Tribuna İnformasiya Agentliyi

Beynəlxalq sorğu: 11% özünü bədbəxt sayır

14 Fevral

“Gallup İnternational” (Müstəqil Tədqiqat Agentliklərinin Beynəlxalq Assosiasiyası) 2017-ci il üzrə xoşbəxtlik sorğusu keçirib. Novator.az-ın məlumatına görə, sorğuya 55 ölkədən 54 min insan cəlb olunub. 2017-ci ilin noyabr-dekabr aylarında keçirilən sorğunun iştirakçılarına əsasən şəxsi xoşbəxtliklə bağlı sual verilib.

“Şəxsi həyatınızda baş verən hadisələrlə bağlı özünüzü nə qədər xoşbəxt və ya bədbəxt hiss edirsiniz” sualını cavablandıran respondentlərin 59%-i özünü xoşbəxt hiss etdiyini deyib. Sorğu iştirakçıların 11%-i özünü bədbəxt hiss etdiyini vurğulayıb.

Sorğuya cəlb olunanların 28%-i özünü nə xoşbəxt, nə də bədbəxt hiss etdiyini bildirib.

Dünyanın xoşbəxtlik indeksi müsbət və mənfi cavablar arasındakı fərqə əsaslanıb və ötən il 48 bal təşkil edib.

“Gallup” bildirir ki, 2016-cı illə müqayisədə 2017-ci ilin nəticələri daha bədbindir. 2016-cı ildə dünya üzrə insanların 68%-i özünü xoşbəxt, 9%-i isə bədbəxt hiss etdiyini açıqlamış, xoşbəxtlik indeksi 59 bal olmuşdu. 2015-ci ildə bu göstərici 56 bal, 2014-cü ildə 64 bal, 2013-cü ildə 48 bal təşkil edib.

Təşkilat sorğunun nəticələri üzrə dünyanın ən xoşbəxt və bədbəxt ölkələrinin siyahısını tərtib edib. Ən xoşbəxt ölkələrin yuxarı pilləsində 92 ballıq xoşbəxtlik indeksi ilə Fici gəlir. Sonrakı pillələrdə Kolumbiya (87 bal) və Filippin (84 bal) qərarlaşır.

Ən xoşbəxt ölkələr arasında Vyetnam, Papua Yeni Qvineya, İndoneziya, Hindistan, Meksika, Argentina, Ekvador, Peru da yer alır.

Qazaxıstan ən xoşbəxt ölkələr siyahısında 74 bal göstərici ilə 7-ci pillədə, Niderland isə 64 balla 11-ci yerdə göstərilir.

Əhalisinin özünü daha bədbəxt hiss etdiyi ölkələr arasında İran 5 balla birinci, İraq 7 balla ikinci, Ukrayna 8 balla üçüncüdür. Ən bədbəxt ölkələr siyahısında Yunanıstan, Honkonq və Braziliya da yer alır.