Tribuna İnformasiya Agentliyi

BNA-dan taksilərlə bağlı anlaşılmaz QƏRAR – “…bu əlavə vəsait, məsuliyyət tələb edən məsələdir”

12 İyul

İyulun 9-da Ələt-Astara magistral yolunun Masallı rayonunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində 8 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası, bir sıra diqqətçəkən məqamları üzə çıxardı.

Hadisənin səbəbləri ilə bağlı dövlət qurumlarının açıqlamalarından sonra üzə çıxan məsələlər hələ də sərnişindaşımada problemlərin olduğunu göstərdi.

Belə ki, ilk olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlama yayaraq yol qəzası törədən sürücü Nizami Mustafayev qeyri-leqal sərnişindaşıma ilə məşğul olduğunu və yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna, qeyri-leqal sərnişindaşıma ilə məşğul olduğuna dair barəsində dəfələrlə polisə şikayət etdikləri bildirib.

N.Allahyarova deyib ki, Bakı Beynəlxalq Avtovağazalından kənarda sərnişindaşıma ilə məşğul olan Nizami Mustafayevin barəsində məxsus Dövlət Yol Polisi tərəfindən dəfələrlə cəza tədbiri də görülüb. Amma buna baxmayaraq, sürücü qeyri-qanuni fəaliyyətini davam etdirib.

Bu açıqlamadan məlum olur ki, şikayət edilib, cəza tətbiq olunmasına baxmayaraq yenə də insanların həyatı təhlükəsizliyi tam şəkildə qorunmur.

Ardınca isə ağır yol-nəqliyyat hadisəsi törədən sürücü Nizami Mustafayevin taksi fəaliyyəti göstərməsi üçün Bakı Nəqliyyat Agentliyindən (BNA) “Fərqlənmə nişanı” alması ilə bağlı məlumatlar yayıldı. BNA-nın mətbuat katibi Mais Ağayev isə yayılan məlumata bu cür aydınlıq gətirdi:

“Məsələyə düzgün şərh verilməsinin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün “Fərqlənmə nişanı”nın verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub.

Nizami Mustafayev agentliyə müraciət edərək yalnız Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə “Fərqlənmə nişanı”nın verilməsini istəmiş və ərizəsinə də müəyyən edilən sənədləri (verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini) əlavə edib. Sürücü tərəfindən sonuncu dəfə “fərqlənmə nişanı” alınmasına dair ərizə 02.07.2019 tarixində təqdim edilib. Ərizə və ona əlavə edilən sənədləri nəzərdən keçirilib normativ hüquqi aktların tələbləri əsas götürülərək Nizami Mustafayevə onun istəyinə uyğun müddətdə yalnız Bakı şəhərinin inzibati ərazisində “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyətinin həyata keçirilməsi üçün “Fərqlənmə nişanı” verilib.

Qeyd olunan nəzərə alaraq bir daha bildiririk ki, vətəndaş Nizami Mustafayevin Bakı Nəqliyyat Agentliyindən aldığı “Fərqlənmə nişanı” ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa icazə verir. Sürücünün Bakı şəhərinin inzibati ərazisi hüdudlarından kənarda bu “Fərqlənmə nişanı” ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur”.

Açıqlamada diqqətçəkən məqam isə odur ki, taksi fəaliyyəti üçün verilən “Fərqlənmə nişanı” niyə ərazi vahidlərinə bölünməlidir? Məsələn, paytaxta M.Ağayevin dediyi şərtlərlə taksi fəaliyyəti göstərən sürücü sərnişin istəyinə uyğun olaraq Bakıdan Xaçmaza, Qubaya, Sabirabada və yaxud digər bir regiona gedə bilməzmi? Əgər bu qanunsuzdursa, bunun üçün hansı cəza mexanizmləri nəzərdə tutulur?

BNA-nın mətbuat katibi Mais Ağayev Cebhe.info-ya açıqlamasında deyib ki, təmsil etdiyi qurumun verdiyi lisenziya yalnız paytaxt ərazisində fəaliyyətə imkan verir:

“Bakı Nəqliyyat Agentliyinin verdiyi “Fərqlənmə nişanı” ilə yalnız müəyyən olunmuş ərazidə taksi fəaliyyəti göstərməyə icazə verilir. Paytaxtdan regionlara sərnişindaşıma üçün lisenziyanı isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti verir. Ərzidən kənara çıxan sürücülər üçün cərimə mexanizmi var, amma onlarla artıq yol polisi məşğul olur, onların səlahiyyətindədir”.

Yol nəqliyyatı üzrə mütəxəssis Azər Allahverənov isə Cebhe.info-ya açıqlmasında deyib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bankı Nəqliyyat Agentli həmin fərqlərin nə üçün olduğunu əsaslandırılmış şəkildə bildirsələr yaxşı olar:

“Düşünür ki, istənilən halda bu, mütəşəkkillik tələb edən məsələdir. Təbii ki, taksi şirkətlərinə məxsus olan avtomobillər bir qayda üzrə getməlidirlər. Fərqlənmə, rəng çalarları, zəruri şahmat lövhəsi, taksometrlərin quraşdırılması və digər elementləri özündə cəmləşdirən bir xidmət olmalıdır. Reallıq bundan ibarətdir ki, bu məsələ ilə bağlı fikir irəli sürməyə çalışırıq. Çox zaman o ideala yaxın olan bir modeli ortalığa qoyuruq. Amma bəzi hallarda dərhal bu keçidi təmin etmək olduqca çətin olur. Taksilərin nümayəndəsi olmasam da, müəyyən mənada onların fəaliyyətləri barədə bir istehlakçı, bu sahədə bəzi informasiyaları detallarına qədər öyrənməyə meyilli olan şəxs kimi maraqlıyam. Tam əminliklə deyə bilərəm ki, təbii, ideala yaxın olan modelin tətbiq olunması vacibdir. Amma bəzi hallarda bu, həmin şirkətlərin bəzi maraqları ilə üst-üstə düşməyə bilər. Çünki bu əlavə vəsait, məsuliyyət tələb edən məsələdir. Şirkətlər bəlli məsələdir ki, bəzi tələblərə cavab verə bilmir. Görünür ki, aidiyyatı qurumları optimal variant seçiblər. Ola bilsin ki, bu keçid dövrü üçün optimal variantdır. Özləri bunu daha yaxşı bilərlər. Amma bizim dediyimi kimi, ideala yaxın xidmətin təşkili üçün zəruri işlər görülərsə, taksilərin paytaxt hüdüdlarından kənarda fəaliyyəti cavabdeh olan aidiyyatı qurumlar da qəbul edilən tələblərə uyğun işləri görəcəklər. Sadəcə olaraq bu gün təbii olaraq hədəf Bakı şəhəri götürülür. Bakı şəhərində bu məsələdə nizam intizamın təmin olunması ilə bağlı zəruri işlər həyata keçirilir. Əminlikdə deyə bilərəm ki, bu heç də asan məsələ deyil. Bu gün inzibati üsulla bir çox məsələlərə nail olmaq olur, amma çox ağır fəsadlar verir. Müəyyən narazılıqlar səbəb olur. Ona görə də qərarlar verilən zaman digər maraqlı tərəflərin fikirləri öyrənilir, onların maraqları nəzərə alınır ki, dediyimiz maraqların toqquşması məsələsi baş verməsin. Yəni bir tərəfdən bazar iqtisadiyyatı baxımından sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasi haqqında danışırıq, digər tərəfdən isə hansısa inzibati, sərt üsullar vasitəsilə heç də bu tələblərə hazır olmayan şirkətləri fakt qarşısında qoyuruq ki, onlar bunu etməlidir. Düşünürəm ki, bu yanaşma bu gün formalaşmaqdadır və təbii ki, bu da nəticələr verəcək. Bundan sonra bu modeli digər inzibati ərazilərdə də zəruri işlər həyata keçiriləcək ki, deyilən yanlışılıqlar, fərqli yanaşmalar olmasın. Bu, mənim subyektiv fikrimdir, ola bilsin ki, aidiyyatı qurumlar bu məsələyə başqa cür baxırlar. Onların da əsaslandırması başqa elementləri özündə ehtiva edir”.