Tribuna İnformasiya Agentliyi

Binə qəsəbəsində sayğac vandalları – GİLEY

27 İyun

Bakının Xəzər rayonu Binə qəsəbəsində qaz sayğaclarını kütləvi şəkildə sındırırlar. Qəsəbənin “Atçılıq” yaşayış massivində son bir həftə ərzində onlarla belə sayğacın qapağı qopardılıb.

Bu barədə virtualaz.org-a həmin qəsəbədə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, eyni vəziyyət bir neçə məhəllədə müşahidə olunur.

“Məhəllə boyu bir-bir bütün evlərin çöl tərəfdən divarına vurulmuş qaz sayğacları qopardılıb. Gündüz evdə oluruq, əgər o vaxt sındırılsaydı, görərdik. Çox güman ki, gecə sındırırlar. Kim qırır, nə məqsədlə qırır, bilmirik. Bəzi sakinlər zədədən qorumaq üçün sayğacları “skoç”la sarıyıblar, amma o da kömək eləmir”, – deyə II Sahə deyilən ərazidə yaşayan sakinlər bildirirlər.

Qəsəbənin məhəllədaxili yollarına gün ərzində PPX avtomobilləri nəzarət etsə də, onlar da hadisənin kim və ya kimlər tərəfindən törədildiyindən xəbərsizdirlər.