Tribuna İnformasiya Agentliyi

“Böyük şirkətlər əcnəbi işçiləri bizimkilərdən üstün tutur” – Deputatdan ETİRAZ

07 May

Azərbaycanda çalışmaq istəyən əcnəbilərin sayı ildən-ilə artır. Öz kadrlarımız arasında işsizlik problemi yaşansa da, bəzi iri xarici şirkətlər məhz əcnəbi mütəxəssislərə üstünlük verir. Təbii ki, əcnəbilərin aldıqları əmək haqqı da Azərbaycan vətəndaşlarının məvacibləri ilə müqayisədə xeyli artıq olur. Bu da həmin sahədə çalışan yerli mütəxəssislərin haqlı narazılığına səbəb olur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a deyib ki, xaricdən ölkəmizə əcnəbi fəhlələr gətirilir və yerli işçilərimiz işsiz qalır.

“Mənim əlimdə dəqiq məlumatlar var ki, Azərbaycanda birgə müəssisələr Əfqanıstandan, Pakistandan, Hindistandan çox ucuz işçi qüvvələri gətirirlər. Onları buradakı şirkətlərdə işlədirlər. 10-15 nəfər bir otaqda qalır. Bunun nəticəsində də yerli mütəxəssislərimiz işsiz qalır”.

Deputat bildirib ki, Azərbaycanda tikinti sektorunun 70-80 faizində şənbə və bazar günləri də işlər görülür.

“Ya da insanlar 7-8 saatdan çox işlədilir. İnsanlar istismar olunur. Qara mühasibatlıq tərtib olunur. İnsanların həyatı gedir. Bu çox çətin və ağır məsələdir. Bunu yoluna qoymaq lazımdır”.

T.Kərimli deyib ki, ölkəmizdə çalışan əcnəbi şəxslərə yerli mütəxəssislərdən çox maaş verilir.

“Yerli mütəxəssislərimizin maaşı onlarınkından çox aşağıdır. Bu halı da aradan qaldırmaq üçün müəyyən addımlar atılmalıdır.