazırlaşdım”

10 Aprel

İlkin Bayramlı bu il Harvard Universitetində bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır. 17 yaşlı İlkin hazırda 93 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alır.

Artıq bir Harvard tələbəsi olan İlkin Bayramlının “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:

– Harvard Universitetinə qəbul olmaq üçün təhsil marafonu necə olmalıdır?

– Ümumiyyətlə, bu universitetlərə qəbul olmaq üçün 1 və ya 2 il hazırlıq lazımdır deyə bir şey yoxdur. İllərlə olan təcrübə, oxuma mədəniyyəti əsasdır. Birinci sinifdən əlaçı olmuşam, məktəbdən kənar fəaliyyətlərdə aktiv olmuşam. Mənim üçün çevriliş deyəcəyim məqam 9-cu sinifdə oldu. Həmin vaxt ingilis dilini öyənməyə başladım və bunun XXI əsrdə nailiyyət qazanmaq üçün ən böyük alət olduğunu gördüm. Və beləliklə SAT və İELTS imtahanlarına hazırlaşmağa başladım. Hərəsinə 3 ay hazırlaşmışam, dünya tarixinə isə iki həftə.

– Bəs nəticələr necə oldu?

– İELTS imtahanı verib maksimum 9 baldan 8-ini topladım. SAT üzrə 1600 baldan 1500 bal topladım. SAT-ın fənn imtahanları olan 2-ci səviyyə riyaziyyat üzrə 800 sualın hamısına düz, dünya tarixi üzrə isə 800 sualdan 750-sinə doğru cavab yazdım.

– Bir ay riyaziyyata hazırlaşıb bütün suallara doğru cavab yazmaq asan iş deyil. Bəs sualların çətilik dərəcəsi necə idi?

– Bizim sistemlə oxuduğum üçün suallar elə də çətin gəlmədi. Çünki bizdə bu fənn daha intensiv tədris olunur. Bu sadaladıqlarım qəbul olmağımın sadəcə 30%-ni təşkil edir. Qalanı fəaliyyətlərim, elmi araşdırma və məqalələrim, əvvəllər iştirak etdiyim proqramlar və s. oldu. 2 il olimpiaçı olmuşam. Esselərimə xüsusi fikir vermişəm.

– Çox vaxt deyirlər ki, azərbaycanlı gənclər savadlı olsa da, özünü ifadə edə bilmirlər. 

– O düzdür. Bizdə təhsil hələ təzə-təzə formalaşır. Tətbiqi yox, test üsulu ilə, faktlara əsaslanan bir tədris planımız var. Esse, prezintasiya isə qərbin marağında olan və tətbiq tələb edən sahələrdir. Özünü yaxşı tanıtmaq üçün ifadəetmə bacarığın olmalıdır.

– Bəs Harvardda oxuyacağınızı gözləyirdiniz?

– Ən çox anam istəyirdi. Düzü, mən başqa universitetlərlə maraqlanırdım. Ancaq sonra fikirlərimiz qoşalaşdı. Çox da inandırıcı gəlmirdi. 100 nəfərdən sadəcə 4-5 nəfər qəbul ala bilir. Mən də çox ümidlənməməyə çalışırdım.

– Bəs qəbul olduğunuzu necə öyrəndiz?

– Gecə 4-5 radələri olardı. Mən yatmışdım. Anamgil oyatdı ki, nəticələrə baxaq. Deyirəm ki, qoyun yatım, sabah baxarıq. Məni zorla kompüterin başına gətirdilər. İki universitetdə ehtiyata düşmüşdüm. Sonra Harvarda baxdım. Gördük ki, “təbriklər” yazılıb. Əvvəlcə inanmadıq. Hamımız ekrana baxdıq. Sonra xüsusi bir reaksiya verdim ki, onu da sözlərlə ifadə edə bilmirəm. Həm inanırdım, həm inanmırdım. Sevinməyə də qorxurduq ki, birdən nəsə yanlışlıq olar. Sonra gördüm ki, tam təqaüd almışam, o gün bizim üçün bayram oldu.

– Harvard tələbəsi olmaq necə bir hissdir?

– Bir növ məsuliyyətli hissidir. İnsanlar səndən nəsə gözləyir. Gələcəkdə bu adı layiqincə daşımalısan ki, sonra deməsinlər, “nə olsun ki, Harvardı oxuyub?!” Harvardı bitirən azərbaycanlılar hazırda ölkənin ictimai mühitini aparan adamlardır. Bir növ də mübarizə hissi var. Gələcəyin dahiləri ilə birlikdə oxuyacağım üçün rəqabət aparmağı da bacarmalıyam.

– Deyirsiz ki, hərə ölkə üçün bir şey edib. Bəs siz universiteti bitirdikdən sonra nə etmək istəyirsiz? Gələcək planlarınız nələrdir?

– Mən iqtisadiyyat sahəsini götürmüşəm. Düzdür, atam da iqtisadçıdır, ancaq bu sırf mənim qərarım olub. Şərqi Asiyanın iqtisadi tarixiylə bağlı kitablar oxuyuram. Bir zamanlar ağır vəziyyətdə olan ölkələr hazırda dünyanın əsas iqtisadi nəhəngləridir. Uşaqlıqda hər kəs qəhrəman olmaq istəyir. Ancaq bir həddən sonra bu hiss yoxa çıxmağa başlayır. Ölkə iqtisadiyyatımızda çətin məqamlar oldu. Və mən onda başa düşdüm ki, necə qəhrəman ola bilərəm.

Günel Hacı

Fotolar-Video: Nuran Məmmədov