Biri 21, digəri 15 ildir nazir müavin idi – Vəzifədən çıxarılanlar və vəzifəyə gətirilənlər KİMLƏRDİR?backend

Biri 21, digəri 15 ildir nazir müavin idi – Vəzifədən çıxarılanlar və vəzifəyə gətirilənlər KİMLƏRDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanın gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb.

Bununla bağlı noyabrın 29-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar.

AZXEBER.COM yeni təyin olunan və bundan öncə çalışan nazir müavinləri ilə bağlı daha geniş məlumatları diqqətinizə çatdırır.

İşdən çıxarılan İntiqam Vaqif oğlu Babayev uzun illərdir ki, Gənclər və İdman nazirliyinin əsas aparıcı şəxslərindən biri hesab olunur. Xüsusilə də gənclər sferasında İntiqam Babayevin kifayət qədər gücü olduğu bəlli həqiqətlərdən biridir. O 26 ildir çalışdığı nazir müavini kimi, Azərbaycanda gənclər sektorunun əsas məsul şəxslərindən biri və cavabdeh şəxslərindən idi.

O, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999 – 2000 ildə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən etibarən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

 

İşdən çıxarılan digər nazir müavini İsmayıl Sultan oğlu İsmayılov 15 ilə yaxındır ki, nazirlikdə çalışıb. O, nazirliyin idman sahəsindəki fəaliyyətinə məsul şəxs kimi tanınıb. 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür. 1982-1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri, 1992-1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssisi, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçısı, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.

Olimpiya oyunlarında Azərbaycanın istənilən nəticə verməməsi, uzun illərdir idman sahəsinə ayrılan diqqətin məntiqi nəticəsinin əldə olunmaması bütün fikirləri bu sahəyə yönəltmişdi. İsmayıl İsmayılovun vəzifədən kənarlaşdırılmasının səbəblərindən birinin də bu olduğu düşünülə bilər.

Nazir müavini postuna yenə təyin olunan İndira Niyazi qızı Hacıyeva isə gənclər sektorunda kifayət qədər tanınan və bilinən bir ada sahibdir. Belə ki, o gənclər siyasətinin əsas memarlarından biri hesab edilir.

 

Xanım müavin 24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 27.02.2006- 19.09.2007-ci il müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olmuşdur. 01.01.2012-ci il tarixdən isə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2011-ci il tarixli 1311 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 2131 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə ” ordeni ilə təltif edilmişdir.

 

Gənclər və İdman Nazirliyinə təyin olunan digər yeni müavin Mariana Toteva Vasileva isə əslən bolqar əsillidir. O uzun illərdir ki, idman sahəsində çalışır və beynəlxalq dərəcələrə sahibdir. Güman edilir ki, Mariana xanım nazirliyin idman sahəsinə məsul olacaq.

Qeyd edək ki, keçmiş nazir Azad Rəhimov vəfat edəndən sonra 7 sentyabr 2021-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov yeni nazir olaraq təyin edilib.