Tribuna İnformasiya Agentliyi

Berti Foqts: “Rüfət Dadaşovun “Proyssen Myunster”ə transfer olunacağını gözləmirdim”

13 Aprel

“Rüfət Dadaşovun III liqada çıxış edən “Proyssen Myunster”ə transfer olunacağını gözləmirdim”.

“Report”un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Almaniyanın Regional Liqasının Şimal-Şərq zonasında (IV Divizion) Berlin “Dinamo”sunun formasını geyinən Rüfət Dadaşovun III liqa təmsilçisi “Proyssen Myunster” keçidini “Bild”ə dəyərləndirərkən deyib.

72 yaşlı mütəxəssis onun rəhbərliyi altında Azərbaycan millisində debüt etmiş 28 yaşlı hücumçu barədə xoş sözlər söyləyib: “O, II liqada oynaya biləcək çox yaxşı oğlandır. “Proyssen Myunster” həqiqətən də “böyük ov” edib”.

XXVII turda “Halberştadt” üzərində 4:2 hesablı qələbə qazandığı görüşdə “dubl” etməklə yanaşı, dizindən xəsarət alan forvardın 4 – 6 həftə oynaya bilməyəcəyi müəyyənləşib. Dadaşov mövsümün sonuna doğru bərpa olunacağına ümid edir: “Dinamo”dakı sonluğumun belə olacağını təsəvvür etməzdim. İyunun 30-da “Proyssen Myunster”ə qoşulanadək meydana qayıda biləcəyəm”.

Qeyd edək ki, Rüfət Dadaşov artıq Almaniyanın III Liqasında çıxış edən “Proyssen Myunster” klubu ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. Azərbaycan yığmasına yenidən dəvət alması gündəmdə olan forvard hazırda Regional Liqanın bombardiridir. Onun hesabında 26 qol var.

R.Dadaşov 2013 – 2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır. Berti Foqts 2008 – 2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib.