Tribuna İnformasiya Agentliyi

“Böyümək üçün bəzən böyük hesablı məğlubiyyətlər lazım olur” – Qurban Qurbanov

05 Oktyabr

“Məğlub olduq. Dünəndən bu oyun haqda çox danışırdıq. Fikrimiz rəqibdən çəkinməyərək, öz oyunumuzu oynamaq idi. Bunu bacardıq. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onlar möhtəşəm idilər”. Modern.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Arsenal”a oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

Qurban Qurbanov vurğulayıb ki, böyümək üçün bəzən bu cür böyük hesablı məğlubiyyətlər lazım olur: “Qalib gəlmək üçün isə qol epizodları yaratmalısan. Yaratdığımız qol epizodlarından yararlana bilmədik”.

Baş məşqçi bildirib ki, oyun ərzində pressinq tətbiq etmələri düşünülmüş addım olub: “Pressinq tətbiq etməyimiz düşünülmüş addım idi. Emerinin son dəfə nə zaman 3 mərkəz müdafiəçi ilə oynadığını xatırlamıram. Heyəti görəndən sonra bəzi dəyişikliklər etdik. Amma bu, bizim üçün tanış sistemdir. Azarkeşlərə yaxşı futbol göstərmək istəyirdik. Bunu bacardığımız üçün sevinirəm”.