Belarusa yeni sanksiya “sürprizləri” – Diktator Avropanı özünə qarşı birləşdirdibackend

Belarusa yeni sanksiya “sürprizləri” – Diktator Avropanı özünə qarşı birləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus ətrafında proseslər yenidən canlanmağa başlayıb. Bu ölkə hökuməti tərəfindən Avropa sərhədlərinə doğru qaçqın dalğası təşkil edildikdən sonra Avropa Birliyi Belarusa beşinci paket sanksiyaların tətbiqinə dair ABŞ-la razılığa gəlib. Diktator Lukaşenko hər nə qədər öz rəqiblərinə qarşı radikal bəyanatlara üstünlük versə də, onun indiki ritorikası daha çox gülüşə səbəb olur. Məsələn, o, bir neçə gün əvvəl qonşularını hədələyərək demişdi ki, lazım olsa, Belarus və Rusiyanın birləşmiş qoşunları Avropanın içərilərinə doğru irəliləyə bilər.

Rəqiblərə kömək

Əlbəttə, Avropa siyasi baxımdan vahid orqanizm deyil və orada Rusiyaya, onun müttəfiqlərinə qarşı qəti siyasətdən çəkinən bir çox ölkələr var. Buraya biz ilk növbədə Avropa Birliyinin iqtisadi və coğrafi nəhəngi olan Almaniyanı aid edə bilərik. Fransanın da müəyyən tərəddüdlərini nəzərə alsaq, məlum olacaq ki, AB-də Rusiya əleyhinə ciddi addımlardan çəkinən iki mühüm güc var. Amma Lukaşenkonun sonuncu bəyanatı tərəddüd edən qüvvələrə açıq kömək etdi ki, onlar da mövqelərini qətiləşdirsinlər. Burada mövqenin qətiləşməsinə həm də Lukaşenkonun bu bəyanatına Rusiyadan hər hansı şərh və ya təkzibin gəlməməsi oldu.

Qərbi Avropanın sınaq görməmiş (demokratiyanı və təhlükəsizliyi atalarından miras almış) nəsilləri üçün bu bəyanat bir ayıltma effekti də verə bilər. Təbii ki, onlar özlərini qəsdən yatmışlığa vurmayıblarsa və ayılmaq istəyirlərsə… Lukaşenko ola bilsin ki, bu bəyanatı Rusiya ilə razılıq əsasında verməmişdi. Amma şübhə yoxdur ki, bu, Putinlə onun ikilikdə səsləndirdikləri arzuların şüuraltında bərkimiş tezisləri idi.

Sanksiyalar nəyə yarayır?

Bir çox analitiklər son illərin iqtisadi sanksiyalarını elə də səmərəli saymırlar. Onların fikrinin ana tezisi və əsas arqumenti budur ki, bir çox hallarda sanksiyalar ölkə iqtisadiyyatını zəiflədir və bununla da xalqı daha zəif salaraq hər şəraitdə varlanan diktatordan daha da asılı vəziyyətə gətirir. Düzdür, diktator üçün də idarəetmə əvvəlki kimi əsan olmur, amma bununla belə, o, xalqı daha çox kasıb salmağa və onun gündəlik həyat uğrunda mübarizə ilə başını qatmağa imkan tapır. Belə olan halda, AB və ABŞ-ın növbəti paket sanksiyalarının effekti də müzakirə və mübahisə mövzusudur.

Lakin burada bir çox xüsusi nümunəni gözdən qaçırmaq olmaz. Məsələn, daha çox enerji ehtiyatları olan və Çin kimi ciddi bazarı olan İrana Qərbin qoyduğu sanksiyalar öldürücü olmasa da, onu yarımcan etməyə kifayət etmişdi. Belarus isə xammal bazarında ciddi payı olmayan təsərrüfat ölkəsidir. Onun inkişaf etməmiş hərbi sənayesinin özündən daha qüvvətli Rusiya və Ukrayna kimi rəqibləri var. Nəzərə alsaq ki, Rusiyanın hərbi sənayesinin hər “qəpiyə” ehtiyacı var, deməli, orada Belarusa ciddi bir nəfəslik olmayacaq. İrandan fərqli olaraq, Belarusda narazı kəsim həm də etirazçıdır. Bu isə “Batka” üçün yeni sürprizlərin ola biləcəyindən xəbər verir.
Müəllif: Seymur Həzi //PRESSKLUB.AZ//