Bərdədə “falçı”, Bakıda “makler”: Quran oxuyub, pulları-qızılları oğurladıbackend

Bərdədə “falçı”, Bakıda “makler”: Quran oxuyub, pulları-qızılları oğurladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bərdədə “falçı”, Bakıda “makler” adı ilə evlərdən soyğunçuluq edən Mikayıl adlı şəxsə hökum oxunub.
Qaynarinfo-nun məlumatına görə, Bakıdan Bərdəyə bacısının evinə qonaq gedən Mikayıl yolda taksi sürücüsü Şamillə tanış olub. O, Şamilə falçı olduğunu bildirib.
Onlar Şamillə birlikdə 6 yanvar 2022-ci il tarixdə Bərdə rayonu Cumalar kəndinə gediblər. Həmin vaxt Şamil ona Məmməd adlı dostunun ailəsində narahatçılıq olduğunu bildirib və ailədəki problemləri həll etməyi xahiş edib. “Falçı Mikayıl” isə onların evlərində ağırlıq olduğunu, pul və qızıllarda olan ağırlığı götürəcəyini bildirib.
Şamil 8 yanvar 2022-ci il tarixdə Mikayılı və arvadı kimi təqdim etdiyi Nurəngizi Yaşxanım adlı qadının evinə aparıb. Mikayıl Yaşxanımdan içi boş kasa, şam və ağ parça, daha sonra isə evdəki pulları və qızıl-zinyət əşyalarını gətirməsini istəyib. Ev sahibi 3830 manat pulu, Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 50 qram, qiyməti 5000 manat olan bir ədəd qol saatını, 583 əyarlı, çəkisi 30 qram, qiyməti 3000 manat olan bir ədəd boyunbağını, 583 əyarlı, çəkisi 20 qram, qiyməti 2000 manat olan bir ədəd qolbağını, 583 əyarlı, çəkisi 6 qram, qiyməti 600 manat olan bir cüt sırğanı və 583 əyarlı, çəkisi 6 qram, qiyməti 600 manat olan bir ədəd üzüyü gətirib. “Falçı” pulları ağ parçaya bükərək kasanın yanına, qızıl-zinyət əşyalarını içərisinə qoyub.
Daha sonra Mikayıl Yaşxanımdan evlərində olan Quran kitabını gətirməsini istəyib. Ev sahibəsi digər otağa keçən zaman isə yanında olan oğlu Məmmədin başının qarışdığını görüb, pulları və qızıl-zinyət əşyalarını götürərək cibinə qoyub.
Bundan sonra içi boş kasanın üzərinə ağ parça çəkib, ərəb dilində dua oxumaya başlayıb. Şamı əridərək parçanı kasanın ağzına bərkidib. Quran kitabını götürüb dua oxuduqdan sonra kasaya sabah saat 9-dək əl vumamağı tapşırıb.
Ev sahibi 9 yanvar 2022-ci il tarixdə, saat 9 radələrində kasanı açarkən içinin boş olduğunu görüb və bu barədə oğlu Məmmədə bildirib.
Araşdırmalar zamanı bəlli olub ki, bu Mikayılın ilk əməli deyil. Belə ki, o, 28 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Rövşən Cavadov küçəsində Şəhla adlı qadının satdığı 3 otaqlı evə gedib. Özünü ev alqı-satqısı ilə məşğul olan makler kimi təqdim edərək, evə daxil olub. Bu zaman masanın üzərindəki qənd qabının içindəki 1000 manat dəyərində 4 ədəd üzük, 1 cüt sırğa və masa örtüyünün altında olan 200 manat nağd pulu oğurlayıb.
Mikayıl polis tərəfindən saxlanılıb və məhkəmə qarşısına çıxarılsa da, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyib.
Bu ilin sentyabr ayında Bərdə Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən, yəni 13 aprel 2022-ci il tarixdən hesablanacaq.