Tribuna İnformasiya Agentliyi

Böyük Britaniya 23 rus diplomatını ölkədən qovdu – casusun zəhərlənməsi qalmaqalı

14 Mart

Böyük Britaniya və Rusiya arasında siyasi böhrana səbəb olan casus problemi dərinləşir. Rəsmi London BMT Təhlükəsizlik Şurasının fövqaladə iclasını çağırıb. Bundan başqa Böyük Britaniya hökuməti 23 rus dipolmatını ölkədə qovub.

Böyük Britaniya rusiyalı casus Sergey Skripalın və onun qızının zəhərlənməsi hadisəsi ilə bağlı olaraq NATO-nu da məsələyə daxil edib.

Hadisə ilə bağlı olaraq NATO üzvü olan 29 ölkənin daimi nümayəndələrindən təşkil olunan Şimali Atlantika Şurasına (NAC) məlumat verən rəsmi London müttəfiqlərinə zəhərlənmənin Rusiyanın hərbi məqsədlərlə yaratdığı insan beyninin neyronlarını məhv edən xüsusi maddədən qaynaqlandığının təsbit edildyini bildirib.

Bunun üzərinə açıqlama verən NAC hücumun beynəlxalq hüququn norma və müddəalarını açıq şəkildə pozduğunu vurğulayaraq, Rusiyadan Böyük Britaniyanın suallarına cavab verməyi tələb edib.

Son hadisənin NATO qurulduğundan bu yana İttifaq torpaqlarındakı ilk kimyəvi hücum olduğuna diqqət çəkən NAC “Kimyəvi silahların qadağan olunması haqqında” Konvensiyaya görə, dünyada bu cür silahlardan istifadənin qadağan olunduğunu qeyd edib.

Açıqlamada buna rəğmən Suriyada indi də həmin silahlardan istifadə olunduğunu bildirən NATO dolayısı ilə bu məsələdə də Əsədin yaxın müttəfiqi Rusiyanın günahkar olduğuna eyham vurub.