Tribuna İnformasiya Agentliyi

Britaniya hökuməti: Rusiya Skripalı azı 5 il izləyib

13 Aprel

Rusiya xüsusi xidmət orqanları 5 il ərzində Böyük Britaniyada Sergey Skripalı izləyiblər.

 

APA-nın “İndependent”ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Mark Sedvill tərəfindən NATO baş katibi Yens Stoltenberqə göndərilən məktubda deyilir. Məktub Sergey Skripal və qızının Solsberi şəhərində zəhərlənməsi üzrə aparılan təhqiqata həsr olunub.

 

Məktubda Skripal işi ilə bağlı məxfi informasiyalar yer alıb. Orada deyilir ki, Rusiya xüsusi xidmət orqanları bir neçə il ərzində “Noviçok” əsəb-iflic qazı ilə sınaqlar aparıblar. Skripallar məhz bu qazla zəhərlənib. Bundan başqa, Rusiya xüsusi xidmət orqanları 2013-cü ildən bəri Skripalların elektron poçtunu da nəzarətdə saxlayıb.

 

M. Sedvill Rusiyanın Solsberi olayını təşkil etməsi ehtimalının yüksək olduğunu bildirib: “Bu məsələdə yalnız Rusiya texniki vasitələrə, əməliyyat təcrübəsinə və motivə malikdir”.
Qeyd edək ki, Skripalların martın 4-də zəhərlənməsi hadisəsi beynəlxalq miqyasda geniş əks-səda doğurub və Rusiya ilə Qərb arasında yeni diplomatik böhrana səbəb olub.