Tribuna İnformasiya Agentliyi

Bir vaxtlar tualetdə yatıb-dururdu, indi Londonun ən varlı adamlarındandır — VİDEO,FOTO

08 Avqust
İngiltərənin kral ailəsinə türk yeməkləri hazırlayaraq məşhurlaşan Hüseyin Özərin çox dramatik həyat hekayəsi var.

“Ölkə.Az” bu gün oxucularına bir zamanlar yatmağa yeri olmadığı halda indi Londonun ən zəngin adamlarından birinə çevrilən Hüseynin həyat hekayəsini təqdim edir.

63 yaşı olan Hüseyin Özər Türkiyənin Tokat vilayətində anadan olub. Amma çox çətin uşaqlıq dövrü olub. Uşaq yaşlarında anası və atası ayrılır və onu istəmirlər. Hüseyini bir kənd ağasının yanına verirlər. Məktəbə getməyən Hüseyin keçiləri güdür və çoban Cəlal əmi ona oxumağı və yazmağı öyrədir.

Amma Hüseyinə ailəsinin zərbələri davam edir. Böyük qardaş anasından qalan tarlalara şərik olmaması üçün Hüseyinə zəhərli əncir verərək öldürməyə çalışır. Amma məqsədinə çata bilmir. Hüseyin baş verənləri belə xatırlayır:

“Bir gün zəhərli ənciri ağzıma atdım və həmən tüpürdüm. Uşaqlara danışdım və boxçalarını açıb məni yeməyə qonaq etdilər”.

Sonra anası bilet alaraq Hüseyini Ankaraya göndərir. Qadının məqsədi Hüseyinin orada işləyərək onu övladlıqdan çıxaran atasını öldürmək üçün silah ala bilməsi olub. 11 yaşlı Hüseyinə isə kimsəsiz olduğu üçün heç kəs iş vermir. O, çaxmaq daşı və benzin sataraq bir təhər özünü dolandırır. Qalmağa yeri olmadığı üçün isə bir ümumi tualetdə yatıb-durur.

Qazandığı 75 kuruş (qəpik) isə qarın doyurmağa yetmir. Bu səbəbdən yaxınlıqdakı ciyər kababı satanla razılaşır və 75 kuruşu ona verərək bir təhər qarnını doyurur.

 

Hüseyin atasını vurmaq üçün silah almaq əvəzinə İstanbula gedir. Bir müddət meyxanalarda komediya ustası kimi işləyir. Əldə etdiyi pul ilə yüngülvari otaq kirələyir. Burada isə həyatı dəyişir, önəmli qərarlar qəbul edir.

Məsələn, Hüseyin təqaüddə olan polkovnikdən ingilis dili dərsi alır və Londona səfərə hazırlaşır. Hərbi xidməti başa vurduqdan sonra Londona gedir. Londonda bir kababçı yanında işə düzəlir. Kafenin zirzəmisində yatıb-durur. Dörd il sonra isə öz kafesini açır. Pulu olmasa da, bir dostu ona güvənərək işə pul qoyur. Sonra isə vaxtilə işlədiyi restoranı da alır. Bu dövrdə də müəyyən çətinlikləri olur.

Hüseyin hazırda keyfiyyətli türk yeməklərinin verildiyi, qarşısında uzun növbələr yaranan Sofra restoranlarının sahibidir. Kral ailəsi də bu restoranların müştərisidir. Bu səbəbdən restoranın şüşələri gülləkeçirməzdir. Restoran həm də Bukinhem sarayının yanındadır. Madonna kimi dünya ulduzları da bura baş çəkir.

Hazırda Hüseyinin 37 milyon funt sterlinqlik sərvəti var və Londonun ən zəngin aşpazlarındandır.