Tribuna İnformasiya Agentliyi

Beş dəfə məhkum olunmuş şəxs: “Mənim işlərimdə bir dənə də əyri və yalan ola bilməz”

11 Oktyabr

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində 70 yaşlı Viktor Məmmədov ifadə verib.

O, təqsirləndirilən şəxslərdən ikisini üzdən tanıdığını bildirib.

V.Məmmədov deyib ki, hadisə zamanı həmin şəxslər qapını döyüb, qonşu olduqlarını söyləyiblər: “Qapını açanda məni tutub boğmağa başladılar. Sonra məni bıçaqla hədələdilər. Onlar nə qədər pulumun olduğunu soruşdular”.

Zərərçəkmiş qeyd edib ki, evindən 4 min manat və 550 dollar pul aparıblar. O, dəymiş zərərin ödənilməsini istəyib.

Təqsirləndirilən K.Heydərov törətdikləri əməli etiraf edib.

Lakin o, zərərçəkmişin dediyi bəzi fikirlərlə razılaşmayıb: “Mən 6-cı dəfədir ki, “sroka” gedirəm. İşlərimin hamısı da tərtəmiz olub. Bir dənə də əyri və yalan ola bilməz. Mən nə eləmişəmsə, etiraf edirəm. Bu işi də eləmişik. Birinci qapını döyüb evə su axdığını dedik. Evdə tək olduğunu öyrənəndən sonra aşağı düşüb bir də qayıtdıq. Heç bir müqavimət də göstərmədik. İçəri girəndə paltaryuyan maşının üstündə bıçaq var idi. Götürüb “səni öldürə bilərəm, amma lazım deyil” dedim. Sonra ondan nə qədər pul varsa, verməsini istədim. Pulu götürüb çıxdıq”.

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

İttiham aktına əsasən, E.Aslanov 2017-ci il mayın 12-də S.Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər. Bir gün sonra, mayın 13-də ev sahibi evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.

Daha sonra isə həmin il mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər.