“Bloomberg”: “Putin rus anaları daima susdura bilməz”backend

“Bloomberg”: “Putin rus anaları daima susdura bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Bloomberg” agentliyi “Putin rus anaları daima susdura bilməz” başlıqlı məqalə yayıb.

Məqalənin müəllifi “Bloomberg”in icmalçısı Klara Ferreyra Markesdir.

 

Klara Markes vaxtilə “Reuters” agentliyinin Honkonq, Sinqapur, Hindistan, Böyük Britaniya, İtaliya və Rusiya bölmələrində çalışıb.

TİA.AZ Novator-a istinadla xəbər verir ki, “Putin rus anaları daima susdura bilməz” məqaləsində deyilir ki, prezident Vladimir Putinin təbliğat maşını Rusiyada dönməz liderin, nizam-intizamlı ordunun və düşmənlərlə əhatələnmiş, vətənin gələcəyi uğrunda çarpışan qüdrətli xalqın olduğu barədə görüntü, bir obraz yaradır: “Rusiya Ukraynanın bir hissəsini işğal etsə də, rus əsgərlər Ukrayna torpağında soyğunçuluqla, təcavüzlə məşğul olsa da, Kreml müharibə ilə bağlı öz versiyasını təbliğ edir”.

Ancaq müəllif bildirir ki, müharibə uzandıqca döyüşdən qayıtmayan kişilərin sayı da artır və bu acı həqiqəti hətta Putin də tam ört-basdır edə bilməz: “Rusiyanın əvvəllər apardığı hərbi əməliyyatlarda əsgər ailələrinin qəzəbi və kədəri ictimai rəyi oyatmağa kömək edib, ordunun və dövlətin nüfuzuna xələl gətirib. Bu hadisələr yenə baş verə bilər”.

Məqalədə vurğulanır ki, Rusiyanın Ukraynadakı itkiləri artıq dəhşətli həddə çatıb: “Dəqiq rəqəm söyləmək çətindir. Çünki Rusiya Müdafiə Nazirliyi bir aydan çoxdur bu barədə rəsmi açıqlama vermir. Əvvəlki açıqlamasında da nazirlik itki sayını xeyli aşağı göstərərək 1351 nəfər rusiyalı hərbçinin həlak olduğunu bildirib. Ancaq Ukrayna döyüşlərdə 30 min rusiyalı hərbçinin həlak olduğu qənaətindədir və bu, çox böyük rəqəmdir. Hətta bu rəqəmin yarısı belə, Britaniya müdafiə nazirinin apreldə hesabladığı kimi, Sovet İttifaqının Əfqanıstanda on il ərzində verdiyi itkilərin rəsmi sayından heç də aşağı deyil”.

Məqalədə daha sonra deyilir: “Biz artıq anaların gücünü görmüşük. Ötən əsrin 80-ci illərində əsgər meyitləri Əfqanıstandan möhürlənmiş sink tabutlarda gətirilirdi, onların məzar daşlarının üzərində yalnız “Beynəlxalq borcunu yerinə yetirərkən həlak olub” sözləri həkk edilirdi. Vaxt ötdükcə narazı analar birləşməyə, ölənlər və yaralananlar barədə məlumat tələb etməyə başladılar. Onlar həm də rusca “dedovşina” adlandırılan, gənc çağırışçılara qarşı zorakılıqları, amansız davranışı ifadə edən hala qarşı fəal mübarizə apardılar və ilk dəfə sovet hərbçilərini hesabat verməyə məcbur etdilər.

Birinci çeçen müharibəsində də Əsgər Anaları Komitəsi öndə getdi. Analar Çeçenistan paytaxtı Qroznıya yürüş edərək oğullarının evə qayıtması üçün danışıqlar apardılar, ölənlər, yaralananlar haqda məlumatlar topladılar.

2000-ci ildə 118 nəfərin olduğu “Kursk” atom sualtı qayığının batmasına Putinin sistemsiz reaksiyası anaları özündən çıxarmışdı. Təbdən düşmüş bir əsgər anası Kreml rəsmilərinə səslənərək “Onlar ayda 50 dollar qazanırlar və indi bu konserv qutusunda ilişib qalıblar! Mən onu nəyə görə böyütmüşəm?! Sizin uşaqlarınız varmı?!” demişdi. Həmin vaxt o qadını susmağa məcbur etdilər. Televiziya kadrlarına qadına necə iynə vurulduğu və bundan sonra onun huşunu itirdiyi düşmüşdü. Sonradan həmin ana ona uyuşdurucu dərman vurulduğunu inkar etsə də, ictimai qəzəbi yatırmaq çətin olmuşdu”.

Klara Markesin qənaətinə görə, 2022-ci ildə, internet, sosial şəbəkələr zamanında vəziyyət daha fərqli olacaq.

Müəllif məqaləsində London Universitetində Rusiyanın daxili siyasəti üzrə təhsil alan Ben Noublun fikirlərinə də yer ayırır.

Ben Noubl hesab edir ki, Rusiyanın televiziya kanallarının hansı təbliğatı aparmasından asılı olmayaraq, itkilər, eləcə də iqtisadi çətinliklər Putin rejiminin istər təbliğatını, istərsə də repressiyasını üstələyəcək: “Çünki itkini də, iqtisadi çətinliyi də birbaşa yaşayan sadə rusiyalılardır. Ona görə günün birində həm rejim, həm əhali üçün dönüş nöqtəsi olacaq”.

Klara Markes yazır ki, Putinin vəziyyətini ağırlaşdıran əsas üç faktor var: “Birincisi, o, ictimai böhranın öhdəsindən gələ bilmək üçün özünü həssas, qayğıkeş göstərməyə çalışır, amma hətta avtokratların standartları ilə yanaşanda da Putində bu, yetərincə alınmır. O, Ukraynada müharibəyə başlayandan yalnız üç ay sonra yaralı hərbçilərə baş çəkməyə vaxt tapdı. Kreml prezident qayğısını nümayiş etdirmək məqsədilə Moskva xəstəxanasında soyuq əl sıxmaların video görüntülərini yaydı. Əslində həmin xəstəxanada heç kimin xəstə görkəmi yox idi. Ben Noublun təbincə desək, Putin rejimi insani siması olmayan bir rejimdir.

İkincisi, mart ayında Rusiya əhalisindən müharibə haqda nə düşündüyü soruşulanda əksəriyyət əvvəlcə Rusiya ilə qürur duyduğunu bildirmişdi. Amma sonra bu qürur hissini qorxu, narahatlıq və vahimə əvəzləməyə başladı. Qorxu, narahatlıq və vahimənin xüsusilə gənc respondentlərin hiss və həyəcanında ön plana çıxdığı müşahidə olunur. Eyni zamanda narazı qohum-əqrəbanın öz sözünü deməyə başladığı, hərbi komissarlıqlara hücum çəkdiyi faktları mövcuddur.

Nəhayət, Putin qadınların ana olduqlarını məxsusi vurğulamağa başlayır, çünki o, Rusiyanın acınacaqlı demoqrafik vəziyyəti ilə də mübarizə aparır və cəmiyyəti cilovlamaq məqsədilə ənənəvi baxışlardan istifadə edir. Təsadüfi deyil ki, Putin Sovet İttifaqı dövründə çoxuşaqlı qadınlara verilən “Qəhrəman ana” adını da bərpa edib.

Analar, bacılar və həyat yoldaşları nə Putini devirə, nə də müharibəni bitirə bilərlər. Onların əzabları nə qoşunları Əfqanıstandan çıxarmış, nə də Sovet İttifaqının sonunu gətirmişdi. Lakin anaların kədəri və dövlət mediasının ört-basdır edə bilmədiyi qurbanların sayının artması gözlənilməz fəsadlar törədə, ordunun və dövlətin işinə kölgə sala bilər.

Nobel mükafatı laureatı, yazıçı Svetlana Alekseyeviçin “Müharibənin qadın siması  yoxdur” kitabından parçalar çap olunduqdan sonra bir qadın yazıçıya deyib: “Biz iki ayrı-ayrı dünyalarda yaşamağa öyrəşmişik: kitablardan və mətbuatdan oxuduqlarımızla şəxsi təcrübəmiz arasında böyük fərq var. Yazdığınız hər şey doğrudur, amma reallıq hətta yazdığınızdan da acınacaqlıdır”.