Tribuna İnformasiya Agentliyi

“Bizə icbari tibbi sığorta sitemini idarə edə biləcək kadrlar lazımdır” – deputat

14 İyul

“İcbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiq olunması ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti, Səhiyyə və Maliyyə nazirlikləri tərəfindən Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə birgə iş aparılır. İcbari tibbi sığortanın hüquqi, iqtisadi və təşkilati əsasları işlənib hazırlanır. Bildiyimiz kimi, icbari tibbi sığorta artıq iki ildir ki, ölkədə tətbiq olunur. Əvvələr 2, indi isə 4 rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Nəticələr isə kifayət qədər müsbətdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev deyib. Deputat bildirib ki, gələn ildən icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiq olunması müəyyən çətinliklər və probelmlər yarada bilər.

“İlk növbədə qeyri-formal məşğulluğun aradan qaldırılması və ya azaldılması istiqamətində çox ciddi işlər görülməlidir ki, İcbari Tibbi Sığorta Fonduna yığılan vəsaitin məbləği tibbi xərcləri qarşılayacaq məbləğdə olsun. Həmçinin, əmək haqlarının leqallaşdırılması, icbari tibbi sığorta sitemini bölgələrdə idarə edə biləcək kadrların hazırlanması da çox ciddi bir məsələdir. Biz indi 2-3 rayonda bu işi qurmuşuq, amma bütövlükdə ölkə ərazisində bu işi bilən kadrlar lazımdır. Bu istiqamətdə də Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə treninqlər, kurslar təşkil edirlər”.

M.Quliyev hesab edir ki, gələn ildən daha bir regionda icbari tibbi sığortanı tətbiq etməklə növbəti ildən bütün ölkə ərazisində gerçəkləşdirilməsinə başlanıla bilər.