Tribuna İnformasiya Agentliyi

Bir şeirin sorağı ilə…

26 Dekabr

Dolubdu millətimiz zülməti cəhalətdən,

Oyanmayır, nədi bais bu xabi-qəflətdən?

Dutubdu ərseyi-afaqı cümlə hikməti-elm,

Çıxır səmayə xəlayiq bu gün fərasətdən…

 
Şeirdəki ərəb-fars sözləri qulağınıza xoş gəlməsə də onu oxuduqca mahiyyətini yəqin ki, anlamaqda çətinlik çəkmədiniz. Millətinin maariflənməsi üçün yanğısını şeirə çevirib üzünü qandaşlarına, dindaşlarına tutaraq haray çəkən müəllifin dövründə bəlkə də yazdıqlarına görə hansı əziyyətlərə qatlandığını təsəvvür etmək elə də çətin deyil. Cəhalətin girdabında can çəkişənlərə haqqın yolunu, həqiqətin burunlarının ucunda olduğunu göstərənlər “Mənə bir hərf öyrədənin qulu oluram” deyənlərin davamçıları kimi ömürlərini öz xalqına bağışlayıb onu aydın sabahlara çıxarmaq üçün özlərini fəda etdilər.
Bu şeirin müəllifi haqqında Vikipediya-da bircə cümlə verilib. O da belədir: “Züi Mirzə Mahmud-XIX əsr Şamaxı şairlərindən biri, “Beyt üs-Səfa” şeir məclisinin üzvü”.
Şairin doğum və ölüm tarixi də düzgün göstərilməyib (1843-1913). Mərhum filologiya elmlər doktoru Əhməd Cəfərzadənin Zui haqqında yazdığı tanıtım məqaləsini oxuduqdan sonra bir çox mətləblərə aydınlıq gətirməyi özümüzə borc bildik. Yazımızda hörmətli alimimizdən də sitatlar verəcəyik.
Yeri gəlmişkən, 19-cu əsrin bu adsz-sansız maarifpərvər ziyalısı, istedadlı şairi haqqında həm də onun nəticəsi, əməkdar jurnalist Cavid Xaspoladovdan maraqlı  faktlar əldə etdik.
Əhməd Cəfərzadə yazır: “Mirzə Mahmud Zui 1815-ci ildə Şamaxı şəhərində dünyaya göz açmışdır. Xəttatlıqla məşğul olmuş, ömürünün 50 ilini müəllimliyə həsr etmişdir. Zui təxminən 1842-43-cü illərdə Şamaxının İmamlı məhəlləsində məktəb açmış, 40 ilə yaxın burada dərs demişdir. Onun məktəbində ədəbiyyat, tarix, riyaziyyat, nəğmə, xəttatlıq və ilahiyyət fənləri tədris olunmuş, ərəb, fars, sonradan rus dili də öyrənilmişdir. XIX əsrin axırlarında Zui Sabirabad rayonunun Cavad kəndinə köçmüş və 12 il burada müəllimlik etmişdir. 1910-cu ildə 95 yaşında vəfat etmiş və kəndin qədim qəbirstanlığında dəfn edilmişdir”…
Zui Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Məhəmməd Səfa, Qafar Rəğib   və başqa şairlərlə dostluq etmişdir. Haqqında ilk məlumat və onun 13 şeiri Seyid Əzim Şirvanının təzkirəsində verilmişdir. “Qori Müəllimlər Seminariyası”nın yaradıcısı Firudun bəy Köçərli  XX əsrin əvvəllərində şairlə şəxsən görüşmüş və onun bütün əlyazmalarını aparmışdır. Hətta Zuinin öz məktəbi üçün tərtib etdiyi dərsliyin Firudun bəy Köçərli tərəfindən aparıldığını da ədibin yaxın qohumları bildiriblər.
Bəzən zamanında əlahəzrət faktları deməyə ya çəkinmişik, ya da ərinmişik. Ancaq haqqı olan kişilərin haqqını deməyi, barələrində doğrunu yazmağı, millətimizin tarixi üçün gərəkli olanı bu gün biz gec də olsa etməliyik.
Zui qızların məktəbə getməsinin tərəfdarı idi. Düz, 170 il bundan əvvəl Şamaxıda açdığı məktəbdə qız uşaqlarının təhsilə cəlb edilməsi üçün bütün imkanlarını səfərbər etmişdi. Və əbəs yerə yazmırdı:

 
Əgər qızın oxusa, yoxdu zərrə nöqsani…

 
“Dəyişən zamandı, insan dəyişməyib” ifadəsini tez-tez eşitsək də çevrəmizdə baş verənləri izlədikcə ürəyimizdə “kaş, bir az da təfəkkürümüz dəyişəydi, yanaşmamız dəyişəydi, deyirik”. Niyə? Ona görə ki, göz görə-görə bu gün övladının yetkinlik yaşına çatmasını gözləməyib onu ərə verən nə qədər “Oxutmuram, əl çəkin” deyənlər var. Hələ 19-cu əsrdə görün Mahmud əfəndi nə deyirdi, nə yazırdı:

 
Olmasa validənin tərbiyəsi,

Edəməz tərbiyə ol bircə kəsi…

 
Elə yeri gəlmişkən, bu gün dövlətin bütün qurumları tərəfindən erkən nikaha “yox” deyirik mövzusunda mütəmadi tədbirlər keçirilir. Gələcəyimizi düşünərək atılan bu addımları xalq dəstəkləyir və təqdir edir.
Zuidən sonra bu gözəl ənənəni böyük messenant Hacı Zeynalabdin Tağıyev davam etdirdi. Onun təşəbbüsü ilə Bakıda, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi 1901-ci ildə tikilib istifadəyə verilib.
Və qayıdaq yazının əvvəlində təqdim etdiyimiz şeirə. Həm də burda bir paralelləşmə, dövrləşmə aparaq. Bütün müqayisələr qüsurludur, amma:

 

Dutubdu ərseyi-afaqı cümlə hikməti-elm,

Çıxır səmayə xəlayiq bu gün fərasətdən…

 
Mirzə Mahmud Zui yanğı dolu bu misraları Mirzə Ələkbər Sabirdən (1862-1911)  bəlkə də 40-50 il əvvəl deyib. Sabir isə belə deyirdi:

 
Dindirir əsr bizi, dinməyiriz,

Açılan toplara diksinməyiriz.

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ aftomobil minməyiriz…

 
Zui şeirini əruzda, Sabir isə hecada yazıb. Və Sabirin ondan bəhrələndiyini açıq-aydın görürük. Əsl maarifçilik də elə budur. Səndən kimsə görsün, götürsün və gələcək nəsillərə ötrürüb onları qəflət yuxusundan oyandırsın.
Ümidvarıq ki, dövrümüzdə, elə bizdən sonra da Mirzə Mahmud Zuilər, Sabirlər kimi dahilərimiz üzümüzə gələn əsrlərdə cəhalətdən, elmsizlikdən yazmayacaqlar.

 


Hafiz Təmirov