Tribuna İnformasiya Agentliyi

Bill Qeyts Trampın məsləhətçisi olmaq istəmədi

01 May

“Microsoft” şirkətinin rəhbəri Bill Qeyts ABŞ prezidenti Donald Trampın elm üzrə məsləhətçisi olmaq təklifini qəbul etməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sahibkar müsahibəsində deyib. Qeyts bildirib ki, dövlət başçısı onun universal qrip vaksini hazırlanması ideyası ilə yaxından maraqlanıb. Bu layihə ona 12 milyon dollara başa gələcəkdi.

Onun sözlərinə görə, Tramp Məhsullara və Dərmanlara Nəzarət İdarəsinin rəhbəri Skott Qotleybə zəng edərək belə bir vaksin hazırlamağın mümkün olub-olmamasını soruşub. Müsbət cavab alan Ağ Ev rəhbəri Qeytsə  elm üzrə məsləhətçi olmağı təklif edib. Bill Qeyts isə “Bu, mənim üçün vaxt itkisi olacaq” deyərək təklifdən imtina edib.

Xatırladaq ki, 2009-2017-ci illərdə bu postu Con Holdren tutub. Barak Obamanın administrasiyadan getməsindən sonra Donald Tramp bu vəzifəyə heç kimi təyin etməyib.