“Bəlkə də məqsəd taksi fəaliyyətini kölgə altına almaqdır” – GİLEYbackend

“Bəlkə də məqsəd taksi fəaliyyətini kölgə altına almaqdır” – GİLEY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Bakıda DİN əməkdaşlarının keçirdikləri əməliyyat zamanı, taksi fəaliyyəti ilə məşğul olan narkokuryerlər saxlanılıb. Axtarış zamanı onlardan külli miqdarda narkotik vasitə aşkarlanıb. Məlum olub ki, onlar sosial şəbəkələrdə tanış olduqları və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşul olublar. Əvəzində isə hər iki şəxs maddi vəsait və pulsuz narkotik vasitə əldə ediblər.
“Bu gün ölkədə taksi fəaliyyəti ilə məşğul olaraq keçimini təmin edən minlərlə insan var. Narkokuryerlərin taksi fəaliyyəti ilə məşğul olması, çörəyini taksi fəaliyyətindən qazanan şəxslərə qarşı da şübhə yaradır”.

Bu barədə Bizimyol.info saytına danışan taksi sürücüsü Anar Xəlilov qeyd edir ki, uzun illərdir taksi fəaliyyəti ilə məşğul olur: “Taksi fəaliyyəti ilə 15 ilə yaxındır ki, məşğul oluram. Bu, mənim ikinci işimdir. İşdən sonra bir qədər dincəlib, sonra taksi fəaliyyətinə başlayıram. Düzü, birinci işdən aldığımdan daha çox qazanıram. Ailəmi də bu pulla dolandırıram. Narkokuryerlərlə bağlı xəbərləri oxuyanda narahat olmaya bilmirsən. Bu, bizim çörəyimizə toxunmaqdır”,- deyə taksi sürücüsü bildirib. Onun sözlərinə görə, bu xəbərlər, vətəndaşlarda taksi sürücülərinə qarşı inamsızlıq yaradır.

“Bəlkə də məqsəd fərdi taksi fəaliyyəti ilə məşğul olanların fəaliyyətini kölgə altına almaqdır” – deyən taksi sürücüsü, belə halların qarşının alınmasının zəruri olduğunu hesab edir.

Ölkədə taksi fəaliyyətini digər sahələr kimi monopoliya altına almaq istəyən kifayət qədər məmur və şirkətlər var. Bu gün Bakıda taksi xidmətinin qiymətləri vətəndaşlar üçün kifayət qədər uyğundur. Ancaq bu sahənin monopoliya altına alınması, qiymətlərin də bahalaşmasına səbəb ola bilər. Bu zaman isə, təkcə taksi sürücüləri deyil, eləcə də taksi xidmətlərindən davamlı istifadə edən sərnişinlər də zərər görə bilər.

Bəs taksi sürücülərinə necə inanaq?

Bizə kim zəmanət verə bilər ki, xidmətindən istifadə etdiyimiz hərhansı taksi sürücüsü narkokuryer deyil və yaxud avtomobilində narkotik vasitə daşımır və yaxud polis yoxlaması zamanı bizi problemlə qarşı-qarşıya qoymayacaq?

Bu gün əksər taksi sürücüləri, taksi şirkətləri ilə əməkdaşlıq edir. Yəni, vətəndaşlara taksi şirkətlərinin xidmətindən yararlanmaq təklif edilə bilər. Ancaq taksi şirkətləri belə, onlarla əməkdaşlıq edən sürücülərin etibarlılığına zəmanət verə bilməz. Bu isə o deməkdir ki, taksi sürücüləri ilə bağlı məsələ hələ ki, gün işığı görməmiş məsələdir. Bir tərəfdə taksi xidməti göstərərək ailəsini saxlayan vətəndaşlarımız, digər tərəfdə isə, taksi fəaliyyəti görüntüsü yaradıb narkokuryerlik edən şəxslər…

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədovun fikrincə, taksi sürücüləri, onların fəaliyyətinə ləkə salmağa çalışan bu şəxslərlə özləri də mübarizə aparmağı bacarmalıdır.

“Taksi sürücüləri, şübhəli hallarla bağlı polisə müarciət edə bilərlər. Hər bir sahədə işləyənlər, bir-birini yaxşı tanıyır. Biz, yaxşı işləyə bilmək üçün öz sıralarımızı peşəmizə zərər verən nümayəndələrdən təmizləməliyik. İşimizə kölgə salanları, sıralarımızdan çıxarmağı bacarmalıyıq” – deyə ekspert bildirib.