Böyük Zəfərin zərif təcəssümübackend

Böyük Zəfərin zərif təcəssümü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ölkəmizdə hər şey, Azərbaycanın hər bucağı Zəfər libası ilə, Qalibiyyət rəmzləri ilə gözəlləşib.  Amma bu gözəlliyin yaranması 30 illik bir savaşın, mücadilənin nəticəsidir. 8 Noyabr Şuşanın azadlığı ilə mübarizəmizin zirvəsinə yüksəlsək də bu olimpə addım-addım, qarış-qarış gəldik. Müzəffər Ali Baş Komandan İlham Əliyev öz sözünü və əməlini illər boyu həyata keçirməklə  millətinin Qələbə xoşbəxtliyinə yetməsinə vəsilə oldu.

Böyük Zəfərə gələn yolda hər gün, hər saat minlərlə insan mücadilə verdi. Bəzən yorulduq, bəzən usandıq, ümidsizləndiyimiz anlar da oldu. Amma bu xoşbəxt günə, saata gedən yolda Müzəffər bir kişi ilə yanaşı addımlayan, heç vaxt yorulub usanmayan, ümidini bir saniyə belə itirməyən daha bir şəxs, müzəffər duruşlu bir qadın da vardı. O Ali Baş Komandanın ən yaxın silahdaşı, ömür-gün yoldaşı, ilhamı və inamı Mehriban Əliyeva idi.

İndi “Şuşa bizimdir”, “Qarabağ Azərbaycandır” deyib, köks dolu qürurla nəfəs alanda düşünürəm ki, Böyük Zəfərin müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdirsə, onun Zərif Təcəssümü Mehriban Əliyevadır. Atalar elə-belə deməyib ki, qadın kişinin arxası, evinin qurucusu, nəslin tərbiyəçisidir. İndi bu aspektdən baxanda həqiqətin nə qədər dərin və incə olduğunu fərqinə varırsan. Mehriban Əliyevanın illərdir üzərinə düşən missiyanın nə qədər ZƏRİF, İNCƏ olması ilə bərabər, necə məsuliyyətli və ağır olduğunu da hiss etməmək mümkün deyil.

Mehriban Əliyeva özü müraciətlərinin birində qeyd edib ki, İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim: “Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir”.

Bu dəyərlərə söykənən insanın ailəsi, həyatı və xalqı da xoşbəxt olmağa layiq idi, oldu da. Çünki halallıq, mehribanlıq olan yerdə din də var, bərəkət də var!

“Mən ənənəvi dəyərlərin qorunduğu Azərbaycanın ziyalı bir ailəsində dünyaya göz açıb, boya-başa çatmışam” deyən, Mehriban Əliyeva ailə dəyərlərini həmişə hər şeydən üstün tutub. Anasızlığın acısını yaşayan incə qəlbi hər kəsin ağrısına şərik olmaqda daim həssas olub. Onun milli dəyərlərə sadiqliyi öz nəslinin köklü dəyərləri ilə bağlıydısa, ictimai-siyasi həyatda tutduğu yolda isə qarşısında böyük bir örnək, MÜƏLLİM vardı. O, ümummilli lider Heydər Əliyev idi. Mehriban Əliyeva qeyd edir ki, həyatının böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamaqdan xoşbəxtdir: “Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin, iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir”.

Böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün qoyduğu irs və vəsiyyətlər oğul İlham Əliyev üçün nə qədər əzizdirsə, dəyərlərə sadiq, ailə kimi bir nemətə tutunan gəlin Mehriban Əliyeva üçün də bir o qədər müqəddəsdir. Ona görə də belə bir BÖYÜK ŞƏXSİYYƏTİN arzu və vəsiyyətlərini həyata keçirmək üçün ailə olmaq, ələ-ələ, çiyin-çiyinə durmaq Mehriban Əliyeva üçün bir mayak idi. O, özü ailə haqda  “ailə mənim üçün, düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir” deyir:

“Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət edir. Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim – müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslanır. Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır. O, bu son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən, inamından və sevgisindən. İnanıram ki, xoşbəxt şəxsi ailə həyatı, sevgi və qarşılıqlı hörmət ab-havası da burada əvəzolunmaz rol oynayır”.

8 Noyabr tarixində bu sevgi, bu mehribanlıq və bu məsləkdaşlıq xarüqələr yaratdı. Öz məntiqi sonucuna vardı. Azərbaycan 30 ildən çox əsarətdə olan torpaqlarını, Ağdamını, Füzulisini, Cəbrayılını, Zəngilanını, Qubadlısını, Laçınını, Kəlbəcərini və nəhayət Qarabağın incisi, Azərbaycanın ürəyini Şuşasını azad etdi. Ürəklərə su səpildi, qürurumuz yerinə oturdu və o Böyük Zəfər birliyin, sevgilərin tərənnümünə çevrildi. Eyni zamanda 250 illik Qələbə möhtacı olan bir xalqı yenidən zirvələrə daşıdı.

44 günlük müharibədə və sonra onun yaralarının aradan qaldırıldığı digər vaxtlarda da biz Müzəffər Ali Baş Komandanın yanında, onun şəxsi mühafizəçisi kimi ən çətin yerlərdən turmuş, duyğulu, kövrək anlarına qədər xanım Mehriban Əliyevanı gördük. Böyük Zəfərin zərif təcəssümü olan Mehriban Əliyeva bir an belə öz ailəsibi, dövlət başçısı İlham Əliyevi yalnız buraxmadı. Onunla bərabər xalqının ən kövrək, acılı anlarında da,  eyni zamanda qürurlu olan ŞƏHİD mərasimlərində, onların ailələrinə, övladlarına diqqətini də əsirgəmədi. Müzəffər KİŞİ qalibiyyət, zəfər əsərlərinə imza atdıqca, Mehriban Əliyeva müzəffər Qadın kimi xalqın içində bir ailə kimi yaraların sarınması ilə məşğul oldu.

Heydər Əliyev Fondunun Mehriban Əliyevanın təşəbbüsü ilə Şuşada düzənlədiyi “Xarıbülbül festivalı” isə 30 illik ağrı-acıdan sonra ZƏFƏR TÖRƏNİ idi. Bunu haqq eləyən Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və bu Böyük Zəfərin zərif təcəssümü Mehriban Əliyeva idi.

Qarşıda isə bizi mədəniyyət beşiyi, doğma diyarımız  Qarabağda quruculuq, abadlıq işləri gözləyir. Azərbaycan sərhədlərini tam təmin etməyə gedən yolda Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəhməti nə qədər vacib və əhəmiyyətlidirsə, sərhədləri tam təmin edilmiş bir ölkənin, evin içərisini qurmaq, yaratmaq, gözəlləşdirmək missiyası isə öz xalqı ilə birlikdə o zərif, amma bir o qədər də möhkəm iradəli Mehriban Əliyevanın da üzərinə düşür. Amalınız mübarək olsun, əziz Mehriban xanım! Bu amalın, bu müqəddəs  məqsədin həyata keçirilməsində Sizə möhkəm səhhət, uzun ömür, tükənməz güc-enerji arzulayırıq!

Mətanət Ağamirli,

Əməkdar jurnalist