Tribuna İnformasiya Agentliyi

Braziliya məhkəməsi “Embraer” və “Boeing” arasındakı razılaşmanın icrasını dayandırıb

07 Dekabr

Braziliyanın San-Paulu ştatının Federal Məhkəməsi ölkənin təyyarə istehsalçısı “Embraer” şirkəti və ABŞ-dakı rəqibi “Boeing” korporasiyası arasında alyansın yaradılması ilə bağlı əldə edilmiş razılaşmanın icrasını dayandırıb.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Hakim hər iki şirkətin rəhbərliyinə müraciət edərək onları hələ ki, birgə fəaliyyəti dayandırmağa çağırıb. O, qərarını Braziliya prezidenti Jair Bolsonarunun səlahiyyətlərinin icrasına başlaması, həmçinin qarşıdan yeni ilin gəlməsi ilə izah edib.

Məhkəmə qərarı Braziliya parlamentinin bəzi üzvlərinin bu sazişin dövlət şirkəti və ümumilikdə milli iqtisadiyyat üçün sərfəli olmaması ilə bağlı narahatçılığı fonunda qəbul edilib. Bundan öncə Braziliyanın solçu Əmək Partiyasının 4 nəfər konqressmeni ölkə hökumətinə və “Embraer” şirkətinə qarşı saziş danışıqlarının dondurulması tələbi ilə iddia qaldırıblar.

Xatırladaq ki, “Boeing” və “Embraer” bu ilin iyul ayında sərnişin təyyarələrinin istehsalı və müvafiq xidmətlərin göstərilməsi ilə bağlı birgə müəssisənin yaradılmasına dair planlarını elan edib. Şirkətlərin imzaladığı sazişə əsasən, birgə müəssisənin 80%-i “Boeing”ə, 20%-i isə “Embraer”ə məxsus olacaq.