Tribuna İnformasiya Agentliyi

“Bir aydan sonra asfalt çökdü…”

14 Yanvar
Bakı-Xocahəsən yolunun 2-ci kilometrliyində 3 kvadrat metr ərazidə asfaltın çökməsi sürücülərin hərəkətinə ciddi mane yaradır.

Bu barədə “Qafqazinfo”ya müraciət edən Xocahəsən sakini Elmar İbrahimov bildirib ki, sözügedən yol qlobal magistral yoldur. Bütün yük maşınları Bakı şəhərinə bu yoldan daxil olur. Həmin ərazidə 3 ay əvvəl bir obyektə asfaltın altında turba çəkdilər. 1 aydan sonra çəkilən turbanın üstündəki asfalt çökdü. Bu sürücüləri narahat edir, sözügedən yolda dəfələrlə qəzalar olub. Üç kvadrat metr yerə asfalt vurmağa imkan yoxdurmu?”.

“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə müraciət edib.

O bildirib ki, sözügedən yoldakı problem aradan qaldırılacaq: “ Ümumiyyətlə, bu ilin sonuna qədər Xocahəsən-Lökbatan yolunun 12 km uzunluğunda əsaslı təmir aparılacaq. Eyni zamanda, bizim qurumun balansında olan Xocahəsən qəsəbəsinin küçələrində 4 km məsafədə yol salınacaq. Bu işlərin də may ayına kimi başa çatması gözlənilir”.