Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcəkbackend

Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında 2019/2020 mövsümünə yekun vurulacaq.

“Report”un məlumatına görə, turnirin final oyununda İspaniya “Sevilya”sı ilə İtaliya “İnter”i qarşılaşacaq.

Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.

Oyun öncəsi komandaların heyətində cəzalı futbolçu yoxdur. La Liqa təmsilçisində yüngül zədəsi olan Lukas Okamposun meydana çıxması sual altındadır. Milan klubunda isə zədəli Matias Vesinonun oynamayacağı dəqiqdir.

Bunadək UEFA Avropa Liqasında 5 dəfə (2006, 2007, 2014, 2015 və 2016) finala çıxan “Sevilya” bunların hamısında qalib gəlib. Bu mənada, əndəlusiyalıar rekordçudur.

Cari mövsüm turnirə “Qarabağ”ın da yer aldığı A qrupunda başlayan “Sevilya” 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda “Roma” (İtaliya), 1/4 finalda “Vulverhempton” (İngiltərə) və yarımfinalda “Mançester Yunayted”i (İngiltərə) mübarizədən kənarlaşdırıb.

Avropa Liqasında daha əvvəl 4 dəfə (1991, 1994, 1997 və 1998) final oynayan “İnter” isə bunların 3-də titula sahib çıxıb. Komanda 1997-ci ildəki həlledici matçda Almaniya “Şalke”sinə uduzaraq gümüş medallarla kifayətlənib.

Bu mövsüm avrokubok macərasına Çempionlar Liqasında başlayan “İnter” “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya) və “Slaviya” (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin başçılıq etdiyi komanda 1/16 finalda “Ludoqorets” (Bolqarıstan), 1/8 finalda “Xetafe” (İspaniya), 1/4 finalda “Bayer” (Almaniya) və yarımfinalda Ukrayna “Şaxtyor”unu məğlub edib.

“Sevilya” və “İnter” komandaları avrokuboklarda ilk dəfə üz-üzə gələcəklər. İspaniyalılar bunadək 13 dəfə İtaliya təmsilçilərinə qarşı oynayıblar – 6 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət.

“İnter” isə beynəlxalq arenada İspaniya klubları ilə 43 dəfə qarşılaşıb. Bunların 18-də uduzan komanda 14 dəfə qələbə sevinci yaşayıb. 11 matç isə heç-heçə başa çatıb.

20 oyundur məğlubiyyət üzü görməyən “Sevilya” son 9 görüşün 8-də qalib gəlib. Xulen Lopeteginin baş məşqçisi olduğu kollektiv bu mövsüm Avropa Liqasında keçirdiyi 11 oyunun yalnız 1-də uduzub.

“İnter” isə son 7 qarşılaşmada cəmi 1 qol buraxıb. 11 oyundur uduzmayan komandada belçikalı hücumçu Romelu Lukaku cari mövsüm Avropa Liqasında oynadığı 5 matçın hamısında qol vurmağı bacarıb.

UEFA Avropa Liqası

Final

23:00. “Sevilya” (İspaniya) – “İnter” (İtaliya)

Baş hakim: Denni Makkeli

Almaniya, Köln. “Reyn Energi” stadionu.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki