Bu bəla Qarabağ problemindən geri qalmır, bəs niyə ondan danışan yoxdur? – MÜSAHİBƏbackend

Bu bəla Qarabağ problemindən geri qalmır, bəs niyə ondan danışan yoxdur? – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda narkomaniyanın sürətlə yayılması müşahidə olunur. Vəziyyət o həddə çatıb ki, artıq ictimaiyyətin tanınmış simaları həyəcan təbili çalmağa başlayıb. Bu sırada hüquqşünas Aslan İsmayılovun adını çəkmək olar. O, bir neçə gün əvvəl narkomaniya ilə bağlı videomüraciət yayıb. Aslan İsmayılov sıradan bir şəxs deyil. Güman ki, onun əlində daha dəhşətli faktlar var. 

HİT.Az məsələ ilə əlaqədar Aslan İsmayılovla söhbətləşib. Müsahibəni təqdim edirik:

– Aslan bəy, narkomaniyanın vüsət alması ilə bağlı videomüraciət yaymısınız. Ölkəmizdə vəziyyət, həqiqətən, bu qədər dəhşətlidirmi?

– Bəli, təsəvvürə gəlməz dərəcədə dəhşətlidir. Bu gün Azərbaycan gəncliyi faktiki olaraq məhv olur. Azərbaycanın bütün bölgələrində gənclər, yeniyetmələr bu bəlaya yoluxub. Əsasən də metanfetamin adlı narkotik maddədən istifadə edirlər. Narkomanlar arasında buna “şüşə”, yaxud da “patı” deyirlər. Mən qısa araşdırma apardım. Bu metanfetamin ölümdür. Bunun başqa adı yoxdur.

Ən dəhşətlisi odur ki, narkodillerlər artıq məktəblərə də ayaq açıb. Bu bəla qız uşaqlarının arasında da geniş yayılıb.

– Bəzi iddialara görə, narkomaniyanın geniş yayılması bu bəlaya qarşı mübarizənin yetərincə aparılmaması ilə bağlıdır. Sizcə də, belədir, yoxsa başqa səbəblər var?

– Sizi əmin edirəm ki, bu gün hüquq-mühafizə orqanları bacardıqlarını edirlər. Amma bu bəlanın qarşısını almaq üçün onların mübarizəsi yetərli deyil. Cəmiyyət də bu işdə aktiv olmalıdır. Ancaq təəssüf ki, biz vətəndaşlarımızın bu sahədə fəallığını görmürük.

O videomüraciəti yaydıqdan sonra Daxili İşlər Nazirliyindən mənimlə əlaqə saxladılar. Məlum oldu ki, təkcə ötən il tonlarla narkotik maddə məhv edilib. Təsəvvür edirsiniz, bu, nə deməkdir? Əgər əvvəllər qram, uzağı bir neçə kiloqram narkotik maddə tutulurdursa, indi aşkar edilən, yaxud dövriyyədən çıxarılan narkotikanın miqdarı tonlarla ölçülür. Bu fakt göstərir ki, hüquq-mühafizə orqanları boş dayanmayıb. Amma yenə də deyirəm, vətəndaşlar da fəal olmalıdır.

– Belə iddialar səsləndirilir ki, narkotik maddələrin dövriyyədən çıxarılması imitasiya xarakteri daşıyır…

– Bunlar əsassız iddialardır. Mənə də bu barədə yazmışdılar. Daxili İşlər Nazirliyindən mənə bildirdilər ki, narkotik maddələrin məhv edilməsi prosesində iştirak edib, hər şeyi gözlərinizlə görə bilərsiniz. Orada bununla bağlı xüsusi komissiya var. Narkotik maddələr məhkəmə qərarı ilə məhv edilir. Əgər belə iddia səsləndirənlərdə konkret faktlar varsa, buyurub mənə müraciət etsinlər.

– Dediniz ki, narkomaniyaya qarşı mübarizədə cəmiyyət fəallıq göstərmir. Sizcə, bu biganəliyin səbəbi nədir? 

– Bizim vətəndaşlar düşünür ki, hər şeyi onların yerinə kimsə etməlidir. Bu mövzunu qabardandan sonra mənə yüzlərlər adam yazıb, videolar, fotolar göndərib ki, paylaşın. Halbuki bunu özləri də edə bilər. Axı tək Aslan İsmayılovun paylaşımları ilə iş bitmir. Paylaşmayanda da deyirlər ki, Aslan İsmayılov da narkobarondur. Qəribə düşüncə var bizim cəmmiyyətdə.

Başqa bir səbəb isə cəmiyyəti hərəkətə gətirən qüvvələrin olmamasıdır. Azərbaycanda vətəndaş cəmiyyəti institutları faktiki olaraq yoxdur. Daha doğrusu, yüzlərlər QHT var, amma onların nə iş gördüyü bəlli deyil. Hər halda bu bəla Qarabağ problemindən heç də geri qalmır. Amma bu barədə danışan varmı? Mediada yazırlarmı?

Hesab edirəm ki, vətəndaş cəmiyyəti institutları hərəkətə keçməlidir. Media bayağı şou verilişlərinə son verib, bu mövzunu qabartmalıdır. Təhsil, Səhiyyə Nazirlikləri maarifləndirmə işləri aparmalı, bunun ziyanları barədə gəncləri məlumatlandırmalıdır. Narkomaniya koronavirusdan da qorxuludur. Ona görə də koronavirusla bağlı açılan modul tipli xəstəxanaların bir neçəsini reabilitasiya mərkəzlərinə çevirmək lazımdır. Bu gün reabilitasiya mərkəzləri, demək olar ki, yoxdur. Yalnız güc strukturlarının mübarizəsi ilə, həbslərlə iş bitmir.

Mən təklif etmişəm ki, Baş Prokurorluğun nəzdində Koordinasiya Şurası var. Ora Baş Prokuroluq, Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər və Ədliyyə Nazirlikləri daxildir. Əlavə olaraq, “qaynar xətt” yaradılmalıdır. Narkomaniyaya Qarşı Mübarizə Komissiyası var idi. Əvvəl oranın rəhbəri Baş nazirin keçmiş müavini Əli Həsənov idi, indi bilmirəm kimdi.

– İndi Əli Əhmədovdur.

– Olsun. Bu komissiya hərəkətə keçməlidir. Bu barədə məlumat verən vətəndaşların anonimliyinin qorunmasına zəmanət verilməlidir. Axı hər kəs öz yaşadığı ərazidə kimin bu işlə məşğul olduğunu bilir. Məsələn, mənə yazmışdılar, konkret ünvan da göstərmişdilər ki, Bayılda 3 qız bu işlə məşğuldur. Amma heç kim bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermək istəmir.

– Bəlkə, narkodillerlərin himayədarlarından ehtiyat edirlər…

– Ehtiyat edirlərsə, ölkənin müxtəlif tanınmış ictimaiyyət adamlarına, o cümlədən mənə müraciət etsinlər. Biz ictimailəşdirərik. Hesab edirəm ki, bütün bunlar bəhanədir. Sadəcə, hamı gözləyir ki, kimsə onun yerinə nə isə etsin. Amma dərk etmirlər ki, vəziyyət, həqiqətən də, faciəvidir. Təsəvvür edin, bank müdirlərindən biri danışır, onlara çoxsaylı zəng olur ki, oğlum evi girov qoyub kredit götürmək istəsə, verməyin. Çünki aparıb o pulu “şüşə”yə verəcək. Xoşqədəmin, Zaurun verilişlərində saxta faciəvi olaylar quraşdırıb, camaatı aldadırlar. Əsl faciə qalıb bir kənarda. Bu bəladan danışsınlar.

İndi bir nüansa toxunacam, yenə deyəcəklər ki, Aslan İsmayılov hər məsələdə Ramiz Mehdiyevlə Əli Həsənovu ittiham edir.

-Doğrudan da, Ramiz Mehdiyevlə Əli Həsənovun bu məsələyə hansısa şəkildə aidiyyatı var?

– Demirəm ki, onlar narkotik satır, yaxud satdırır. Amma onlar Azərbaycanın icitmiai-siyasi mühitini, cəmiyyətə elə kökə saldılar ki, biz bunun fəsadlarını hələ illər sonra görəcəyik. Medianı, vətəndaş cəmiyyəti institutlarını məhv etdilər, bu xalqın problemlərini qabardanları “vətən xaini” çıxardılar. Televiziyaları, mətbuatı yaltaqlarla, öz maraqları naminə millətini, dövlətini sata biləcək adamlarla doldurdular. Bax indi bir problem olanda səsini çıxaran yoxdur. Onların yetişdirdiyi və hələ də meydanda at oynadan ictimai-siyasi fiqurlara isə cəmiyyət etibar etmir.

– Belə hesab edənlər var ki, narkomaniyanın yayılmasına məqsədli şəkildə şərait yaradılır. Hansısa qüvvələr bununla xalqın genefondunu dağıdırlar… 

– Bəli, daxildə və xaricdəki müəyyən qüvvələr buna maraqlıdır. Təsadüfi deyil ki, bu gün xaricdə oturub, Azərbaycanda narkotik maddələrin realizasiyası ilə məşğul olanlar var. Mənə yüksək rütbəli məmurlardan biri dedi ki, narkotik maddələrin istehsalı və satışını təmin etmək üçün yüksək texnologiyalardan istifadə edilir. Söhbət Azərbaycandan gedir. Biləsiniz, bu gün Azərbaycanda dövriyyədə olan sintetik narkotik maddələrin yarısı xaricdən gətirilbsə, yarısı elə burada istehsal edilib. Evlərdə plantasiyalar, laborotoriyalar mövcuddur. Mən ona görə həyəcan təbili çalıram ki, problem kifayət qədər ciddidir. Bunun qarşısını almasaq, bu xalqın gələcəyi məhv olacaq.