BNA 40 min vergi borcu olan şirkətlə müqavilə bağlayıbbackend

BNA 40 min vergi borcu olan şirkətlə müqavilə bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyi (BNA) aprel-may aylarında toplam dəyəri 833 497.28 AZN təşkil edən 4 satınalma müqaviləsi imzalayıb.
Reportyor.info xəbər verir ki, müqavilələr “Mobilex” MMC, “JLR Auto” MMC, “Sear Supply” MMC “Babayev Group” MMC ilə bağlanıb.
Müqavilələrdə dayanma, durma və parklanma qaydalarının nizamlanması istiqamətində yaradılmış BNA-ya məxsus Mərkəzi İnformasiya Sisteminin texniki imkanlarının təkmilləşdirilməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin, agentliyin balansında olan xidməti minik maşınlarının təmiri və texniki xidmət işlərinin, Bakı şəhərinin küçə və prospektlərində piyadaların təhlükəsiz hərəkəti üçün qoruyucu tumbaların quraşdırılması işlərinin və daşınma xidmətinin satın alınması nəzərdə tutulur.
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Mobilex” MMC 18 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 15, mənzil 11/12-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Orxan Musa oğludur.
Açıq mənbələrdə Orxan Abbasov barədə hər hansı məlumat yoxdur. “Mobilex” MMC haqqında da məlumatlar məhddudur.
BNA-nın dövlət satınalmaları ilə bağlı apardığımız araşdırmalar zamanı məlum olur ki, qurum “Mobilex” MMC ilə sıx “əməkdaşlıq” edir. Qurum 2020-ci ildə iki dəfə satınalma müqaviləsi imzalayıb. Eyni gündə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 786 462.55 AZN-dir. 2021-ci ildə BNA ilə şirkət arasında 425 137.1 AZN dəyərində satınalma müqaviləsi imzalanıb.
“Mobilex”in veb-səhifəsində qeyd edilib ki, 2018-ci ildən etibarən şirkət BNA ilə müqavilə bağlayaraq “Mərkəzi İnformasiya Sisteminin müəyyən edilmiş qaydada fəaliyyəti üçün Sistemə göstəriləcək texniki dəstək xidməti” göstərməyə başlayıb. Lakin bu müqavilə barədə ətraflı məlumat yoxdur.
BNA ilə 179 154 AZN dəyərində satınalma müqaviləsi imzalayan “JLR Auto” MMC isə 19 fevral 2021-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Qəmərli Orxan Zəlimxan oğludur.
Şirkət və qanuni təmsilçisi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.
“JLR Auto” MMC həm yeni yaranmış şirkətdir, həm də 206.3 AZN vergi borcu var. Bu şirkətin satınalma müsabiəqsində iştirakı “Dövlət satınalmaları haqqında” Qanuna ziddir. Qanuna görə müsabiqədə iştirak edən şirkətin vergi borcu olmamalı, həmçinin satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması gərəkdir. Bir ilin şirkətinin bu kriteriyalara cavab verəcəyi inandırıc görünmür.
BNA-nın müqavilə bağladığı “Sear Supply” MMC 22 yanvar 2016-cı ildə qeydiyyata alınıb.Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Səlimli Rəşad Fərman oğludur. Açıq mənbələrdə sözügdən şirkət və sahibi barədə hər hansı məlumat yoxdur. Bircə o məlumdur ki, “Sear Supply” MMC BNA-nın sevimli şirkətlərindədir. MMC vaxtaşırı adıçəkilən dövlət qurumunun keçirdiyi tenderlərin qalibi olur. “Sear Supply”nin şübhəli şirkət olması onun mal və xidmətlərindən də görünür.
2021-ci ildə BNA-nın tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC-nin balansında olan xidməti avtomobillərin sürtkü materialları ilə təminatını, dövri texniki baxışı və təmir xidmətlərini həyata keçirən şirkət 2020-ci ilin sentyabrında bu quruma xüsusi geyim formaları satıb. Bunun müqabilində “BakuBus”MMC şirkətə 505 686 AZN ödəyib. 2020-ci ilin dekabrında isə BNA ilə “Sear Supply” MMC arasında “Piyadalar üçün təhlükəsizlik dirəklərinin (tumbaların) satın alınması, quraşdırılması və 1 (bir) illik texniki xidmət”in həyata keçirilməsi ilə əlaqədar müqavilə imzalanıb. Müvaviləyə əsasən qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA şirkətə 441 084 AZN ödəyib.

“Sear Supply”MMC-nin həm geyim formaları, həm sürtkü materialları, həm təhlükəsizlik dirəkləri satması, üstəgəl avtomobillərə texniki baxış həyata keçirməsi maraqlıdır. Ola bilər ki, şirkət çoxprofillidir. Amma belə bir şirkət haqqında hər hansı məlumatın olmaması onun fəaliyyətində qaranlıq məqamların olmasına şübhələri artırır.
Yeri gəlmişkən, “Sear Supply” MMC-nin bu günə olan vergi borcu 47 062.47 AZN təşkil edir.
“Babayev Group Company” MMC-yə gəlincə, şirkət 6 noyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Babayev Raman Şaiq oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.
Gülay