Tribuna İnformasiya Agentliyi

Böyük Britaniyadan iri oliqarxlara daha bir zərbə

07 Dekabr

Böyük Britaniya bu gündən, yəni dekabrın 7-dən başlayaraq zəngin əcnəbilərə investisiya vizalarının verilməsini dayandırır. Yeni vizaların təqdim olunması qaydaları isə olduqca sərtləşdirilir. Viza proqramı öz işini hələ 2019-cu ildən sonra bərpa edəcək.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu vaxta qədər tətbiq olunan 1-ci dərəcəli investisiya vizaları (Tier 1) ölkə iqtisadiyyatına 1 milyon funt-sterlinq qoyan şəxslərə verilirdi. Həmin vizaların sahibləri daha sonra Böyük Birtaniyada yaşamaq izni alırdılar. Bu da onların sonradan vətəndaşlıq alması üçün hüquqi əsasa çevrilirdi.

Xarici iş adamları 2, 5 və ya 10 milyon funt sterlinq qoyaraq ölkədə 3 və ya 5 illik yaşamaq hüququnu qazana bilirdilər. Statistikaya görə 2017-ci ilin sentyabrından, 2018-ci ilə qədər 361 şəxs bu vizanın sahibi olub ki, onlardan 115-i Çin, 68-i isə Rusiya vətəndaşıdır.

Məlum sistemin tənqidçiləri Britaniya vizalarının xaricdən gətirilən pulların yuyulması məqsədilə istifadə olunduğunu durmadan təkrarlayırdılar. İmmiqrasiya naziri Kerolayn Nouks ölkəsinin bundan sonra “qaydalara uyğun davranmayan” şəxslərə dözümlü yanaşmayacağını vəd edib.

Böyük Britaniya viza ile ilgili görsel sonucu

Yeni ildən etibarən investisiya vizası almaq istəyən şəxslər biznes maraqlarını özləri tərəfindən Birtaniyada təmsil etmək məcburiyyətində qalacaqlar. Bundan başqa investorların auditi məcburi qaydada həyata keçiriləcək. Həmçinin viza ilə bağlı ərizə verənlər əllərindəki investisiya vasitələrinin 2 illik hesabatını təqdim etməli olacaqlar. Üstəlik yeni viza sahiblərinə Böyük Britaniya dövlət istiqrazlarına sərmayə qoymaq qadağan olunur.

Hələ bu ilin sentyabr ayından Böyük Britaniyanın ölkəyə milyardlarla sərmayə qoyan Rusiya vətəndaşlarının şübhəli gəlirləri ilə bağlı ciddi tədbirlər görəcəyi bəlli olmuşdu.

“Financial Times”ın məlumatına görə, təkcə Londona axıdılan “çirkli pullar”ın ümumi həcmi azı 90 milyard funt-sterlinq təşkil edir.

Keçən il isə Böyük Britaniyada “Kriminal maliyyə haqqında akt” (Criminal Finances Act) qəbul olunub. Buna görə, mənbəyi müəyyən edilə bilməyən sərvətə görə onun sahibləri həbs oluna bilər. Bu hüquqi sənəd hakimiyyət orqanlarına 50 min funt-sterlinqdən yuxarı istənilən şübhəli aktivin sahibindən izahat tələb etmək hüququnu verir.

Əgər sahibkar öz gəlirlərinin leqal mənbəyini açıqlaya bilməsə hüquq mühafizə orqanları onun mülkiyyətinə həbs də qoya bilirlər.