Bitki çaylarıyla qaraciyəri və böyrəyimizi məhv edirik! – Türkiyəli transplantoloqdan vacib açıqlamalar – VİDEObackend

Bitki çaylarıyla qaraciyəri və böyrəyimizi məhv edirik! – Türkiyəli transplantoloqdan vacib açıqlamalar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başkent Universiteti Ankara xəstəxanasının transplantalogiya şöbəsinin cərrahı Ebru Soy dünyaca məşhur professor Mehmet Haberalın komandasında əsas kadrlardan biridir. Türkiyədə orqan nəqli üzrə olan azsaylı qadın cərrahlardandır. Həftədə ən azı 2-3 dəfə orqan nəqli ediləcək xəstəyə donor olan şəxsdən lazımi orqanı alıb Mehmet Haberala ötürür. Kifayət qədər riskli, məsuliyyətli və hər qadının bacarmayacağı bir işdir.

TİA.AZ xəbər verir ki, Medicina.az Ankara səfərində bu qeyri-adi və enerjili həkim cərrahdan orqan transplantologiyası, qaraciyəri sıradan çıxaran səbəblər barədə açıqlama alıb.
Ebru Soyla müsahibəni təqdim edirik.
-Ebru xanım, siz professor M.Haberalın rəhbərliyi ilə bu xəstəxanada həyata keçirilən yüzlərlə orqan nəqli əməliyyatında iştirak edən qadın cərrahsınız. Belə çətin sahəni seçdiyinizə görə peşman deyilsiz ki?
– Mən Hacettepe məzunuyam. Assistentliyim və ümumi cərrah olaraq yetişməyim Başkent Universitetində olub. Orqan nəqli ilə burda tanış oldum. Bu ixtisas üzrə Mehmet hocanın yanında təcrübə aldım. Bu, bir həkim kimi qürurvericidir. 15 ildir ki, Mehmet hocanın komandasındayam. Orqan nəqli komandasının başında Mehmet Haberal hoca durur. Ondan sonra 2 professor hocamız var, daha sonra biz dosentlər gəlirik. Qrupdakı 2 dosentdən biri mənəm. Burda bir çox transplantoloq yetişərək, Türkiyə və dünyanın bir çox yerlərinə gedib məsləyini davam etdirir.
Orqan nəqli digər cərrahi əməliyyatlar kimi deyil: çoxmərhələlidir. İş sadəcə xəstəni əməliyyat etməklə bitmir. Xəstəni və donoru buna hazırlamaq, həmçinin əməliyyatdan sonrakı dövrü də müşahidə etmək lazımdır. Bunların hamısını biz edirik. Bu zamana qədər Başkent Universiteti olaraq 3000 böyrək, 700 qaraciyər nəqli həyata keçirmişik.
Biz həm meyitdən, həm canlı donordan orqan nəqli edirik. Canlıdan orqan götürərkən, komandamız 2 qrupa bölünür. Eyni seansda, yəni eyni vaxtda donordan orqan alınır, alıcıya ötürülür. Mən həm orqan alınması, həm də nəqli əməliyyatlarına qatılıram.
Orqan nəqli cərrahiyyəsini seçdiyim üçün heç bir zaman peşman olmamışam. Başkent Universitetində orqan nəqli ilə tanış olduqdan sonra qəti qərar verdim ki, mən transplantoloq olacam. Zaman keçdikcə seçimimdə yanılmadığımı gördüm. Həkimi inanılmaz dərəcədə mənəvi doyuran bir işdir. Məsələn, bir xəstəyə deyirlər ki, sən gündə cəmi 1-2 stəkan su içə bilərsən, çünki böyrəyin hər an iflas edə bilər. Amma əməliyyatdan sonra xəstənə deyirsən ki, bundan sonra istədiyin qədər su içə bilərsən. Bir insanın normal həyata dönməsi insanın qəlbini qürurlandırır.
Fiziki olaraq bəli, çox yorucudur. Bu işin gecəsi-gündüzü, bayramı yoxdur. Çox streslidir. Hər qadının gücü yetməz. Açığı bu tempə alışmışam. Bir işi sevərək etsəniz, getdikcə ona daha da aşiq olursuz. Çox yorulduğum zamanlar olub. Cərrahla yanaşı, mən həm də anayam. Bir qızım var. Əlbəttə ki, işimdə uğurlar qazandıqca, özüm-özümlə mübarizə aparıb çətinlikləri aşıb, həm ailə, həm də işimi uzlaşdıra biləcəyəm.
-Hansı orqanı canlı insandan çıxarmaq daha çətindir: Böyrək, yoxsa qaraciyər?
-Qaraciyər daha mürəkkəbdir. Böyrəkdən 2 ədəddir, onu bütün olaraq çıxarırıq, digəri də bütün olaraq qalır. Amma qaraciyər tək orqandır. Nəql üçün qaraciyər 2 hissəyə bölünməldir. 2005-ci ildə – təcrübələr zamanı digər ümumi cərrahi əməliyyatlara girərkən, hocalarmız bizə deyirdi ki, aman diqqət edin, qaraciyərə toxunmayın, qanı durdura bilmərik. Bu sözlər yadımdadır. Təsəvvür edin, nə qədər təhlükəli orqandır. Amma bura gələndən sonra qaraciyərin ikiyə bölünməyini gördüm, bu mənim üçün möcüzəvi idi. Bu əməliyyatın öz texnikası var. İndi özüm qaraciyəri ikiyə bölə bilirəm.
Ümumi cərrahın ömür boyu edə biləcəyi 2 ən çətin əməliyyat var: qaraciyəri alma əməliyyatı və qaraciyərin nəqli.
-Qaraciyərin, böyrəyin donordan alınması, çıxarılması nə qədər müddət çəkir?
-Böyrəyin çıxarılması 1 saat çəkir. Qaraciyər bir az mürəkkəb olduğu üçün 3-4 saata alınır. Təcrübə qazandıqca sürət də artrır. Burda sürət şərtdir, vaxt məhduddur, amma tələsməyəcəksiniz, səbrlə işləmək lazımdır.
Canlı donordan alınan orqan həmən an nəql olunmalıdır. Onu soyuqda tuturuq. Nə qədər sürətli köçürülərsə, bir o qədər yaxşıdır. Orqanın zərərə uğraması az olur. Meyitdən alarkən də müəyyən vaxtı hesablayırıq. Orqan qansız qalır, sonra təkrar qanla dolur. Bu zaman orqan zərər görə bilər. Bunun üçün orqan qansız çox az vaxt qalmalıdır. Meyitdən orqanın bir an içində çıxarılıb, xəstəyə köçürülməsi lazımdır ki, orqan tutsun.
Türkiyədə orqan transplantasiyası üzrə bir neçə mərkəzlər var və onlar bölgələr üzrə sistemləşib. Əgər meyitdən orqan alınıbsa, həmin mərkəz orqanı götürüb, öz bölgəsində olan xəstəyə çatdırır. Yəni bir bölgədəki orqan uzaq bir bölgəyə daşına bilməz.
-Qaraciyərinin yarısı alınan xəstədə sonradan orqan yenidən həmin halına qayıdır. Bunun donor üçün sonradan bir çətinliyi, fəsadı varmı?
-Bəli, qaraciyər sonradan həmin ölçüsünə qayıdır. Amma biz orqandan payı damarları və öd yolları ilə birgə çıxardığımız üçün onlar xəstədə yenidən yaranmır və o donor bir daha qaraciyərindən pay verə bilməz.
Ümumiyyətlə, orqan nəqli komandası üçün orqanverici şəxs çox önəmlidir. Çünki orqanı alan xəstə zatən xroniki xəstədir, orqanizmi bu xəstəliklə mübarizə aparır. Amma donor sağlam, normal bir həyatı olan insandır. O, öz sağlamlığından pay verir. Bu donor tərəfindən böyük fədakarlıqdır. Donorun sağlığında nə əməliyyatdan öncə, nə də sonra heç bir problem olmamalıdır. Ona görə 4 gözümüz üzərində olur. Əgər bir şey olarsa, bunun vicdanı, yükü çox ağırdır, hər həkim bu yükü çəkə bilməz. Ona görə biz çox arzulayırıq ki, canlıdan yox, meyitdən orqan nəql edək.
-Bəs siz orqanlarınızı bağışlamısınızmı? Türkiyədə bu məsələ qanunla necə tənzimlənir?
-Bəli, mən bağışlamışam. Nəinki mən, xəstəxanamızda çox insan. Bağışlamağımızı təsdiq edən rəsmi bir kartımız olur yanımızda. Amma Türkiyədə qanunlar bunu tələb edir ki, orqanlarını bağışlayan insanın beyin ölümü gerçəkləşəndən sonra mütləq birinci dərəcəli ailə üzvü, yaxını orqanların alınması üçün razılığını verməlidir. Mənim yaxınlarım da buna qarşı deyil, onlar da mənimlə eyni fikir. İnsanlar yaşayan və yararlı orqanları ilə torpağa gömülməməlidir. Orqanları hədiyyə etmək lazımdır.
-Doktor, qaraciyərin sıradan çıxmasına nə səbəb olur. Məsələn, Türkiyədə insanları qaraciyər nəqlinə gətirən səbəblər hansılardır?
-Bizim bölgəmizdə xroniki qaraciyər xəstəliklərinə birinci səbəb Hepatit B və C virusudur. Qaraciyərin damarlarında tıxanmalara da rast gəlinir. Türkiyədə genetik Vilson sindromu çox yayılıb. Qaraciyərin metobolizması ilə bağlı problemlər çoxdur. Uşaqlarda dərmanlara və Hepatit A-ya bağlı bir anda qaraciyər çökməsi baş verə bilər. Qaraciyər yetməzliyinin adı Sirrozdur. Sonunda hamısının çıxış yolu qaraciyər nəqlidir, başqa yol yoxdur. Qaraciyəri viruslardan qorumaq üçün vaxtında hepatit peyvəndi olunmalı, hepatit analizləri verilməli və müalicə olunmalıdır.
-Azərbaycandan Başkent xəstəxanasına ən çox hansı orqan nəqli üçün xəstələr gəlir?
-Azərbaycandan böyrək çatışmazlığı ilə gələn xəstələrimiz daha çoxdur. Qaraciyər xəstələrində isə Hepatit B ilə bağlı çatışmazlıqdır. Təəssüf ki, xəstələr sirrozun son mərhələsində bizə gəlir, zaman çox itirirlər. Əslində müntəzəm təqib olarsa, Hepatit B, C xəstəsi doğru zamanda orqan nəqli olunsa ömürləri daha uzun olar.
-Bir insan necə anlaya bilər ki, artıq qaraciyərində problem var?
-İnsanın özünün bilməsi üçün artıq gec mərhələdə olan bariz simptomlar lazımdır. Bunlar sarılıq, gözlərdə saralma, qaşınma, qaraciyər xəstələrinə xas qarında şişkinlik, ayaq və qollarda arıqlama. Bu hala gəlmək artıq vəziyyətin pis oduğunu göstərir. Bəzən qaraciyərdə problem təsadüfi olaraq aşkarlana bilər. Məsələn, bizdə işə qəbul zamanı hepatitlərdən analiz tələb olunur, insan o analizlərdə hepatit olduğunu bilir. USM müayinədə qaraciyərdə şiş, piylənmə aşkarlana bilər. İnsan qaraciyərinin nə vaxt simptom göstərəcəyini gözləməməlidir. Mütləq analizlər, tarama proqramları olmalıdır. Sadəcə xərçəng çek-upları olmamalıdır. Qaraciyər üçün də olmalıdır. Diaqnoz qoymaq elə də çətin deyil.
-Antibiotiklər, hormonal dərmanlar, bəzi BAD-lar, bitkilər qaraciyəri sıradan çıxara bilərmi?
-Bəli, köhnə üsul dərmanlar, həmçinin ağır dərmanlar, bitki çayları, Səhiyyə Nazirliyinin rəy vermədiyi arıqlama tabletləri, çayları içib, qaraciyərini sıradan çıxarıb gələnlər olur. Soruşuruq ki, nə içmisən, deyir arıqlamaq üçün bitki çayı içdim. Qripim var idi, bitki qarışımı içdim. Xalq təbabəti reseptlərini qarışdırıb, bir anda qaraciyəri çökən insanlar olub. Meşədən, dağdan yığılan göbələkdən qaraciyəri sıradan çıxanlar olub. Qaraciyər toksinləşir və buna çox həssasdır.
-Qaraciyəri qorumaq üçün oxuculara bir həkim kimi nə tövsiyələriniz var?
-Qaraciyər sağlığı üçün içkidən, yağlı qidalardan uzaq durmaq, hepatitdən qorunmaq, peyvənd olunmaq lazımdır. Müntəzəm müayinələr, analizlərdən keçsinlər. Vitamin, dərman, digər şeyləri ancaq həkim resepti və tövsiyəsi ilə içsinlər. Bitkilərlə çox ehtiyatlı olsunlar. Bazardan, küçədən hər hansı bitkini, çayı alıb içməsinlər. Bu gün tibb və texniki imkanlar o qədər inkişaf edib ki, xəstəlik ilk başda vaxtında aşkarlanarsa, tibbin gücü ilə müalicə edə bilmədiyimiz xəstəlik yoxdur. Yetər ki, xəstə həkimə vaxtında gəlsin.