Beş il narkotik istifadəçisi olan bank işçisi: “Özüm-özümdən iyrənirdim” – REPORTAJbackend

Beş il narkotik istifadəçisi olan bank işçisi: “Özüm-özümdən iyrənirdim” – REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“32 yaşım var. Həyatım mərhəmətimə görə məhv oldu. Ölkənin aparıcı banklarından birində çalışırdım. Ətrafımda dostlarım çox idi. Eşitdim ki, narkotik vasitələrə qurşanıblar, onları bu yoldan çəkindirmək istədim. Mən onları özümə çəkmək istədikcə, özüm də o bataqlığa düşməyə başladım…”

Belə bir deyim var “İnsan ailəsini seçə bilmir”. Amma bu həyatda digər bütün seçimlərin nəticəsi bizim özümüzdən asılıdır. Budəfəki həmsöhbətim dost dediyi insanların qurbanı olduğunu deyir.

Çətinliklə, uzun illərin əziyyəti ilə qazandığı hər şeyi bir an içində itirən Rahim ilə söhbətimiz Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində baş tutdu.

TİA.AZ oxu.az-a istinadən xəbər verir ki, 5 ildir narkotik istifadəçisi olan R.T (ad şərtidir) ilə söhbəti təqdim edir.

“Heç ağlıma gəlməzdi ki, özüm bu bataqlığa düşüm”

Bankda işləyən Rahim deyir ki, bəzən dostları ilə işdən sonra əylənməyə gedirdilər. Elə ətrafındakı yoldaşların narkotik vasitə istifadə etdiklərini də belə yığıncaqlardan birində öyrənib:

“İndi bu danışdıqlarım özümə qorxulu yuxu kimi gəlir. Çünki, özüm ali təhsilliyəm və heç vaxt ağlıma gəlməzdi ki, mən narkotik istifadə edərəm. 2011-ci ildən banklardan birində işə başladım və səkkiz ilə yaxın bankda çalışdım. Həyatımda hər şey öz qaydasında gedirdi. Ətrafımda dostlarım, yoldaşlarım günbəgün artırdı. Bir neçə dəfə onlarla yığıncaqlarda olanda gördüm ki, nəşə çəkirlər. Dedim bunun axırı yaxşı deyil, çəkməyin. Deyib-gülüb keçdilər. Üstəlik mənə də təklif etdilər. Mən etiraz etdim. Bir neçə dəfə cəhd etdilər, amma mən onlara qoşulmadım.

Bir-iki dostum üçün həkim tapdım, istədim müalicə olunsunlar. Bir müddət fasilə yarandı, elə bildim ki, daha istifadə etməyəcəklər. Amma nəşə ilə başlayan dostlarım daha ağır narkotiklərdən istifadə etməyə başladılar. Gözümün qarşısında ağrıdan qıvrılırdılar. And içirdilər ki, “bir dərman al ağrımız sakitləşsin, daha etməyəcəyik”. Mən də inanırdım, tapıb alırdım ki, sakitləşsinlər. Amma sonra gördüm ki, onlar məni aldadır. Artıq uzaqlaşmağa başladım”.

Beş il narkotik istifadəçisi olan Rahim deyir ki, bir gün dostları yenə ona nəşə təklif etdi və hər şey bu təklifi qəbul etdikdən sonra başladı:

“Mən onlara pul verirdim deyə məni itirmək istəmirdilər. Necə etdilər bilmirəm, amma pul vermədiyim üçün bir müddət mənimlə danışmadılar. Sonra çağırdılar, getdim. İnanmadım ki bir dəfə nəşə çəksəm sonra davamı gələcək. Amma nəşə çəkəndən sonra dedilər ki, üstündən heroin çək. Belə-belə onlar məni özlərinə çəkdilər. Bir müddət mübarizə aparmağa çalışdım, amma ağrılar hiss edirdim. Bank işləri çətindir, diqqətini toplamalısan. Fikrimi toplaya bilmirdim, tez-tez icazə alırdım. Artıq gördüm ki, mümkün deyil. Başladım dostlarımdan narkotik istəməyə. Onlar alırdılar mən də qoşulurdum onlara, çəkirdim. “Kakos” təklif etdilər, başladım narkotik vasitə istifadə etməyə. Nəşədən yaxşı idi “kakos”un təsiri.

Özüm-özümdən iyrənirdim. Amma özümə mane ola bilmirdim. Həyatımın beş ilini məhv elədim. Ailəm, əzizlərim deyirdi ki, uzaq ol o dostlardan, səni də bu bataqlığa çəkəcəklər. Mən inanmırdım, deyirdim mən onları geri qaytaracam. Amma elə ailəm deyən oldu, narkotik alüdəçisi oldum”.

“Narkomaniyanın axırı ya ölüm, ya həbsxana, ya da sağalmaq…”

Ağrılarını tərif etməkdə belə çətinlik çəkən Rahim deyir ki, illərin dostları narkotik üçün bir-birini tutdururdu:

“İşdən çıxmaq məcburiyyətində qaldım. Camaat içində qazandığım hörməti itirdim. Dostlarım, ailəm məndən uzaqlaşdı. Əvvəlki kimi qazancım olmadı. Pul da yoxdursa, narkotik tapa bilmirsən. Elə insanlar gördüm ki, narkotik üçün bir-birini tutudururdu. Mən kiminsə balasını tutdurub, analarının gözünü yaşlı qoya bilməzdim. Ətrafda narkotik istifadə etdiyimi eşidən hamı məndən qaçırdı. Bütün bunları görə-görə özümdən asılı deyildi, dayana bilmirdim. Heroini damara vurmağa başladım. Mən etməsəm də, özləri tutulmasın deyə məni çox tutdurublar. Hər dəfə tutulanda anamın göz yaşlarını görürdüm. Ona görə o qədər utanırdım, özümdən iyrənirdim, amma davam edirdim. Narkomaniyanın sonu yoxdur, əminəm. Bu yol ya ölümə, ya həbsxanaya aparır. Bunları istəmirsənsə sağalmaq üçün cəhd etməlisən. Ailəm mənim müalicə almağım üçün çox çalışdı. Respublika Narkoloji Mərkəzində iki dəfə müalicə olunmuşam. Amma sağlam həyata qayıda bilməmişəm”.

“Narkotik üçün marketdən bahalı içki oğurladım”

“Narkotik insanı hər şeyə vadar edir”- deyən həmsöhbətim həyatını səfil, hörmətsiz şəkildə sona vurmaq istəmədiyinə görə yenidən müalicə olunmaq üçün könüllü olaraq Mərkəzə müraciət edib:

“Ağrılarım çox olurdu, pulum da yox idi. Narkotiki pulsuz sənə heç kim vermir. Məcbur olub bir dəfə marketdən bahalı içki oğurladım. İndi düşünürəm və bu hərəkətləri özümə sığışdıra bilmirəm, amma o ağlımda etmişəm. Evdən pul oğurlayıb, ailəmi incitməmişəm. Amma bu oğurluqdan sonra düşündüm ki, sabah bir küncdə yüksək dozada narkotik qəbulundan ölmək istəmirəm. Könüllü olaraq müraciət etdim ki, müalicə olunum. Təzə-təzə dayana bilmirdim. Yol axtarırdım çıxım, qaçım. Əsas odur ki, bizə burada narkoman demirlər. Mən 97 kq olmuşam, amma narkotik məni bu günə salıb. İndi 67 kq çəkim var. Burada bizi xəstə kimi qəbul edib müalicə edirlər. Kritik vəziyyətlərimiz olanda, səbirlə yanaşırlar. Altı ay müalicəmi alıb, yenidən sağlam həyata qayıtmaq istəyirəm”.

Təəssüf ki, bu gün Rahim uzun müddət dostlarını müalicə üçün cəlb etmək istədiyi bu mərkəzdədir. Dostlarının isə hələ də narkotik istifadəsinə davam etdiyini deyir…