İyulun 9-da saat 21 radələrində Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilərkən bədəni üzərində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Həbiyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.