Bir deputat, hakim 50 qazinin müavinəti həcmində aylıq əlavə alır – ETİRAZbackend

Bir deputat, hakim 50 qazinin müavinəti həcmində aylıq əlavə alır – ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni il yeni iri qiymət artımları ilə addımlayır. İş və gəlir yeri olmayan əhali çörəklə sınağa çəkilmək üzrədir. Pensiya, sosial müavinət və təqaüdlərə göz dikənlərin ümidləri də faiz hesabında doğrulsa da , rəqəm hesabında o qədər cüzidir ki, gündəlik çörəkpuluna çata, ya çatmaya. Çörəyin bahalaşması gerçəkləşərsə, çətin çata. Bəs hökumət nə fikirləşir? Yenə də inzibati metodlarla, hədə-qorxu gəlməklə qiymət artımını əngəlləmək yolu tutulacaq, yoxsa sosial – iqtisadi fəallığı təmin etmək barədə fikirləşiləcək? Sözümüzün canı odur ki, ölkədə bütün iqtisadi fəaliyyət sahələri – torpaqlar , obyektlər və s. icra başçılarının, məmur – oliqarxların inhisarındadır. Korrupsiya elə çiçəklənib ki, vətəndaşlar dədə-babalarından qalan torpaqlara, məhkəmə qərarları ilə əldə etdikləri sahibkarlıq obyektlərinə də yiyələnə bilmirlər.

Qonudan uzaqlaşdığımızı fikirləşənlər yanılırlar. Ötən ilin son günlərində dövlət (başçısı) əmək haqqı , pensiya və müavinətlərin minimum məbləğlərinin ortalıq 20 faiz artırılmasını qərara aldı. Prezident təqaüdlərinin artırılması da baş versə də, sözdə hamının baş tacı saydığı şəhid və qazi ailələri işdə diqqətdən qıraqda qaldı. Ötən il də belə olmuşdu. “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə Qarabağ qaziləri və şəhid ailələrinin pensiyalarına təyin olunan əlavələri kəsən Milli Məclis, kəsintinin “sosial – iqtisadi” əsaslandırılmasını, savaş adamlarının təqaüdlərinin artırılmasına bağlamışdılar. Hələ üstəlik şəhid ailələrinə kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən müavinətin kəsilməsini də bu “sosial” əsasa” bağlayan “sosial” deputatlar özlərinin və digər dövlət orqanlarının əməkhaqqılarına edilən və hər il düz mütənasib qaydada artırılan 10-20 əsgər-qazinin müavinəti həcmində əlavələrin kəsilməsinə səs verərlər? 3-cü dərəcə əlilliyi olan əsgər – qazinin 110 manatdan 120 manata qaldırılan müavinətinin 3000 manata qaldırılan deputatların, hakimlərin, digər dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 4 faizini təşkil etməsini hesablamaq hökumət üzvlərinə çətin olmaz . Yəni bir deputat, hakim , Qarabağda canını qoyduğundan , əmək stajı və buna uyğun olaraq əmək pensiyası hüququ olmayan 25 qazi-əsgərin müavinəti qədər aylıq vəzifə maaşı alır! Biz hələ bu vəzifə maaşına 100 faizlik və 50 faizlik əlavəni, ildə iki dəfə 100 faizlik əlavəni və s. demirik. Təsəvvür edin, Məhkəmə Hüquq Şurasının üzvlərinə Ali Məhkəmə hakimlərinin aylıq vəzifə maaşlarının (Ali Məhkəmə sədrinin 2475 manatlıq – bu ildən 3000 manatlıq vəzifə maaşının 80 faizi, yəni 2400 manat) 25 faizi həcmində, rəqəm hesabı ilə aylıq 600 manat əlavə verilməsi “Məhkəmə Hüquq Şurası haqqında” qanunun 8-ci maddəsi ilə doğrulanıb. MHŞ üzvlərinə ayrılan aylıq əlavə hələ “insaflıdır” , bu əlavə ilə cəmi 5 qazi əsgərin sosial müavinətini təmin etmək olar. Deputatın, hakimin yükü ağırdır, 20-25 qazinin aylıq müavinətini çəkə bilər. Digər əlavələri də saysaq, bir deputatın, hakimin 50 qazinin sosial müavinəti qədər əlavə haqq aldığını iddia etmək olar. Şişirtməyimizi fikirləşməyin, deputatlar , hakimlər həm də elmi, tədris , yaradıcılıq “fəaliyyətindən” gəlir əldə edirlər, hələ oğul – uşaqlarının , həyat yoldaşlarının adına biznesi bura qatmırıq. Söhbət qanunla doğrulanan əlavə haqlardan gedir. Qazilərin əlavə gəlir yerlərini isə elə deputat, hakim ordusu ələ keçirib.

İndi necə olur, qazinin, şəhid ailəsinin cüzi əlavəsini təqaüd artımı ilə bağlayıb kəsmək olar, amma bir il keçəndən sonra, Prezident təqaüdünün artırılması da yada düşməz? Sabir bu günləri görürmüş, “Mən salim olum, cümlə cahan batsa da, batsın”! Qazilər, şəhid ailələri dövlətin, xalqın yolunda canını -qanını veriblər. Dövlət hakimiyyəti orqanlarının qazilərin, şəhid ailələrinin hüquqlarına, təminatına yiyələnmələri yolverilməzdir . Getdikcə dövlət qulluqçularının, millət vəkillərinin, hakimlərin gəlirləri və əlavə gəlirləri artır, dövlətə, millətə canını -qanını verənlərin gəlirləri azalır. Belə tərs mütənasiblik bir -iki ilə bir deputatın 100 qaziyə mütənasib olacağını deməyə əsas verir. 120 manata baxan qazi bir-iki ilə acından ölməsə. ..

Məğrur Bədəlsoy