Tribuna İnformasiya Agentliyi

Bu gecə bizi üzmə, “Qarabağ”…

08 Noyabr

Aydındır ki, “Qarabağ”  tənqidlərdən, xalsız qalmaqdan təngə gəlib və “Vorskla” ilə qarşılaşmada heç olmasa, ilk xalını qazanmağa çalışacaq

Bu gün Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda  “Qarabağ” səfərdə Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq. Bakı vaxtilə saat 00:00-da başlayacaq görüşü isveçrəli hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Sandro Şarer olacaq. Ona Stefan De Almeyda və Bekim Zoqay köməklik edəcək.

“Arsenal”ın 3 oyundan sonra 9 xalla liderlik etdiyi E qrupunda Portuqaliya “Sportinq”i 6 xalla ikinci pillədə qərarlaşıb. Bu axşamkı rəqibimiz  “Vorskla” Bakıdan apardığı  3 xaldan sonra 3-cü yerdədir. Turnir cədvəlində sonuncu olan “Qarabağ”ın adı qarşısında isə oyunların sayını göstərən 3 və qapılarından buraxılan qolların hesabını göstərən 6 rəqəmləri var. Qalan nəticələr sıfırdır…

Bu təfsilatı ona görə yazmaqda fayda var ki, “Qarabağ”ın bu mövsüm uğursuzluğunun səbəbi barədə hamımız düşünək, bütün klublarda belə “qara zolaq” ola bilər deyib, köks ötürməklə kifayətlənməyək… İki səbəbi mən deyirəm: heyətdə oturuşmuş oyunçuları burada saxlamağa çalışmalı; ÇL-də oynamış klub daha uğurlu transferlər etməli idi.

“Neftçi”nin oyunlarına baxıram, bu klubun indiki uğurunun əsas səbəbi, məncə, həm də ağıllı transferləridir. Elə çempionatın içindən Dabonu transfer etməklə “Neftçi” çox şey qazanıb. “Qarabağ”ın xaricdən gətirdiyi oyunçular isə təəssüf ki, gedənlərin yerini tuta bilmədilər. Bəlkə də milli çempionatda qapıya yol tapa bilirlər, Avropa meydanlarında isə ürək ağrıdan sıfırlardan başqa bir nəticə yox… Qurban Qurbanov peşəkar kimi bu cür situasiyalara hazır adamdır, biz bugünkü oyunla yaşayırıq, o daha uzağı görür, şübhəsiz ki,  klubun “canının ağrıdığının” səbəbini də bizdən qat-qat yaxşı bilir. Ona görə də peşəkar həkim kimi  “xəstə”nin sirini vermir, əvəzində optimist danışır: Yaxşı olacaq, yorğunluqdur… və sair. İnanaqmı? İnanaq…

“Qarabağ” bizim canımızdır, ona görə ağrısını tez hiss edirik, bu cür bəlkə də kluba xoş olmayan reaksiya veririk. Türklərin bu yerdə işlətdiyi yaxşı bir ifadə var: bəlkə abartmayaq…

***

E qrupundakı hazırkı mövqeyimiz  “Qarabağ”ın bu mövsüm də Avroliqa qrupundan çıxa bilməyəcəyini  deyir. “Qarabağ” “Sportinq”lə səfər oyununda, “Arsenal”la isə Bakıdakı qarşılaşmalarda autsayder kimi oynamadı. Bu iki oyunda heç olmasa, bir xal qazanmaq mümkün idi. Poltava təmsilçisi ilə ev oyununda isə hamı qələbə gözlədiyi halda, klub uduzdu. Yəni ən pis hesablamalarda belə, hazırda bizim 4 xalımız olmalı idi. Bu 4 xalı qazana bilsəydik,  gələcək perspektivlə bağlı fərqli düşünə bilərdik. Bakıdakı məğlubiyyət isə “Vorskla”nın şanslarını artırdı və bu gün onlarla oynamaq daha çətin olacaq.

Baş məşqçi Qurban Qurbanov Bakını tərk edərkən oyunla bağlı danışarkən bu məqama da toxunub. “Biz oyunlarda çox xal itirdik. Hələ qarşıda itiriləsi çox şey var. Amma biz buna hazır olmalıyıq. Ola bilər ki, rəqib daha da istəkli olsun. Çünki onlar qələbə qazanacağı təqdirdə 6 xalları olacaq. Ola bilər ki, ”Sportinq”lə xalları bərabər olsun. Amma biz yenə də bu matçı düşünürük. Rəqibin heç bir fikri və düşüncəsi bizi maraqlandırmır. Sadəcə, biz daha da yaxşı oynayıb, yaxşı nəticə əldə etmək üçün səfərə yollanırıq”-Qurban Qurbanov  deyib ki, komandanın ümumi vəziyyəti pis deyil, futbolçulara iki gün tam istirahət də verilib. “Onların çoxdan buna ehtiyacları var idi. Ümidimiz böyükdür. Futbolçular həddindən artıq istəklidirlər. Bakıda məğlub olduğumuz görüşdən sonra mətbuat konfransında qeyd eləmişdim ki, hamımız üzgünük. Amma xeyli vaxt keçdi. Bu gün hiss edirəm ki, oyunçular daha yaxşı hazırlıqlıdırlar. Ukraynaya ümidlə gedirik. Düşünürəm ki, futbolçular  gözəl oyun və yaxşı nəticə üçün maksimum çalışacaqlar”-deyə, baş məşqçi bildirib.

 

***

“Vorskla” klubu Ukrayna çempionatında hazırda 4-cü sırada qərarlaşıb. Klub 14 oyundan 24 xalı toplayıb.  Yada salaq ki, Ukrayna çempionatında  12 klub mübarizə aparır. İkinci dəfədir Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Vorskla”nın (bundan əvvəl Ukrayna klubu 2011/12 mövsümündə qrup mərhələsində iştirakçı olub. “Hannover”, “Standard” və “Kopenhagen”lə eyni qrupda mübarizə aparan paltavalılar son pilləni tutublar) bu qrupda ikinci yerə iddiasının nə qədər ciddi ola biləcəyini  bugünkü qarşılaşmadan sonra biləcəyik. Oyunun heç-heçə olacağını gözləyənlər daha çoxdur, amma bu cür qarşılaşmalarda əvvəlcədən verilən proqnoz çox zaman tutmur. Aydındır ki, “Qarabağ” da tənqidlərdən, xalsız qalmaqdan təngə gəlib və bu gün heç olmasa, heç-heçə edərək ilk xalını qazanmağa çalışacaq. Rəqibin hansı taktika seçəcəyini demək çətindir, amma qələbəyə oynayacaqları şübhəsizdir. Bəlkə bu cür irəliyə meyllik “Qarabağ”a əks-hücumlarda rəqibi  cəzalandırmaq şansı verdi. Bu oyunda hücumdan çox müdafiə xəttinin necə oynayacağı daha əhəmiyyətli ola bilər. Zatən, elə güclü hücum sistemi və hücumçumuz yoxdur… Bu mövzuya heç girməyək…  

***

“Vorskla” klubunun saytında (https://vorskla.com.ua/ ttps://vorskla.com.ua/) “Qarabağ”ın Poltavaya gəlməsinə əks etdirən fotolar var. Azsaylı olsa da, orada yaşayan həmvətənlərimiz “Qarabağ”ı isti qarşılayıblar və futbolçular da bu qarşılanmadan məmnun görünürlər. Qalır bu gecə “Qarabağ”ın bizi üzməməsi…

Uğurlar, “Qarabağ”…

Nazim SABİROĞLU,