BNA-NIN MÜƏMMALI TENDERİ: “ALPİNA PARKİNG CONSULTİNG” VƏ 2.1 MİLYON MANATLIQ “MƏSLƏHƏT”backend

BNA-NIN MÜƏMMALI TENDERİ: “ALPİNA PARKİNG CONSULTİNG” VƏ 2.1 MİLYON MANATLIQ “MƏSLƏHƏT”

“XİN-də keçirilən əməliyyatda məlum oldu ki, Nazirliyin bütün tenderlərdə “otkat” və “şapka” olub – bu yeni xəbər deyil ki, istənilən nazirlik və dövlət orqanında tenderlər məhz belə keçirilir”.

TİA.AZ xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli bildirib. O deyib ki, ən çox pozulan tender qaydalarından biri odur ki, müsabiqədə iştirak edən hüquqi və fiziki şəxslərin tender elan olunan sahədə təcrübəsi olmalıdır. “Amma, görürsən ki, 1-2 ay qabaq qeydiyyatdan keçən şirkətlər tenderlərin qalibləri olurlar. Bir daha: Bu hal bütün nazirliklərə və dövlət orqanlarına xasdır”. Cəfərli maraqlı bir faktın da üstünü açıb.

O bildirib ki, bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib, müsabiqənin qalibi “Alpina Parking Consulting” MMC şirkəti olub. “Bilirsiz bu şirkət BNA üçün nə edəcək?! Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq. Şirkər BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin. Müqavilənin dəyəri 2 mln. 100 min manatdır. Deyəsən, çox ağır məsləhətlər olacaq”.

Partiya sədrinin müavini BNA-nın tender məsələsini ələ salmaqdan da çəkinməyib. “Uca Şirvinin ruhuna and olsun ki, “Elmlər”də 20 ildi “parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələnin kökünü, problemlərin həll yolunu BNA-ya 35 dəqiqəyə (daha tez edərdi e, sadəcə BNA tez anlamaz) izah edər”.

O qeyd edib ki, “Alpina Parking Consulting” MMC şirkəti cəmi 4 ay qabaq yaradılıb, 2 ay qabaq da bu tenderi udub. “Adamlar dahidilər yəqin, heç bir təcrübələri yox, uğur hekayələri yox, birdənbirə 2,1 mln. manatlıq məsləhət satmağa nail oldular. Bir az qaşısan bu şirkətin B(İ)NA uşaqlarına yaxın olduğu üzə çıxacaq”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki