Bu il hansı banklar bağlana bilər?backend

Bu il hansı banklar bağlana bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 12-də, saat 11:00-da “Bakı Hərrac Mərkəzi” MMC-də (Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 2C, məhəllə 593 ünvanında) ləğv prosesində olan “Royal Bank” ASC-nin avadanlıq və əşyalarının, yanvarın 19-da, saat 11:00-da isə “Bank Standard” QSC-nin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 18A, 211-ci məhəllə ünvanında yerləşən daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Xatırladaq ki, “Bank Standard”a məxsus, ümumi sahəsi 9 241,5 kv.m olan qeyri-yaşayış sahəsinin satışı ilə bağlı dekabrın 22-nə təyin olunmuş ilkin hərrac baş tutmamadığından, təkrar hərracın keçirilməsinə qərar verilib.

Əmlaka 29 milyon manat qiymət qoyulub. “Royal Bank”a məxsus daşınar əmlakların qiyməti isə 10 min manatdır.

Qeyd edək ki, son illər ölkədə bir neçə bankın fəaliyyəti dayandırılıb. Hazırda da iki bankın ləğvini nəzərə alsaq, bu gün bankların fəaliyyətinin dayanmasında əsas səbəblər nədir və qarşıda hansı bankı belə aqibət gözləyir? TİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Azərbaycanda 2015-ci ildən sonra bir sıra banklar fəaliyyətini dayandırdı və bunun əsas səbəbi ardıcıl iki devalvasiya oldu:

“Kortəbii şəkildə dollarla depozitlərin qəbul olunması, dollarla kreditlərin verilməsi, bu isə öz növbəsində devalvasiya nəticəsində banklar tərəfindən vətəndaşlara götürülmüş depozitləri qaytara bilməməsi, eyni zamanda vətəndaşların götürdüyü kreditləri vaxtında qaytara bilməməsi nəticəsində qapanmış dairə sindromu yarandı.

Aktivlər passiv şəkildə qayıda bilməyən kütləyə çevrildi. Beləliklə, bankların fəaliyyətində yeganə yol idi ki, Mərkəzi Bank tərəfindən hər hansı yardımlar edilsin. Bu da qəbuledilməz idi. Belə olduğu təqdirdə banklar fəaliyyətini dayandırmalı idi. Mərkəzi Bank tərəfindən aparılmış audit nəticəsində müəyyən olundu ki, bu banklar artıq fəaliyyət apara bilmir. Ardıcıl olaraq bir sıra bankların lisenziyası alındı”.

Ekspertin sözlərinə görə, ötən dövrdə “AtaBank”, “ƏmrahBank” kimi bankların da lisenziyaları alındı, fəaliyyətləri dayandırıldı:

“İndiki halda bankların vəziyyəti qənaətbəxşdir. Çünki artıq manatın dayanıqlığı, bununla yanaşı kreditlərin verilməsi manat ifadəsində olduğu üçün elə bir riskli mühit yoxdur. Eyni zamanda bankların da elə bir gəliri yoxdur.

Pandemiya dövründə biznes aktivliyi dayandırılıb. Bank sistemində hər hansı ciddi problemlə yanaşı, ciddi gəlir də yoxdur. Vəziyyət üfiqi dalğalanır. Şübhəsiz ki, bank sistemində aktivlik müşahidə edilməsi üçün bir çox bankların birləşərək iri bank fəaliyyətinə çevrilməsi daha yaxşı olardı.

Ancaq bankların əksəriyyəti özəl olduğundan fikirlər də özəldir. Ancaq yenə də ixtiyar Mərkəzi Bankın əlindədir. Bank sirri deyilən bir məqam var. İl sonunda aparılan auditlər, Mərkəzi Bankın illik hesabatından sonra demək olar ki, təhlükə zonasına düşən bank var, yoxsa yoxdur. Konkret zaman və məkan çərçivəsində izləmək lazımdır. Ümumilikdə hələlik vəziyyət qənaşətbəxşdir”.

Bu günlərdə də hərracları keçiriləcək banklara gəldikdə, iqtisadçı deyir ki, bu hərraclarda indiyə qədər depozit hesablarındakı pullarını ala bilməyən vətəndaşlara sıra nömrəsi ilə hərrac nəticəsində o pullar qaytarılacaq:

“Proqnozlara görə, bu hərrac nəticəsində əldə olunmuş vəsaitlə belə, vətəndaşların pulunu qaytara bilməyəcəklər. Yəni bu hərrac kifayət etməyəcək”.