“Bon Appetit”lə bağlı mübahisə böyüyür: – xanım sahibkara cinayət işi açdırmaq istəyirlərbackend

“Bon Appetit”lə bağlı mübahisə böyüyür: – xanım sahibkara cinayət işi açdırmaq istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bon Appetit” qənnadı mağazalar şəbəkəsinin təsisçilərindən olan Bahar Qayıbova-Andersen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyeva müraciət edib. Müraciətə səbəb B. Qayıbova-Andersenin sonradan mağazalar şəbəkəsinə şərik etdiyi şəxslərlə yaranmış mülki mübahisədir. Müraciət müəllifi iddia edir ki, şərikləri tərəfindən haqsızlıqla üzləşib, bu azmış kimi hazırda məhkəmələr tərəfindən araşdırılan mülki məsələni ona qarşı cinayət işinə çevirmək istəyirlər.

B. Qayıbova-Andersen İ. Əliyev və M. Əliyeva yazdığı və ölkə KİV-lərinə təqdim etdiyi müraciətində bildirir:

“Hörmətli cənab Prezident,

Hörmətli Birinci Xanım,

Mən, “Bon Appetit” qənnadı mağazalar şəbəkəsinin təsisçilərindən biri Bahar Qayıbova-Andersen, xahişimin nəzərə alınması və ədalətin bərqərar olunması ümidi ilə Sizə müraciət edirəm.

1998-ci ildə ailəmlə birlikdə Azərbaycanda ilk “Bon Appetit” qənnadı mağazalar şəbəkəsini açdım. Uzun müddət ərzində biz uğurla çalışır və məhsullarımızla müştərilərimizə sevinc bəxş edirdik.

2018-ci ildə mən, şirkətin inkişaf etdirilməsi məqsədilə, Prezidentin Xüsusi Mühafizə Xidmətinin əməkdaşı Fuad Allahquluzadənin həyat yoldaşı Elmira Allahquluzadənin vasitəsilə onunla iş birliyi qurdum. Aramızda rəsmi müqavilə tərtib edilməmiş və bağlanmamışdır. Tərəfdaşlığımız hər iki tərəfdən dəfələrlə dəyişdirilən şifahi razılaşmalar əsasında qurulmuşdur. İlkin olaraq razılaşdırılmışdır ki, idarəçilik baş direktor Rüfət Ələkbərovun (F. Allahquluzadənin yaxın qohumu) rəhbərliyi altında Fuad Allahquluzadənin komandası tərəfindən həyata keçiriləcək. Yeni komanda istənilən tərəfdaşlıqda mövcud ola biləcək risklər barədə xəbərdar olmaqla, öz mülahizəsi ilə biznesə vəsaitlər qoyurdu. Həmin komandanın idarəçiliyi altında bir neçə aydan sonra, şirkət əvvəlki keyfiyyətini, işçilərini və ən əsası “Bravo” supermarketlər şəbəkəsi ilə mühüm tərəfdaşlıq əlaqələrini itirdi. Mən, “Bravo” ilə tərəfdaşlığı bərpa etmək və məhsulun əvvəlki keyfiyyətini qaytarmaq üçün işə müdaxilə etməli oldum. Rüfət Ələkbərovun rəhbərliyi altında on bir ay ərzində fəaliyyət nəticəsində şirkətə 300 min manatdan artıq zərər vuruldu, bununla bağlı mən, zərərin ödənilməsi tələbi üzrə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etdim. Məhkəmə Rüfət Ələkbərovun şəxsi əmlakı üzərinə həbs qoydu.

2019-cu ilin fevral ayında Fuad Allahquluzadə e-mail vasitəsilə bildirdi ki, tərəfdaşlığa xitam verir, bu müddət ərzində guya sərmayə kimi qoyduğu 750 min manatın ödənilməsini tələb etdi.

Bu zaman, bütün qəbzlər və həmin məbləğin şirkətə investisiya olaraq yatırılmasını təsdiq edən rəsmi sənədlər mənə təqdim edilməmişdir. 2019-cu ildə Fuad Allahquluzadənin həyat yoldaşı Elmira Allahquluzadə Bakı Kommersiya Məhkəməsinə müraciət etdi. Nəticədə, heç vaxt şirkətin aktivi olmayan, şəxsi əmlak olan fabrikin üzərinə həbs qoyuldu. Pandemiya və iddiaçının ekspertizalara gəlməməsi səbəbi ilə məhkəmə prosesi yubanırdı. Bu münaqişənin sülh yolu ilə həlli və zərərin ədalətli kompensasiyası istiqamətində etdiyim cəhdlər müsbət nəticə vermədi. Mən dəfələrlə bildirmişəm ki, rəsmi qəbzlərə əsasən real məbləği qaytarmağa hazıram, lakin bu məbləğ Fuad Allahquluzadənin tələb etdiyi məbləğdən əhəmiyyətli dərəcədə azdır.

Hazırda mənə təzyiq göstərirlər və mülki işin cinayət işinə çevriləcəyi ilə təhdid edirlər. Məsələ sırf kommersiya xarakteri daşısa da, şikayətçinin xahişlərini və paralel olaraq işə ədalət mühakiməsi qaydasında baxılmasına rəğmən, bütün imkanları ilə işə ədalətlə baxılmasına mane olmağa çalışır. Mübahisənin həll edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna müvafiq olaraq aparılmalı olsa da, mənim nəzərimcə, F. Allahquluzadə tələbinin əsassız və heç bir sübuta əsaslanmadığını bildiyi üçün məsələnin saxta ittihamlar vasitəsilə hüquq-mühafizə orqanları tərəfindən həll edilməsinə çalışır. Bütün bunlar isə Azərbaycan qanunvericiliyinin kobud pozuntusu, ədalət mühakiməsinin aparılmasına menə olmaq deməkdir.

Mən səmimi olaraq inanıram ki, hüquq-mühafizə orqanları mülki mübahisəyə mülki müstəvidə ədalətli qiymət verəcək və araşdırmanı davam etdirəcəklər.

20 il ərzində biz fəal inkişaf edən Azərbaycanda uğurlu biznes qura bildik, iş yerləri yaradırdıq və çoxsaylı müştərilərimizə sevinc bəxş edirdik.

Hörmətli cənab Prezident və Birinci Xanım, sizdən xahiş edirəm ki, xahişimə anlayışla yanaşıb, mülki mübahisənin qanun və ədalətlilik çərçivəsində həll edilməsində köməklik göstərəsiniz”.

Sonda bir daha xatırladırıq ki, B. Qayıbova-Andersen “Bon Appetit” qənnadı mağazalar şəbəkəsini Azərbaycanın sabiq Baş prokuroru, mərhum İsmət Qayıbovun ailə üzvü kimi 1998-ci ildə qurub.

P.S: F. Allahquluzadənin, onun həyat yoldaşının və R. Ələkbərovun da məsələyə münasibətlərinə hörmətlə yanşır, onların da fikirlərinə yer ayırmağa hazırdır. //reytinq.az//